“Rusiya Qarabağda ermənilərə azadlıq vermək niyyətində deyil”

Bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Rusiyanın məqsədi Azərbaycanı Avrasiya İttifaqına, KTMT təşkilatına üzv etməkdir:

“Əvvəla, Xankəndində Azərbaycan bayrağının tezliklə qaldırılması ordan ermənilərin kütləvi getməsinə səbəb olacaq. Onlar qovulmayacaq, sadəcə özləri qorxu, nifrət, qürur və müxtəlif hissləri rəhbər tutub, “de-facto” idarə etdikləri ərazini tərk edəcəklər. Bu isə Rusiyaya sərf etmir, çünki o halda Rusiyanın ərazidə qalmasına ehtiyac qalmır. Şahid olduğunuz kimi Rusiya əlindən gələni edir ki, ermənilər geri qayıtsın. Erməniləri Qarabağa qaytarmaqla Rusiyanın məqsədi onlara azadlıq vermək kimi anlaşılmamalıdır. Qarabağın müstəqilliyi perspektivi beynəlxalq hüquq, gerçək geosiyasi vəziyyət, relyef və digər aspektləri nəzərə alsaq, sıfıra bərabərdir. Ermənistan rəsmilərininin və yerli ermənilərin azadlıqla bağlı fikirləri isə gerçəkliklə uzlaşmır ki, təbliğat xarakterlidir. Rusiyanın məqsədi Azərbaycanda Qarabağla bağlı qıcıq, əsəb yaradan məsələləri mərhələli şəkildə həll etməklə, Azərbaycanı Avrasiya İttifaqına, KTMT təşkilatına üzv etməkdir. Texnikanın ərazidən hissə-hissə çıxması da bu qəbildən olan ardıcıl siyasətin bir hissəsidir. Texnika çıxır, əvəzində bir həftə sonra Ermənistana 3 erməni təhvil verilir, yəni, qızğın siyasi alver gedir. Nəticədə ermənilər də Rusiyaya təşəkkür edir, azərbaycanlılar da. Razılaşın ki, arada vasitəçi ancaq Rusiya sülhməramlılarıdır.

Bir də unutmayaq ki, Rusiyanın Qarabağda prioriteti erməni yaraqlılarını qorumaq deyil, çünki onlar onsuz da ciddi qüvvə deyil. Sözügedən texnika müharibə dövründə də hədəf idi, indi də “bayraktar”ın hədəfi ola bilər. Lap qalsa belə, həmin texnika ilə erməni nə edə bilər ki? Heç nə? Odur ki, Rusiya prioritet saymadığı, ancaq Azərbaycan tərəfdə Qələbəyə kölgə salan fəsadları aradan qaldırmaqla həm də ermənilərin əsir saydığı cinayətkarların geri qaytarılmasına nail olur.

Qarabağdakı qondarma rəhbərliyin taleyi isə azad edilmiş ərazilərə azərbaycanlıların qayıdışı və orda həyatın bərpası ilə həll olunacaq.

Məncə növbəti mərhələ Laçın şəhəri ərazisindən ermənilərin çıxarılması və bəyanatda göstərilən Xankəndi Ermənistan dəhlizinin tikintisi olacaq. Bu dəhliz Qarabağda idarəetməyə bizi bir addım da yaxınlaşdıracaq”.

Müstəqil.Az 

Share: