Rektorun otağında sevişən tələbələr – Cinayət işi açıldı

Müstəqil.Az PeykTv.az-a istinadla  “Sevgi əhvalatları” layihəsində növbəti yazını təqdim edir.

 

Universitetə təzə daxil olmuşdum. Çox sevincliydim və özünəgüvən hissim daha da artımşdı. Yaxşı şəraitli, səliqəli bir ev də kiralamışdım. Özümə yaxşı baxırdım, şalvarımın ütüsü boğaz kəsərdi, saçlarımı yüz dəfə darayıb, bir dəfə evdən çıxırdım, yeməklərimi elə gözəl hazırlayırdım ki, masaya çatmamış yeyib bitirmək istəyirdim. Universitetə yüksək balla girdiyim üçün özümü bu şəkildə mükafatlandırırdım. İçmirdim, çəkmirdim. Türkiyədən sifariş verdiyim brend ətirin iyi bütün universiteti başına götürürdü. Bəlkə də hansı mərtəbədə, hansı auditoriyada olduğumu dostlarım ətrimin qoxusu ilə bilirdilər.

O vaxtlar bir az cavan, bir az da yaraşıqlıydım. Tanıdığım bütün qız tələbə yoldaşlarım mənimlə öpüşmək istəyirdi. Çünki söhbət edəndə gözlərini dodaqlarımdan çəkmirdilər. Vəziyyət o yerə gəlib çıxmışdı ki, bəzi qızlardan özümü gizlətməyə çalışırdım. Ancaq ətrimin iyi həmişə məni ələ verirdi.

Hər dəfə auditoriyanın bir küncündə səssiz-səmirsiz oturan, heç kəslə kəlmə kəsməyən bir qız diqqətimi çəkirdi. Bütün qızların gözü məndə olanda mənim gözüm o qızda qalırdı. Bir dəfə də başını qaldırıb dodaqlarıma baxmamışdı. Qapqara uzun saçlarının altında gizlənməyə çalışırdı. Gözlərinin cazibəsi Yerin cazibəsindən əlli dəfə çox olardı. Geyimindən hiss edirdim ki, çox kasıbdır. Ancaq nə geyinsəydi ona yaraşırdı. Bütün paltarlarını yaxından tanıyırdım. Ən çox xoşuma gələn dizinəcən qısa, sinəsiaçıq qara donuydu. Hər dəfə o donu geyinəndə başım hərlənirdi. Sinəsinə səpələndiyi üçün saçlarının yarısına acığım tuturdu.

Bir gün köhnə paltarımı geyindim, saçlarımı daramadım, heç ətirlənmədim də. Bununla qızların gözündən uzaq qalacağıma və həmin uzunsaç, kasıb qızın geyim səviyyəsində olacağıma inanmışdım. Dərsdən sonra evinə tələsən və dizəcən qısa, sinəsiaçıq qara donunu geyinmiş həmin qıza yaxınlaşdım. Həyəcanımı yenmişdim. Ona yazdığım şeirlə sözə başladım. Mən şeiri bitirəndə üzümə baxıb ala-yarımçıq gülümsədi. Başqa nə deyəcəyimi bilmirdim. İkimiz də susub yeriyirdik. Xeyli getdikdən sonra incə səslə «sabah universitetdə danışarıq» dedi. Donub qaldım, ayaqlarım açılmadı. O, məndən uzaqlaşdıqca uzaqlaşırdı. Bilmirdim gülüm yoxsa ağlayım. Özümü hansısa zirvəni qət etmiş alpinist kimi hiss edirdim. Haçandan-haçana özümə gəlib evə qayıtdım.

Səhərin gözü açılmamış universitetdəydim. Həmişəkindən daha səliqəli geyinmişdim. O qədər duxulanmışdım ki, elə bil ətir vannasında çimmişdim. Onun uzaqdan gəldiyini görəndə dizlərim əsməyə başladı. Həyəcandan içimə sanki yekə bir daş düşmüşdü. Nə edəcəyimi bilmirdim. Özü yaxınlaşıb dünyanın ən gözəl salamını verdi. Sonra əlavə etdi ki, sonuncu dərsə girməyib filan otaqda görüşərik.

Həmin gün dərslərimin hər biri bir gündən uzun çəkdi. Müəllimin danışdığı Pifaqor teoremi mənimçün dünyanın ən gözəl sevgi etirafı idi. Bütün fənləri sevgi şeirləri kimi eşidirdim. Son dərsin içəri zəngi çalınan kimi özümü onun dediyi balaca otağa atdım. O içəri girib qapını bağlayanda həyəcandan ölmədim. Birbaşa mənə yaxınlaşdı. Özümdən aslı olmadan dal-dala gedib partaya dəyib dayandım. Bir qarışlığımdaydı. Nəfəsini axşam üç dəfə aşağı-yuxarı qırxdığım üzümdə hiss etdim. İkimiz də kəlmə kəsmədən bir-birimizin gah gözlərinə, gah da dodaqlarına baxırdıq. Sonra özümüzdən aslı olmadan öpüşməyə başladıq. Onun dodaqları dodaqlarımın arasında titrəyirdi. Elə öpüşürdük ki, elə bil zaman dayanmışdı.

Həmin gündən sonra hər gün sonuncu dərsi o balaca otaqda keçirdik. Müəllim də, tələbə də özümüz idik. Sevginin bütün fəsillərini, mövzularını bir-birimizə əzbərdən başa salırdıq. Gah mən müəllim olurdum, o tələbə, gah da o müəllim, mən tələbə olurdu. Mən müəllim olanda dərsi sevgi şeirləri ilə yola verirdim. O müəllim olanda isə otağa girən kimi qapını arxadan kilitləyib soyunmağa başlayırdı. Bir-birimizə baxa-baxa elə soyunurduq ki, elə bil yarış keçirirdik.

Aylar sonra təzə vəzifəyə getmiş hansısa qohumunun xahişi ilə rektorumuz onu özünə katibə götürdü. Artıq dərslərə də girmədi. Bütün günü rektoratlıqda otururdu. Sənəd-sünədlə başını qatırdı. Heç sonuncu dərsə də gəlmirdi. Bir neçə gündən sonra məni rektorun otağına çağırdı. Axşama az qalmışdı deyə hər kəs evinə getmişdi. Tək-tük tələbə qalmışdı, onun da ikisi biz idik. Hamı evinə tələsirdi, biz isə rektorun otağında, kondisionerin altında, yumşaq divanın üstündə sevişirdik. Hər günümüz belə davam edirdi.

Sən demə, universitetin gizli video-kameralarına baxan işçi hər gün bizim seks videolarımızı izləyirmiş. Bezəndən sonra ən gözəl seks videolarımızdan birini rektora təqdim edib. Rektor seks videomuza iki dəfə axıracan baxandan sonra bizi çağırdı. Özünü toparlayıb ikimizi də danladı.

Sonra gözümüzü polis bölməsində açdıq. Artıq cinayət işi açılmışdı. Məhkəməyə qədər bölmənin müvəqqəti saxlama kamerasında dəfələrlə sevişdik. Onun təzə vəzifəyə gedən qohumu kim idisə sağ olsun, bizə məhkəmədə bəraət verib universitetə göndərdilər. Hər gün sonuncu dərsi ilk sevişdiyimiz balaca otaqda keçirirdik. Hər dəfə də elə sevişirdik ki, elə bil bir-birimizə ilk dəfə idi yaxınlaşırdıq. Hamı bizim balaca otağa niyə girdiyimizi bilirdi. Ancaq normal qarşılayırdılar. Sanki elə belə də olmalıydı. Bəlkə də həmin otağa yataq dəsti qoyulmağını da istəyirdik. Bəlkə də rektora desəydik, öz otağında, kondisionerin altında, yumşaq divanın üstündə sevişməyimizə icazə verərdi.

Elşad Barat

Share: