Nigar Eyvazova: “Axı hanı bu evin yiyəsi…” – “Varislər” rubrikası – Müsahibə

“Varislər”in bugünkü qonağı unudulmaz insan, şeirləri dillər əzbəri olan istedadlı şair, televiziya və teatrlar üçün qələmə aldığı pyesləri hələ də yaddaşlarda yaşayan dramaturq, sevilən yazıçı Camal Yusifzadənin ömür-gün yoldaşı Əntiqə Bağırova və qızı Nigar Eyvazovadır.

Tarixçi – şair

1941-ci ilin avqustunda, yurdumuzun cənib mirvarisi Lənkəranda gəlmişdi dünyaya. Orta məktəbi doğma Lənkəranda bitirən Camal Yusifzadə 1960-1965-ci illərdə BDU-nin Tarix fakültəsində ali təhsil almışdı. Hələ yeniyetmə yaşlarından şeir yazmağa başlayan şairin ilk şeiri 1963-cü ildə Lənkəranda çıxan “Leninçi” qəzetində işıq üzü görmüşdü. Camal Yusifzadə ədəbi fəaliyyətə də elə ilk şeiri çap olunan qəzetdə ədəbi işçi kimi başlamış, eyni zamanda Lənkəran şəhər 2 saylı orta məktəbdə tarix dərsi demişdi. Onun sonrakı həyatı və fəaliyyəti paytaxtla bağlı idi. Müxtəlif illərdə Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri işləmişdi.

Camal Yusifzadənin həyatının qalan hissəsi Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri QSC-də keçdi, onlarca ədəbi-dram verilişinin layihəsi, ərsəyə gəlməsi, sevilməsi onun adıyla bağlıdır. Pyesləri televiziyada, teatrlarda tamaşaya qoyulmuş, ona oxucu və tamaşaçı sevgisi qazandırmışdı.

– Əntiqə xanım, bu gün ötən il 80 yaşı tamam olan Camal Yusifzadədən danışacağıq. Camal müəllim atası Yusif kişinin adını bir ömür öz ədəbi təxəllüsü kimi yaşatdı və fiziki ölümündən sonra da bu adı oxucularının, dostlarının xatirəsində yaşadır. Kim olub Yusif kişi? Necə ailədə böyüyb Camal müəllim?

Beş uşaqlı dul qadın

Əntiqə Bağırova: – Yusif kişi İkinci Dünya müharibəsinə Sovet ordusu əsgəri kimi gedib, müharibədən qayıdıb və bir müddət sonra dünyasını dəyişib. Anası ibtidai sinif müəllimi işləyib. Camalgili ailədə beş uşaq olublar. Dörd qardaş, bir bacı. Camal ailənin ən kiçik övladı idi. Ailədə bütün uşaqlar savadlı, ziyalı olublar, hamısı ali təhsil alıb. Böyük qardaşı Arif müəllim Lənkəranda çay tədarükü üzrə ilk peşəkar mütəxəssis olub. Uzun illər Lənkəranda çay fabrikində işləyib, daha sonra Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifədə çalışıb, sonra da elmi dərəcə alıb və ömrünün sonuna qədər Lənkəran Dövlət Universitetində dərs deyib. İndi Lənkərandakı Arif Bağırov küçəsi onun adını daşıyır. Camal müəllimin anası Aliyə xanım əsrin əvvəllərində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda açdığı “Qızlar gimnaziyası”nda təhsil almışdı, oranın ilk məzunlarından olub. Çox nurani, mehriban, geniş dünyagörüşlü qadın idi. Böyük Hüseyn Cavid onlara dərs demişdi. Camalın ana babası Salman kişi də ziyalı olub. Hətta qızlarını Bakıya oxumağa göndərdiyi üçün Lənkəranda onu qınayırmışlar. Camalın xalalarının hamısı savadlı qadınlar idi. Kişi hamısını oxutdurmuşdu. Camalın dayılarının üçü həkim idi. Əmilərindən Türkiyədə yaşayanlar var. Dayılarının ikisi Səmərqənddə yaşayıb, indi onların ailələri ordadır.

– Bəli, ötən əsrin əvvəllərində Azərbaycanın əksər bölgələrində, xüsusilə cənub zonasında qız uşaqlarının təhsil alması unikal hadisə sayılırdı. Məncə, Salman kişi böyük ürək və cəsarət sahibi olmaqla yanaşı, həm də gələcək cənublu qızlar üçün yol açıb. Nə yaxşı ki, belə adamlarımız, böyüklərimiz olub.

– Əlbəttə, bu çox böyük hadisə idi o zona üçün. Camalın böyük qardaşı Arif müəllim gedib Türkiyədəki qohumları tapmışdı. Onların arasında tanınmış rejissor olanı, iş-güc adamı kimi tanınanı var.

Rəşt xanının qızı

Camalın atasının anası Mərziyyə xanım Rəşt xanının qızı olub. Babası qaçırtmışdı onu. Camal deyirdi ki, biz ona “ərüst nənə” deyirdik, “ərüst” sözünün farcadan tərcüməsi gəlin deməkdi. Ucaboy, gözəl, xanım-xatın qadın olub. Camalın əmiləri o zonada məşhur tacirlər kimi tanınıblar, Həştərxan limanında gəmiləri olub. Nəslin soyu-köyü qaramanlardan gəlir. Bu nəsilin əcdadları XII-XV əsrlərdə Orta Asiyada Qaraman bəylərbəyliyini yaradıblar. Camal maraqlanmışdı, Qara Yusifin qoşun başçıları arasında da Qaramanlar olub. Bu adamlar cəsur, qorxmaz, səxavətli, xəyanəti bağışlamayan igid nəsil kimi həmişə hörmətlə qarşılanıblar. Camalgilin nəsli XVII əsrin əvvəllərində Rizədən Azərbaycana köçüb. Camalın babası Lənkəranda qızlar üçün uşaq evi açıb. Kimsəsiz ailələrin qız övladları həmin evdə yaşayıb, həm də təhsil alıblar. Sonra Stalin sürgünə göndərmişdi o kişini.

– Camal müəllim ali təhsil alandan sonra bir müddət Lənkəranda həm qəzetdə, həm də məktəbdə işləyib. Bəs Bakıya gəlməyinin səbəbi nə olub? Kim dəvət eləyib onu? Kimə üz tutub gəlib?

Hörmətlə xatırlanan Rəsul Rza

– Əslində, konkret heç kəs dəvət etməyib. Bakıya gələndən az sonra rəhmətlik Rəsul Rza onu ensiklopediyada işə götürüb. Camal tələbə ikən ilk şeiri qəzetdə çıxıb. Tələbə yoldaşları onu həvəsləndiriblər. Beləcə, şeir yazmağa davam eləyib. Sonra Rəsul Rza Camalın şeirlərinə “uğurlu yol” yazıb, qəzetə göndərib. Yəni Rəsul Rzanı Camal həmişə hörmətlə xatırlayırdı. Camal tarixi yaxşı bilirdi. Onunla Azərbaycan tarixi ilə bağlı söhbət eləmək adama çox xoş gəlirdi. Sonra Əli Kərim onun şeirləri haqqında rəy yazıb, çap etdirib. Uzun illər Əli Kərimlə dostluq eləyiblər. Əli Kərim dünyasını dəyişəndən sonra da onun xanımı bizim ailə ilə əlaqə saxlayırdı, Camal da unutmurdu onları. Ensiklopediyadan sonra Camal bir müddət “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri işlədi. Camal “Ədəbiyyat qəzeti”nə gələndə mən artıq redaksiyada işləyirdim. Mən ondan on yaş kiçik idim.

“Əllərim əlində qalsa…”

Hə, söhbətin maraqlı yerinə gəlib çatdıq. İndi bəzi sirləri açaq. İstəyirsiniz, Nigar qızıma deyim, qulaqlarını tutsun, biz danışaq (gülürük). Necə tanış oldunuz? İlk görüş, ilk təəssüratlar necə qalıb yaddaşınızda?

– Məni unudulmaz Hüseyn Abbaszadə götürmüşdü işə. Mən o vaxt axşamlar ali təhsil alırdım, gündüzlər mütləq işləməliydim. Təsəvvür edirsiniz, rəhmətlik Məmməd Araz, Məmməd Aslan, Məmməd İsmayıl, Sabir Əhmədov, Sabir Rüstəmxanlı, Siruz Təbrizli kimi adamlarla eyni redaksiyada işləyirdim. Nəriman Həsənzadə baş redaktor gələndən sonra mən çıxdım işdən. Camalın “Əllərim əlində qalsa…” sətri ilə başlayan bir şeiri vardı. Şeiri oxudum xoşuma gəldi. Rəhmətlik İsa İsmayılzadə ilə bir yerdə işləyirdik. Ona dedim, ay İsa, bu nə yaxşı şeirdi. İsa dedi ki, sizi tanış eləyərəm. Camal redaksiyaya gələndə İsa onu mənə göstərdi. Təbii ki, əvvəlcə onun həmin o şeirinə vurulmuşdum. Sonra Camal da bizim redaksiyada işə düzəldi. Mən elə şeyləri danışmağı xoşlamıram. Görünür, qismətdə bir yerdə yaşamaq varmış.

– Peşman olmadınız seçiminizdə? Şair xanımı olmaq, məncə, çətindi. Yəqin, sizin kimi Camal müəllimin şeirlərinə vurulanlar az olmayıb...

– Camal çox gözəl xasiyyətli insan idi. Nəsildən gələn bir şeydi yəqin. Cəsur idi, dostcanlı idi, ailə qədrini bilən idi. Üstəlik, savadlı, həm də məsuliyyətli idi. Əlbəttə, yəqin, onun şeirlərini sevənlər çox olub, amma Camal bilirdi mən qısqancam, çalışırdı ürəyimə toxunan nəsə olmasın.

Bir sənədli filmin ssenarisini yazmaq üçün altı ay işləyirdi, material toplayırdı. Mən fikir vermişəm, indinin özündə də onun filmlərdindən istifadə eləyirlər, o filmlərə istinad eləyirlər, amma Camalı yada salmırlar.

– Bəs niyə qəzetdən çıxıb, televiziyaya getdi?

Doğma, əziz televiziya

– Qəzetdə müəyyən çətinliklər yaranmışdı, maliyyə problemləri vardı. Həm də uşaqlar böyüyürdü, televiziyada maaş da yaxşı idi, qonorar da. Camalı rəhmətlik Elşad Quliyevlə Nahid Hacızadə dəvət elədi televiziyaya.

Məncə, onun dramaturq kimi tanınmasında televiziyanın rolu oldu. Ədəbi-dram verilişləri redaksiyasında işləyəndə pyesləri televiziyada çəkilirdi...

– Hə, televiziya onun istedadının başqa tərəfini də üzə çıxartdı. Ümumiyyətlə, Camal saçından-dırnağına qədər yaradıcı adam idi, onun üçün ədəbiyyatla məşğul olmaq zövq idi. Gənc Tamaşaçılar Teatrında, Şəki, Sumqayıt, Lənkəran teatrlarında əsərləri tamaşaya qoyuldu. Onun dram yaradıcılığına həvəsi böyük idi. İyirmidən çox pyes yazıb. Uşaqlar üçün də səhnə əsərləri var. Onun “Meydan oyunları” pyesi haqqında çox söz-söhbət getdi. Bir ara “Azdrama”da onu səhnələşdirmək istəyirdilər, hətta hazırlıq mərhələsi də başlamışdı, rejissor da ayrılmışdı.

Rejissor pyesi geri qaytardı

Rəhmətlik Ağakişi Kazımov sonra dedi ki, Camal, bu çox ağır əsərdi, mən bunu işləyə bilməyəcəyəm. Çünki əsər meydan tamaşası estetikası üzərində qurulub. Teatr biliciləri deyirdi ki, bu, Azərbaycan dramaturgiyası tarixində ilk belə əsərdi. Yazıçılar İttifaqında Seyran Səxavət var, Camalın ən yaxın dostlarından biridir. Allah ondan razı olsun. Həmişə Camalı xatırlayır, elə “Meydan oyunları” pyesinin tamaşaya qoyulması üçün ən çox çalışan odur. Camalla bizim münasibətlərimizdə Seyran qardaşın da böyük rolu olub. Elə bizim nikah şahidlərimizdən biri də Seyran Səxavət idi. İsi Məlikzadə, İsa İsmayılzadə də orada idilər. Camal qələmi götürüb nikah sənədini imzalayanda İsi müəllim zarafatla dedi ki, Camal hələ ki gec deyil, yaxşı-yaxşı fikirləş. Seyran qardaş da zarafatla deyirdi ki, nə qədər imzalamamısan, gəl çıxaq aradan. (Əntiqə xanım bir anlıq o anları xatırlayıb gülümsəyir, sonra üzünə qəribə bir kədər çökür, başını aşağı salır, kövrəldiyini hiss edirəm).

– Nigar xanım, qız uşaqları ataya daha çox bağlı olurlar. Necə ata idi, Camal müəllim? Evdə uşaqların cəzalandırılması işinə kim baxırdı?

Nigar Eyvazova: – Biz ailədə iki bacı, bir qardaşıq. Anam da dedi, atam çox yaxşı adam idi, həm də səbirli idi. Tutaq ki, olur da adam əsəbiləşir, uşaqlar adamı haldan çıxarırlar, belə olanda bir sözü vardı: “Köpəy uşağı!” vəssalam. Bundan da sərt sözü “Səfeh köpək uşağı!” olurdu. Dərslərimizlə daha çox ana məşğul olurdu. Dəqiq elmlər ananın, humanitar elmlər atanın boynuna düşürdü. Amma ata da dəqiq elmləri bilirdi. O, hərtərəfli savadlı adam idi. Qardaşım Rəssamlıq Akademiyasını bitirib. İnteryer dizayneridir. Bacım musiqiçidir. Mənsə İnşaat Universitetini bitirmişəm.

– Atanızın hansı nəsihətli sözünü indi də xatırlayırsınız? Və həyatda elə olubmu ki, həmin nəsihətə əməl etməyə məmnun, ya da əməl etməməyə peşman olmusunuz?

“Heç kəsə güvənmə”

– Valideynin hər sözü, hər rəftarı, belə götürəndə elə hər tənbehi nəsihətdir. Valideynlərimiz bizi göz bəbəkləri kimi qoruyublar. Hər ikisi nəsihət də verib, lazım olanda öyüd də. Atanın nəsihətləri çox idi, hamısını xatırlayıram, əlbəttə. Amma bir sözünü ümumiyyətlə unutmuram. Deyirdi ki, qızım, heç vaxt heç kəsə arxayın olma. Mən Camalın qızıyam, bütün qapıları üzümə açacaqlar, mənə görə kiməsə xahiş eləyəcəklər, belə şeylərə arxayın olma. Öz gücünə, öz ağlına arxalan. Öz ayaqlarınız üstə durmağı bacarın. Bir də deyirdi, birdən səndən kimsə soruşsa ki, sizdə filan şey var, o dəqiqə var demə, de ki, qoy gedim baxım, görüm varsa verərəm. Lap elə kimsə çörək istəyər, deyərsən var, amma gəlib görərsən ki, yeyilib, pərt olarsan.

İndi “Azərbaycan” nəşriyyatına gələndə qəribə hisslər keçirtdim. Axı bir vaxtlar atamla bu binaya çox gəlib-getmişəm. “Ədəbiyyat qəzeti”nin redaksiyası doqquzuncu mərtəbədə idi. Mən də şuluq uşaq idim. Bütün otaqların altını-üstünə çevirirdim. Burda hamı məni çox istəyirdi.

– Nigar xanım, qızlar ailə quranda valideyn məsləhətinə önəm verirlər. Siz ailə quranda ata nə dedi, nə məsləhət gördü?

– Ata belə məsələlərə demokratik yanaşırdı. Əlbəttə, ilk növbədə xeyir-dua verdi. Həm də çox ciddi şəkildə dedi ki, seçim sənindi, hər şeyin məsuliyyəti sənin öz üzərinə düşür. Mən xalamın gəliniyəm. Atam artıq bu ailəni uzun illər tanıyırdı, qohum idilər. Dedi ki, biz onsuz da qohumuq, elə yaşayın ki, bu qohumluğa sizə görə xələl gəlməsin. Həyat yoldaşım atasız böyüyüb, atam onları çox istəyirdi.

Əntiqə xanım: – Camal özü də atasız böyümüşdü axı. Bacım uşaqları da atalarını tez itirmişdilər. Camal onları öz balalarından ayırmırdı.

– Əntiqə xanım, evdə uşaqlarla Camal müəllimin dostluğu tuturdu?

– Camalla hamının dostluğu tuturdu. Evdə elə ən üzüyola adam Camal idi. Aramızda belə bir şərt kəsmişdik. Demişdim, Camal, əgər mən uşaqlardan hansınasa “yox” demişəmsə, sən mənim sözümü heçə verib “hə” demə. Uşaqlar bir yerə getmək istəyəndə əvvəl atalarına üz tuturdular, o da mənim üstümə göndərirdi, deyirdi gedin ananızdan soruşun, icazə verirsə gedin. Əgər mən “baxarıq” deyirdimsə, demək, hələ tam qərar verilməyib. Amma bütün hallarda son sözü yenə Camal deyirdi. Kənardan baxana elə gələrdi ki, evdə qərarları mən verirəm, ola bilsin, sözü mən deyirdim, ancaq mən də onun sözünü deyirdim.

– Adamlar bəzən özləri ilə baş-başa qalanda nəsə zümzümə eləyirlər. Camal müəllimin zümzümə elədiyi mahnı var idi?

Onun zümzümə etdiyi mahnılar

– Hə, bu onun ovqatından asılı idi. Kefi yaxşı olanda “Ay lolo”nu, qayğılı, kədərli olanda “Qaragilə”ni zümzümə eləyirdi.

Onun yaxın dostları kim idi bəs? Evə gəlib-gedən dostları var idimi?

– Ən yaxın dostları Lənkəranda uşaqlıqdan tanıdığı adamlar idi. Ailəvi dost idik onlarla. Bakıda yaşayırdılar. Azad, Mahir, Alməmməd, Nazim Abbas. Xalaoğlu deyirdilər Camala. Biz onlara gedirdik, onlar bizə gəlirdilər. Süfrə açılırdı, yeyib-içir, şeir deyir, sənətdən danışır, oxuyurdular. Maraqlı olurdu onlarla. Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev, Vaqif Səmədoğlu çox istəyirdi Camalın xətrini. Hətta Vaqif Səmədoğlu onun karandaşla şəklini də çəkib. Vaqif müəllim ona rusca “bednıy geni” (kasıb dahi) deyirdi. İlyas müəllim gecə saat on ikidə də zəng vura bilərdi. Ələkbər Salahzadə ilə qapı qonşu idik. Vidadi Məmmədov idi dostu. İsa İsmayılzadə, İsi Məlikzadə, Əli Kərim, Seyran Səxavəti dedim. Seyranla ayrılmaz dost idilər. Məmməd Aslanla eyni blokda yaşayırdıq. O da tez-tez gəlirdi bizə. Qadın dostları da var idi: teatrşünas Ədilə Əliyeva, yazıçı Xalidə Hasilova, jurnalist Mailə Muradxanlı.

– Yeməklərə seçim eləyirdi Camal müəllim? Ən sevdiyi yemək hansı idi?

– Əslində, Allah verəndən nə qoysan qabağına yeyərdi, amma talış mətbəxindən “turşu kabab”la plovu sevirdi. “Ləvəngi” öz yerində, “çölmə kabab” xoşlayırdı. Mən də öyrənmişdim onları bişirməyi. Bir də talış “tərə”sini xoşlayırdı, bircə onu yaxşı bişirə bilmədim Camal üçün. Belə deyək də, cənub mətbəxini sevirdi.

– Camal müəllimin 75 illik yubileyini xatırlayıram. Amma bir az keçəndən sonra onun ölüm xəbərini eşitdik. Sağlam görünürdü axı. Nə oldu Camal müəllimə?

– Camalın ürəyi ağrıyırdı, başqa heç bir problemi yox idi. O yaşda adam eynəkdən istifadə etmirdi. Deyim də necə oldu. Mənim qardaşım oğlu var idi – İlqar, Camal onun başına and içirdi, çox istəyirdi o uşağı. Danışırdılar, məsləhətləşirdilər. O uşaq qırx bir yaşında qəfildən dünyasını dəyişdi. Bu, Camala çox pis təsir elədi. Çox istəyirdi axı onu. Camal o uşaqdan sonra sındı elə bil. Unuda bilmirdi onu. Elə hey ondan danışırdı, onu fikirləşirdi. Hər şeyi ürəyinə salırdı həm də. Ürəyindən əməliyyat olunmalıydı, getmədi ki. Heç cür razı sala bilmədik. Gah bu gün-sabaha saxladı, gah filan işimi də qurtarım gedərik dedi. Həkimlə də danışmışdıq. İki dəfə infarkt keçirmişdi. Mütləq əməliyyat olunmalıydı. Gecə idi. Bir də onun xırıltısına oyandım, elə bildim xoruldayır. Oyatmaq istədim ki, ay Camal xoruldama, gördüm yox, halı özündə deyil.

Həmişə deyirdi ki, Əntiqə, mənə bir şey olsa, neyləyərsən? Deyirdim, sənsiz həyat çətin olacaq. Allah səni bizə çox görməsin.

– Əlbəttə, çətin olur…

– Çox çətin olur.

Nigar Eyvazova: – Atamın məşhur bir şeiri var, “Ay qonşu, bu evin yiyəsi hanı…”. Atamın ölümündən sonra böyüdüyüm, yaşadığım ev mənə qərib gəlməyə başladı. Elə hey içimdə bir haray var, qarşıma çıxan hər kəsdən soruşmaq istəyirəm: Axı bu evin yiyəsi hanı? Axı mənim atam var idi! Hanı mənim atam, hanı?

– Hə, o şeir çoxumuzun əzbərindədi:

“Uzaqdan, uzaqdan,

Çox-çox uzaqdan,

Darıxıb gəlmişəm, qaçıb gəlmişəm,

Ay qonşu, bu evin yiyəsi hanı?”.

Söhbətləşdi: Əyyub QİYAS

“Ədəbiyyat qəzeti”

Share: