Prezidentlər göydə necə qorunur: inanılmaz hərbi imkanlar – Yeni ölüm üsulları

Beynəlxalq aləmdə hamı tərəfində qəbul edilmiş qaydalar var: Ali Baş Komandanın həyatı qorunur, təhlükəsizliyi təmin olunur. İstər ABŞ olsun, istər Fransa, istərsə də Azərbaycan – dövlət başçısının təhlükəsizliyi üçün məsuliyyəti birbaşa ölkənin təhlükəsizlik orqanları, xüsusi mühafizə xidmətləri daşıyırlar. Bəzi ölkələrdə həmin xidmətlər olduqca geniş səlahiyyətlərə, bir çox hallarda xüsusi statusa malikdirlər. Və tam məxfi şəraitdə işləyirlər. Bu, təbii haldır, çünki terrorizmin tüğyan etdiyi şərait bunu tələb edir.

Müstəqil.Az Peyktv.az-a istinadla dünyanın ən məxfi strukturu haqda araşdırmanı təqdim edir:

 

Qanadlı “ev”

 

Prezidentlər səmada – təyyarədə olarkən də ciddi qorunurlar. Elə bu səbəblərdən də onların səmada qəzaya uğrama ehtimalları azdır. Yəqin elə buna görədir ki, prezident təyyarələri üçün heç paraşüt də nəzərdə tutulmur.

Mütəxəssislər hesab edirlər ki, ABŞ prezidentinin qanadlı “ev”i dünyada ən baha və ən yaxşı mühafizə edilən obyektdir.

Onun ən adi parametrləri də zəhmli təsir bağışlayır.

Diqqət yetirin – prezident “Boinq”inin uzunluğu 70 metr, çəkisi 375 min tondur. Saatda 1128 km sürətlə məsafə qət edir. Alman mənbələrinin məlumatına görə, ABŞ prezidentinin təyyarəsi xüsusi elektron cihazlarla təchiz olunub. O, hətta nüvə partlayışının yaratdığı maqnit burulğanına belə davam gətirir. Raket həmləsi də onun üçün təhlükə yaratmır.

Çünki həmin anda prezident təyyarəsinin gövdəsindən həmləni dəf etmək və yayındırmaq üçün çoxlu sayda yalançı hədəflər ayrılır. Ən maraqlısı isə odur ki, prezident təyyarəsi havada tam bir həftə fasiləsiz qala bilir. Bu zaman elə havadaca yanacaqla təmin edilir. Elə təyyarənin özündə də lazımi qədər ehtiyat benzin götürülür.

Prezident təyyarəsini səmada on qırıcı müşayiət edir. Səfərə gedərkən prezident təyyarəsinə ən azı 5 “limuzin”, jurnalistlər üçün avtobus və bu kimi digər xırda şeylər yüklənir.

Təyyarədə prezidentin sərəncamıda xidməti kabinet, iki çarpayılıq yataq otağı, konfrans zalı olur.

Təyyarədə həmçinin 12 ədəd televizor, başqalarının qulaq asa bilmədiyi 15 telefon aparatı, internet, kömpüterlər var.

 

Kimyəvi təhlükə

 

Təyyarə enərkən də çox güclü mühafizə olunur. Ona yaxın düşmək mümkün olmur. Məsələn, 11 Sentyabr hadisələri zamanı Ağ Evin terrorçuların hədəfinə tuş gəlməsi ehtimalı zamanı prezident Corc Buş bu təyyarədən istifadə edərək təhlükəsizliyini təmin etmişdi.

Zaman keçdikcə dövlət başçılarının mühafizəsinə ayrılan xərclər artır. Çünki terrorçular, killerlər keçmiş vaxtlara nisbətən daha müasir və daha dəhşətli silahlara malikdirlər. İndi odlu silahlar dəbdən düşüb. Onları effektiv, gözlə görünməyən, qan tökməyən, ən əsası heç bir iz qoymayan kimyəvi maddələr əvəz edib.

Bəzi terrorçu qruplaşmalar hərbi məqsədlər üçün nəzərdə tutulmuş “BX” tipli, sinir sistemini iflic edən zəhərli fosfor birləşmələr, bircə damcısı yüzlərlə adamı məhv etməyə qadir olan zoman və zarin və s. adda kimyəvi ölüm silahlarına malikdirlər.

Sintez edilmiş fosfor tərkibli üzvi maddədən bircə damcının istənilən xırda gölməçəyə düşməsi kifayətdir ki, həmin gölməçənin üstündən keçən hər hansı avtomobilin sərnişinləri müəmmalı şəkildə ölsünlər.

Yaxud bu cür damcının yüzdə bir hissəsini telefonun dəstəyinə, qapının əl tutan yerinə sürtmək telefonla danışacaq, qapının dəstəyinə əl vuracaq adamın bəri başdan ölümü deməkdir. Ən əsası isə odur ki, cəmi bir neçə saatdan sonra həmin maddənin nə töküldüyü yerdə, nə də həlak olanların bədənində izi qalır.

Maraqlıdır ki, belə maddələri hazırlamaq kimyadan bir balaca savadı olanlar üçün çətin deyil. Ayrı-ayrı şəxslərin müxtəlif ölkələrdə belə madələri hazırlayıb satmaları haqda məlumatlar var. Özünüz düşünün, həmin maddələri xüsusi instruksiya almış istənilən adam, istənilən adla (saxntexnik, çilingər, sanitar və s.) istənilən yerə, o cümlədən mühüm dövlət obyektlərinə, oradakı kabinetlərə asanlıqla keçirə bilər.

Doğrudur, hələlik dövlət başçılarına qarşı bu maddələrdən istifadə olunmayıb. Ancaq tanınmış, nüfuzlu şəxslərə qarşı belə maddələrin tətbiq edildiyi faktları var. Məsələn, bəzi ölkələrin kəşfiyyat strukturu arzuedilməyən şəxsləri bu silahla aradan götürür. Rusiya və Böyük Britaniya arasında hazırda davam edən soyuqluq da agent Skripalın zəhərlənməsi faktı ilə bağlıdır.

Share: