Şəfa Vəli “Poçtalyona məktub”nu təqdim etdi…

Yanvarın 25-i Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda gənc yazar, prezident təqaüdçüsü Şəfa Vəlinin şeirlər kitabının imza törəni keçirildi. “Poçtalyona məktub” adlanan kitabın redaktoru Əkbər Qoşalı, ön sözün müəllifi Elçin İsgəndərzadədir.

Müstəqil.Az xəbər verir ki, tədbiri giriş sözü ilə AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcid açaraq Şəfa Vəlinin uğurları haqqında ətraflı məlumat verdi. O,  qeyd etdi ki, Şəfa Vəli əyalətdə yaşasa da, aktiv ədəbi fəaliyyətdə olduğu üçün xüsusi hörmətə layiqdir. Rəşad Məcid giriş nitqindən sonra tədbirin aparıcılığını Fərqanə Mehdiyə həvalə etdi.

Fərqanə xanım çıxışnda Şəfa Vəlinin yaradıcılığından bəhs etdikdən sonra ilk sözü “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsə verdi.

Daha sonra “Azərbaycan” jurnalının poeziya şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadə müəllif haqqında maraqlı məqaləsini iştirakçıların diqqətinə çatdırdı.

Tədbirdə iştirak edən ziyalılardan İlqar Türkoğlu, Oqtay Rza, Faiq Balabəyli, Dayandur Sevgin, Varis Yolçuyev, Azadə Taleh, Narıngül Nadir, Ofelya Mədətqızı və başqaları Şəfa Vəlini təbrik edərək yeni-yeni yaradıcılıq uğurları dilədilər.

Müəllifin qələm dostlarından gənc yazarlar Xəyalə Sevil, Taleh Mansur, Günay Həsənli, Gülnarə İsrafil, Allahşükür Ağa, Oğuz Alparslan (Ruslan Nadir), Leyla Namazova, Əntiqə Səməndər, Manaf, Şəhriyar Seyidoğlu, Amil Ağayev, Pərviz Axundlu və başqaları Şəfa Vəli yaradıcılığının özünəməxsusluğundan söz açdılar. Nuranə Nur, Şahanə Müşviq və Afət Viləşsoy həmkarlarının maraqlı şeirlərindən səsləndirdilər. Gülnar Səma təqdimatı keçirilən kitab haqqında yazdığı “Şəfa Vəlinin “Poçtalyona məktubu” məqaləsini oxudu.

Ailəsinin dəstəyi və dostlarının əhatəsində möhtəşəm kitab təqdimat gerçəkləşən müəllif sonda əməyi keçən hər kəsə təşəkkürlərini bildirdi.

Müstəqil.Az

 

Share: