Rüşvət üstündə tutulan psixiatr azadlığa buraxıldı

Rüşvət ittihamı ilə saxlanılan Lerik Rayon Mərkəzi Xəstəxanasının psixiatr-həkimi Balaş Təhməzovun məhkəməsi yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda B.Təhməzov və onunla birlikdə təqsirləndirilən Adil Zərbiyevə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs 6 il müddətə azadlıqdan məhrum edilib. Onların barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmaqla cəzaları şərti hesab olunub.

Balaş Təhməzov və Adil Zərbiyev barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək onlar məhkəmə azadlığa buraxılıb.

Qeyd edək ki, Şirvan şəhər sakini Adil Zərbiyev bir qrup Sabirabad rayon və Şirvan şəhər sakinlərinə guya əlillik dərəcəsi təyin etdirəcəyini vəd edib aldadaraq 2019-cu ilin sonlarında onlara məxsus ümumilikdə 9 min 500 manat pul vəsaitini ələ keçirib və onları vəzifəli şəxsə rüşvət verməyə təhrik edib. O, bu əməlləri Lerik Rayon Mərkəzi Xəstəxanasında psixiatr-həkim vəzifəsində çalışan Balaş Təhməzovla cinayət əlaqəsinə girərək törədib.

Adil Zərbiyev və Balaş Təhməzova Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə) və digər maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Amin Nəzərli

 


Share: