Orxan Camal əslində kim olub? – Həmid Herisçidən heç yerdə eşitmədiyiniz FAKTLAR

İki gün öncə xalqımızın böyük oğlu Heydər Camalın tək yadigarı, dünya şöhrətli jurnalist Orxan Camal Mərkəzi Afrikada sənədli film çəkərkən qətlə yetirildi. Publika.az tanınmış jurnalist, yazıçı Həmid Herisçi ilə Orxan Camalı yad etdi.

– Həmid bəy, Orxan Camalın simasında yaxın dostunuzu, sirdaşınızı itirmisiniz. Acınız böyükdür. Sizə səbr diləyirəm.

– Təşəkkür edirəm.

– Orxan Camal iki il öncə dünyasını dəyişən Azərbaycanın qüruru Heydər Camalın oğlu idi. Bildiyim qədərilə Heydər bəylə də yaxın münasibətiniz vardı.

– Heydər Camal Azərbaycanın qərib oğludur. O, Rusiyanın siyasi elitasının parlaq ulduzu idi. Onun, eləcə də Orxanın üzünə bütün qapılar açıq idi. Hətta deyərdim, həmin qapıları digərlərinin üzünə Heydərlə Orxan özləri açırdılar. Heç yadımdan çıxmır, bir dəfə Moskvada bir iclasa Heydər Camal və Orxanla birgə qatılmışdıq. Azərbaycanın ünvanına mənfi ifadələr işlədildi. Cavab verdim ki, burada iki nəfər azərbaycanlı (özümü və Heydər Camalı nəzərdə tutmuşdum) var. Niyə xalqımız haqda nalayiq fikirlər söyləyirsiniz? Orxan yerindən qalxdı və dedi ki, 2 yox, 3 nəfər azərbaycanlı var. Bu insan Rusiyada doğulub böyümüşdü. Amma vətən sevgisi damarında axırdı. Azərbaycanın başını bürüyən problemlərə münasibəti, can yandırıb şərh verməyi, vətən qeyrəti doğrudan da çox xoşagələn idi. Heydərin vəfatından sonra onun ətrini, nəfəsini Orxandan almağa başladıq. Özü də yalnız biz deyil, bütün Rusiya… Rusiyada Heydər Camalın, yaxud Orxanın qanadının altından keçməsəyənin yazıçı, jurnalist kimi ulduzu parlaya bilməzdi.

– Lakin bizim yazı əhlimiz, ümumilikdə cəmiyyətimiz bu dühalardan faydalanmadı.

– Çünki biz ancaq nöqsanları görmək istəyirik. Yaxşı işlərə dəyər verməyə alışmamışıq. Əsli-kökü azərbaycanlı olanda da erməni qanı axtarırırıq. Ağır olsa da, bu fikri səsləndirəcəm. Biz ağıllı azərbaycanlıları sevmirik. Şairi də çayxana səviyyəsində xoşlayırıq.

– Doğru vurğuladınız. Hətta rus və digər dillərdə danışan ziyalılarımıza düşmən gözündə baxırıq.

– Əlacımız olsa, Nizamiyə də, Füzuliyə də deyərik ki, azərbaycanlı deyillər. Nəsimi isə suriyalıdır. Dar çərçivə ilə kifayətlənirik. Canımızda dünyəvilik yoxdur. Buna görə də Heydər Camal və oğlunun imkanlarından istifadə edə bilmədik. Azərbaycanda yeganə insanam ki, onlardan sözün yaxşı mənasında faydalanmışam. Demirəm ki, karyeramda, irəliləməyimdə onların yardımı olub, amma yazılarını oxumuşam, yanlarında olmuşam. Təsəvvür edin ki, bütün müsəlman ictimai-siyasi mühitindən hale idilər. Heydər Camalın Cövhər Dudayev, Şamil Basayev, Nursultan Nazarbayevdən tutmuş, onlarla ictimai-siyasi xadimlərlə, mühüm simalarla yaxın münasibəti var idi. Dəfələrlə bizim bağımızda olanda Londonun meri ilə telefonla danışırdı. Yəni olduqca geniş əlaqələrə malik idi. Bu iki insan dünyanın vətəndaşları idilər. Millilik və bəşərilik yalnız kamil insanda vəhdət təşkil edir.

Картинки по запросу Orxan Djamal

– Heydər bəyin yadigarı Orxan Camalı sizin dilinizdən tanımaq istərdim.

– Orxan dağçı, eyni zamanda dalğıc idi. 70 metr dərinliyədək dala bilirdi. Hərbi hava qüvvələrində paraşütçü olub. İdman ustası idi. Bir çox medalları vardı. Bundan əlavə, yeraltı mağaraların tədqiqində çox peşəkar mütəxəssis idi. Hətta Əlcəzairin minalanmış gizli mağaralarının təmizlənməsi, xəritələrinin çəkilməsi ilə də məşğul olmuşdu. Heç unutmuram, bir dəfə bizim Nardarandakı bağ evimizdə oturmuşduq. Həyətdə sərt qaya gördü. Dedi, bu qayanı insan fəth etməsə, gələcəkdə sizə zərəri toxunacaq. Gözümün önündə heç bir alət, ip olmadan barmaqları ilə sərt qayanı yerindən oynatdı.

– Birgə gözəl xatirələrinizdən danışardınız. Orxan Camal Azərbaycana tez-tez gəlirdi?

-Əlbəttə. Vaxtaşırı Bakıya gəlirdi. Bağ evimizdə tez-tez qonaq olurdu. Novruz bayramında da görüşmüşdük. İçərişəhərə gedərdik. Ancaq son dəfə gələndə nə isə baş verdi, görüşə bilmədik. Bəlkə bu da Allahın qisməti idi. Heydər də, Orxan da sanki bizim ailə üzvlərimiz idilər. Həyat yoldaşım İlhamiyyə xanım da çox sevirdi onları. O qədər parlq xatirələrimiz var… Orxanın gəncliyi Robin Quda bənzəyirdi. Yaşı ötdükcə isə çılğın surətindən çıxıb sanki atasına dönürdü. Siması, danışığı, səsi, düşüncələri də eynən atasına bənzəyirdi. Biz artıq onun timsalında Heydər Camalı görməyə başlamışdıq. Onlar intellektual, savadlı, aristokrat şəxsiyyət idilər. Belə insanlardan artıq olmayacaq. Orxan mənim üçün sehirli çubuq idi. Hansı məlumatı istəsəm, axtarıb tapırdı. Ümumiyyətlə, ata-oğul ekstrim yazıçı, jurnalist idilər. Möhtəşəm araşdırmaları vardı.

– Həmid bəy, Orxan Camalın qətl edilməsinin səbəbini nə ilə əlaqələndirirsiniz?

– Futbol üzrə Dünya Çempionatına Mərkəzi Afrika Respublikasının prezidenti də gəlmişdi. Rusiyada olduğu müddətdə Putindən xahiş edib ki, ölkəmizdə vəziyyət dözülməzdir, yardım edin, amma nəticə olmadı. Bu hadisədən bir müddət sonra Orxanın Afrikaya yollandığını öyrəndim. Bu artıq böyük təhlükə idi. O şəhid olanda mən bir yandan sevindim. Çünki həmişə deyirdi ki, ən böyük arzum şəhidlik zirvəsidir. İstəyirəm al qanım torpağa yayılsın. İstədiyi kimi də dünyadan köçdü.

– Ümumiyyətlə, simasından, göz ifadəsindən cəsurluq yağırdı.

– Onun üçün qorxu anlayışı yox idi. Məsələn, Tailandla Myanmanın sərhədində cəngəlliklər var. Orxan Camal uzun müddət həmin ərazidə işləyib, 14-15 yaşlı oğlanlardan ibarət ordu tapmışdı. Bu haqda “Ağ saçlı əsgərlər” adlı çox gözəl məqalə yazmışdı. Hətta bu məkan haqda reportjlar hazırlayıb, MDB-nin ən nüfuzlu jurnallarında dərc etdirmişdi. Azərbaycanla bağlı çox yazıları vardı. Bir maraqlı məqamı da bölüşüm sizinlə.

– Buyurun.

– Bilirsiniz də, Liviyada çevriliş edənlər ərəb əsgərlərinin qiyafəsinə bürünmüş fransız və ingilis xüsusi təyinatlıları idi. Həmin döyüşdə Orxan yaralanmışdı. Əminəm ki, onu xilas edən avropalı xüsusi təyinatlılar olub. Ərəbə bənzəmədiyini görüb, yardım ediblər. Bu qarşıdurmada Axilles kimi dabanından vurub, yaralamışdılar. Hətta həkim demişdi ki, ayağı amputasiya olunmalıdır. 2-3 il müddətində qızdırma və amansız ağrılarla yataq şəraitində qalıb. İlizarov üsulu ilə sümüyü yetişdirilib və ayağa qalxıb. O belə qəhrəman idi. 8 dəfə əməliyyat masasına yatıb. Amma həyatın sınaqlarından həmişə mərd çıxıb.

Картинки по запросу Geydar Orxan Djamal

– Çox məyus oluram. Belə mükəmməl ata-oğul düşmənlərimizin həmvətəni olsaydı, bunu dünyaya bar-bar bağırırdılar.

– Bilirsiniz necədir? Biz bu əyalət təfəkküründən ayrılmalıyıq. Dünyəvi düşünmək gərəkdir.

– Vətənpərvər insanın yurd sevgisi aldığı nəfəsdən, atdığı addımdan duyulur. Elə deyil?

– Orxan Azərbaycanda yediyi hər meyvədən, təamdan böyük zövq alırdı. Qürurla deyirdi ki, dünyanın heç bir yerində belə ləzzətli meyvələr yetişmir. Hətta Nardarandakı pirə maşınla yox piyada getmişdi. Deyirdi, müqəddəs yerlərə maşınla getmək olmaz. Bu insan Rusiyada anadan olmuşdu. Dilimizdə də zəif danışırdı, amma bütün əməlləri, işləri Azərbaycan adına idi.

L’image contient peut-être : 4 personnes, dont Hamid Herischi, arbre et plein air

– Bizim üçün Orxan bəy Heydər Camalın yadigarı idi. Bəs Orxan Camalın özündən sonra yadigarı qaldımı?

– Gözünün ağı-qarası Mansur adlı oğlu var. Xanımı da məşhur jurnalist idi, amma ayrılmışdılar. Mənə deyirdi ki. həyatımın mənası Mansurdur, onun üçün hər şey edəcəm. İndi Mansur Sarayevo şəhərində nənəsi ilə yaşayır. Orada da təhsil alır.

– Bu sualım qəribə səslənə bilər, amma Orxan Camalla bağlı ən bədbin xatirəniz hansıdır?

– Bir dəfə Orxan Kabildən Bakıya uçmuşdu. Özu ilə birgə çərpələng alıb gətirmişdi. Amma nə qədər çalışdısa, çərpələng uçmadı. Bu əhvalat onunla bağlı ən kədərli xatirəmdir.

– Həmid bəy, kədərinizə, acınıza rəğmən vaxt tapıb bizimlə həmsöhbət olduğunuz üçün minnətdaram.

– Mən də bu acı günümə şərik olduğunuz üçün təşəkkür edirəm. Biz Orxanla hər gün danışardıq. Ən ağır günlərimdə ilk ona zəng edərdim. Qəlbən doğma olduğum ən sevimli dostum o idi. O da dünyasını dəyişdi.

Share: