Daxili işlər nazirindən qəribə qadağan…Qulaqcıq taxan piyadalar cərimə olunacaq…

“Hakimiyyət ölkəyə qadınlar üçün çimərlik paltarının, bikininin, şortiklərin gətirilib satılmasına da qadağa qoyub”
Müstəqil.az Lenta.ru-ya istinadən xəbər verir ki, Türkmənistanda hüquq-mühafizə orqanları küçədə qulaqcıq taxıb musiqi dinləyən Aşqabad sakinlərini cərimə etməyə başlayıblar.
Qeyd olunur ki, bu cür hallar aprel ayının əvvəlindən baş verir. Türkmənistan paytaxtının sakinləri deyirlər ki, onları saxlayıb cərimələyən polislər “yeni qanuna” əsaslansalr da, hələ o qanunu cərimə olunan heç bir piyadaya göstərməyiblər.
Polislər öz hərəkətlərini onunla əsaslandırırlar ki, musiqiyə qulaq asan piyada arxadan və ya yandan gələn maşının səsini eşitmir, nəticədə qəza baş verir. Onlar yol hadisələrinin sayını azaltmaq istəyən daxili işlər nazirinin hansısa əmrinə əsaslandıqlarını deyirlər.
Türkmənistanda qəzaların azalması üçün çoxlu qadağaların olmasına baxmayaraq, yol nəqliyyat hadisələri tez-tez baş verir. Bura təhlükəsizlik yastıqları olmayan avtomobillərin gətirilməsinə və  qadınların maşın sürməsinə qoyulan qadağa da daxildir. Düzdür, hərdən maşın sürən qadınlara rast gəlmək olur, amma sürücülük vəsiqəsinin müddəti bitibsə, onu uzada bilməzlər. Yol polisində vəsiqənin müddətinin uzadılması ilə əlaqədar sənədlər götürülmür.
5 apreldə məlum oldu ki, Türkmənistan hakimiyyəti ölkəyə qadınlar üçün çimərlik paltarının, bikininin, şortiklərin gətirilib satılmasına qadağa qoyub. Paltarsatanlar deyir ki, özəl mağazalar qalan çimərlik paltarlarını və şortikləri ucuz qiymətə satmağa başlayıblar, gömrük xidməti onların bir daha gətirilməsinə imkan vermir. Adının anonim qalmasını istəyən Gömrük xidmətinin əməkdaşı qadağanın “türkmənlərin əxlaq normaları ilə uyğunlaşması” ilə əlaqələndirib, “yəni türkmən qızları çimərlik paltarı geyinə bilməz”.

Share: