Oruc Şahsuvarovun repressiya olunmuş əmiləri haqda xatirələri – Video

Tanınmış həkim, Elmi Cərrahiyyə Mərkəzinin Elmi işçisi Oruc Şahsuvarov Sovet imperiyası dövründə repressiya qurbanı olan qohumları Nurməhəmməd Şahsuvarov, Cahangir Şahsuvarov, Mürsəl Şahsuvarov, Surxay Şahsuvarov, Səməd Qədirxanoğlu, Qanboy Şahsuvarov haqda xatirələrini bölüşüb.

Müstəqil.Az “Qafqazinfo”-ya istinad edərək xəbər verir ki, Şahsuvarovlar nəsli haqqında AzTV-də süjet yayımlanıb.

Oruc Şahsuvarov qeyd edib ki, əmisi, İttihad partiyasının üzvü Məhəmməd Şahsuvarov 1883-cü ildə  Zəngəzur Mahalının Minkənd kəndində indiki Laçın rayonu ərazisində anadan olub. 1889-1903-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. 1915-ci ildə Dağıstan vilayətinin Teymurxan Şura şəhərinə təlimatçı təyin edilir. Şimali Qafqaz Dağlıları Respublikasında Xalq Maarifi naziri olub. 1919-cu ildə Bakıya gəlib Azərbaycan hökumətində nazir müavini olub. 1920-ci ildə Xalq Maarifi və Dini Etiqad naziri olub. 1938-ci il fevralın 27-də Nurməhəmməd Şahsuvarov DTK tərəfindən həbs edilib, 5 il müddətinə Krasnodar vilayətinə sürgün edilib. 1958-ci ildə Bakıda vəfat edib.

N.Şahsuvarovun oğlu fiziki-riyaziyyat elmləri doktoru Cahangir Şahsuvarov ömrünün sonuna kimi Moskvada yaşayıb.

Onun qardaşı Mürsəl və qardaşı oğlu Surxay Azərbaycan Cumhuriyyətinin Almaniyaya təhsil almaq üçün göndərdiyi tələbələrdən olublar. Onlar Azərbaycana qayıtdıqdan sonra İkinci Dünya Müharibəsi zamanı Almaniyada təhsil aldıqları üçün sürgün olunublar.

Səməd Qədirxanoğlu Şuşa Pedoqoji Texnikumunun direktoru olub, vətən xaini kimi repressiyaya məruz qalıb.

Şahsuvarlı nəslindən 7 nəfər repressiya qurbanı olub.

Qeyd edək ki, həmin illərdə Laçın rayonunun Minkənd kəndindən təkcə Şahsuvarlı nəslinin nümayəndələri yox, həmin kənddə yaşayan yüzlərlə ailə də repressiyanın qurbanı olub.
Bir tarixi məqamı da vurğulayaq ki, 1998-ci ilin mayın 27-də cumhuriyyətin yaradılmasının 80 illik yubiley tədbirləri ərəfəsində Ulu Öndər Heydər Əliyev tərəfindən 1918-1920-ci illər ərzində Azərbaycan Demokratik Respublikasının yaradan görkəmli şəxsiyyətlərin davamçıları ilə görüşə xüsusi dəvət edilən qonaqlar arasında Şahsuvarlı nəslinin nümayəndələri və Oruc Şahsuvarov, eləcə də Minkənddə repressiya qurbanı olmuş Əliqulu nəslinin yadigarı və nümayəndəsi Zakir Əliyevin ailəsi iştirak edib.

Minkənd kəndinin sakinləri həmçinin 1-ci və 2-ci Qarabağ münaribəsində öndə gedən Vətən oğulları sıralarında olublar. Bu günə kimi kəndin 17 sakini şəhidlik zirvəsinə ucalıb.

Müstəqil.Az

 

Share: