Rubl və lirə ölür: manatın taleyi necə olacaq… – Daha bir proqnoz

ABŞ sanksiyalarının növbəti neqativ təsirləri Rusiya birjalarında müşahidə edilməkdədir.

Müstəqil.Az xəbər verir ki, bu haqda iqtisadçı Samir Əliyev yazıb. Ekspert bildirib ki, fond birjalarının qırmızıya “boyanması” ilə yanaşı, rubl da digər valyutalara münasibətdə mövqeyini itirməkdə davam edir:

“Artıq bəzi banklar dolları 65 rubldan da baha satmağa başlayıb. Nisbətən oxşar taleni türk lirəsi də yaşayır. Məlumdur ki, hər iki ölkə qonşu olmaqla yanaşı, Azərbaycanın əsas ticarət tərəfdaşları sayılır. Xüsusən də Rusiya qeyri-neft ixracımızda, daha dəqiq desək, xammala əsaslanan ixracımızda əsas rolu tutur. Hər iki ölkədə milli valyutaların ucuzlaşması haqlı olaraq cəmiyyətdə manatla bağlı narahatlıqları artırıb. Mərkəzi Bank üzən məzənnə siyasətinə keçidi elan etməsinə rəğmən, manatı əvvəlki qaydada tənzimləyir. Manatın qorunması üçün zəmin var. Belə ki, neft 40 dollardan bahadır. Tədiyyə balansının vəziyyəti manatın xeyrinədir. Nə qədər ki, neft indiki səviyyədədir, manatı təhlükə gözləmir”.

İqtisadçının sözlərinə görə, Mərkəzi Bank qeyri-neft ixracını stimullaşdırmaq üçün manatı ucuzlaşdıra da bilər, daxildə sabitliyi qorumaq üçün indiki səviyyədə saxlaya da:

“Hər halda, yuxarıda göstərdiyim iki amildən biri baş verməzsə, manatı yaxın dövrə ciddi təhlükə gözləmir. Rusiyada baş verənlər isə bir müddət sonra sabitləşəcək. Ancaq qarşıda şimal qonşumuzu çətinliklər gözləyir”.

Share: