Müasir dövrün mərcəyi-təqlidləri

Müasir dövrün mərcəyi-təqlidləri

Son zamanlar sosial şəbəkələrdə və müxtəlif media platformalarında mərcəyi-təqlidlər haqqında məlumatlar geniş müzakirə olunur.

Xüsusilə onların yaşları ictimai maraq doğuran mövzulardan birinə çevrilib. Lakin bu müzakirələrdə əksər hallarda yaş amili ön plana çəkilir, onların elmi fəaliyyəti, fiqhi irsi və dini rəhbərlik missiyası isə kölgədə qalır. Halbuki mərcəyi-təqlidlik yüksək elmi hazırlığı, ictihad səlahiyyətini və dini məsuliyyəti ifadə edən ali dini statusdur.

Şiə məzhəbində müctəhid və ya mərcəyi-təqlid institutu dini-hüquqi sistemin əsas dayaqlarından biridir. Müctəhid Qurani-Kərim, sünnə və digər şəri dəlillər əsasında dini hökmləri çıxarmaq səlahiyyətinə malik olan alimdir. Cəfəri fiqhinə görə mükəlləf (şəri vəzifələri yerinə yetirməyə borclu olan) şəxs dini vəzifələrini yerinə yetirmək üçün üç yoldan birini seçməlidir: ya ictihad dərəcəsinə çatmalı, ya ehtiyata əməl etməli, ya da mərcəyi-təqlidə təqlid etməlidir.

Bu baxımdan mərcəyi-təqlid institutu həm fiqhi, həm də mənəvi rəhbərlik funksiyasını yerinə yetirən mühüm elmi təsisat hesab olunur. Mərcəyi-təqlid (ərəb. marjaʿ al-taqlid) institutu əsrlər boyu formalaşmış və dini-hüquqi həyatın əsas sütunlarından biri kimi inkişaf etmişdir. Bu institut On ikinci İmamın (ə) qeyb dövründə möminlərin dini hökmlərin tətbiqində istinad etdikləri ən ali fiqh alimlərini ifadə edir. Mərcəyi-təqlid statusu hər hansı dini və ya siyasi qurum tərəfindən verilmir. Bu məqam alimin elmi nüfuzu, ictihad səviyyəsi, fiqhi irsi və möminlərin ona göstərdiyi etimad nəticəsində formalaşır. Buna görə də mərcəyi-təqlidlik yüksək elmi səviyyə və ictihad səlahiyyəti əsasında formalaşan dini institut hesab edilir. Bu ənənənin formalaşması və inkişafında Azərbaycan mənşəli alimlərin də mühüm xidmətləri olmuşdur. Tarixən Nəcəf, Kərbəla, Kazimeyn, Samirra, Qum və Məşhəd kimi aparıcı elmi hövzələrdə yüzlərlə azərbaycanlı müctəhid, fəqih, müfəssir və müdərris fəaliyyət göstərmiş, fiqh, üsul, hədis, təfsir, kəlam və digər İslam elmlərinin inkişafına mühüm töhfələr vermişlər. Onların bir qismi mərcəyi-təqlid məqamına yüksəlmiş, bir çoxu isə böyük mərcələrin ustadları, görkəmli tələbələri və elmi məktəblərinin formalaşmasında mühüm rol oynamışdır. Bu zəngin elmi irs Azərbaycanın İslam sivilizasiyasının intellektual inkişafına verdiyi töhfələrin bariz göstəricilərindən biridir. Bu gün də Azərbaycan əsilli alimlər Nəcəf, Qum və digər elmi hövzələrdə tədris, elmi tədqiqat və dini maarifçilik fəaliyyətlərini davam etdirərək bu ənənəni yaşatmaqdadırlar. Hazırda yaşayan mərcəyi-təqlidlər arasında yaşca ən böyüyü 106 yaşlı Ayətullah Hüseyn Vəhid Xorasanidir. Məşhəd Elmi Hövzəsinin ən görkəmli fiqh və üsul alimlərindən biri hesab olunan Vəhid Xorasaninin uzun illər davam edən xaric fiqh dərsləri İslam hüquq metodologiyası sahəsində mühüm elmi məktəb formalaşdırmışdır. Onun elmi irsi xüsusilə üsulül-fiqh, yəni fiqhi hökmlərin Qurani-Kərim, sünnə, əql və digər dəlillərdən çıxarılması prinsiplərini öyrənən elm, həmçinin hədis sahəsində yüksək qiymətləndirilir.
Yaş sıralamasında ikinci yerdə 101 yaşlı Ayətullah Hüseyn Nuri Həmədani dayanır. Qum Elmi Hövzəsinin aparıcı alimlərindən olan Nuri Həmədani fiqh, ictimai fiqh və dini maarifçilik istiqamətində uzunmüddətli fəaliyyəti ilə tanınır. Onun elmi mühazirələri və fətvaları müasir şiə hüquq düşüncəsinin aktual məsələlərinin həllində mühüm yer tutur.
Üçüncü sırada 100 yaşlı Ayətullah Nasir Məkarim Şirazi yer alır. O, müasir şiə dünyasının ən məhsuldar alimlərindən biri hesab edilir. Fiqh, üsul, Quran təfsiri, kəlam və əxlaq sahələrində yazdığı yüzlərlə elmi əsər onu müasir dövrün ən çox müraciət olunan dini müəlliflərindən birinə çevirmişdir. Xüsusilə çoxcildlik “Təfsiri-Nümunə” əsəri müasir şiə təfsir məktəbinin ən nüfuzlu nümunələrindən hesab olunur.
Dördüncü sırada 99 yaşlı Ayətullah Musa Şübeyri Zəncani qərarlaşır. O, Qum Elmi Hövzəsində fiqh, rical, hədis və İslam hüququ tarixi sahəsində aparıcı tədqiqatçılardan biridir. Onun araşdırmaları şiə hədis irsinin öyrənilməsi və fiqhi mənbələrin tədqiqi baxımından mühüm elmi əhəmiyyət daşıyır.
Beşinci yerdə 97 yaşlı Ayətullah Cəfər Sübhani dayanır. O, müasir şiə kəlam məktəbinin görkəmli nümayəndəsi olmaqla yanaşı, İslam tarixi, Quran elmləri, fəlsəfə, əqidə və məzhəblər tarixi üzrə fundamental tədqiqatların müəllifidir. Onun əsərləri bu gün də bir çox ali dini təhsil müəssisələrində dərs vəsaiti kimi istifadə olunur.
Altıncı sırada 96 yaşlı Ayətullah Seyyid Əli Hüseyni Sistani yer alır. Nəcəf Əşrəf Elmi Hövzəsinin aparıcı mərcəyi-təqlidlərindən biri olan Sistani dini nüfuzu ilə yanaşı, Yaxın Şərqin ictimai-siyasi proseslərinə münasibətdə nümayiş etdirdiyi müdrik və təmkinli mövqeyi ilə də beynəlxalq aləmdə tanınır. Xüsusilə 2003-cü ildən sonra İraqda milli həmrəyliyin qorunması, vətəndaş qarşıdurmasının qarşısının alınması və dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində verdiyi tövsiyələr onun nüfuzunu daha da artırmışdır.
Yeddinci sırada 93 yaşlı Ayətullah Abdullah Cavadi Amuli qərarlaşır. O, müasir İslam fəlsəfəsi, Quran təfsiri və irfan məktəbinin aparıcı nümayəndələrindən biridir. Onun çoxcildlik “Təsnim” təfsiri müasir Quranşünaslığın fundamental əsərləri sırasında xüsusi yer tutur. Cavadi Amulinin fəlsəfi irsi Molla Sədra məktəbinin müasir dövrdə inkişaf etdirilməsində mühüm rol oynamışdır.
Səkkizinci sırada 93 yaşlı Ayətullah Hüseyn Məzahiri yer alır. İsfahan Elmi Hövzəsinin tanınmış alimlərindən olan Məzahiri İslam əxlaqı, mənəvi tərbiyə, ailə dəyərləri və ictimai davranış mədəniyyəti sahəsində apardığı elmi və maarifləndirici fəaliyyətlə seçilir. Onun çıxışları və əsərləri daha çox mənəvi tərbiyə və əxlaqi kamillik mövzularına həsr olunmuşdur.
Doqquzuncu sırada isə 84 yaşlı Ayətullah Şeyx Bəşir Hüseyn Nəcəfi qərarlaşır. Alim uzun illərdir Nəcəf Əşrəf Elmi Hövzəsində fəaliyyət göstərir. O, fiqh və üsul elmləri sahəsində apardığı araşdırmalar, yetişdirdiyi çoxsaylı tələbələr və dini maarifçilik fəaliyyəti ilə tanınır. Hazırda o, Nəcəf Elmi Hövzəsinin aparıcı mərcəyi-təqlidlərindən biri kimi dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı şiələr tərəfindən təqlid olunur.
Qeyd edilməlidir ki, mərcəyi-təqlidlərin yaş sıralaması onların elmi məqamını, dini nüfuzunu və ya təqlid edənlərin sayını müəyyən edən meyar hesab edilmir. Şiə fiqhində əsas prinsip “əl-ə’ləm”, yəni elmi baxımdan ən üstün müctəhidə təqlid etmək prinsipidir. Buna görə də möminlər müctəhidin elmi səviyyəsinə, ictihad qüdrətinə, fiqhi irsinə və dini etibarlılığına əsaslanaraq öz mərcəyi-təqlidlərini seçirlər. Burada adları çəkilən alimlər hazırda şiə dünyasında ən geniş tanınan və çoxsaylı möminlər tərəfindən təqlid olunan mərcəyi-təqlidlər sırasındadır. Bununla yanaşı, Nəcəf, Qum, Məşhəd və digər elmi hövzələrdə ictihad məqamına çatmış, müəyyən çevrələr tərəfindən təqlid edilən başqa müctəhidlər də fəaliyyət göstərirlər. Bu fakt şiə fiqhində ictihad ənənəsinin dinamikliyini, elmi plüralizmin qorunduğunu və dini elmin inkişafının davam etdiyini göstərir. Müasir dövrdə mərcəyi-təqlid institutu yalnız fiqhi hökmlərin bəyan edilməsi ilə kifayətlənmir. Bu institut dini təhsil, elmi tədqiqat, xeyriyyəçilik, sosial həmrəylik, beynəlxalq dini dialoq və mənəvi maarifləndirmə sahələrində də mühüm rol oynayır. Müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı mərcəyi-təqlidlərin fəaliyyətinə də yeni imkanlar qazandırmışdır. Rəsmi internet portalları, elektron fətva sistemləri, onlayn dərslər, televiziya proqramları və sosial media platformaları vasitəsilə milyonlarla mömin dünyanın müxtəlif nöqtələrindən dini suallarına cavab alır, fiqhi hökmlərlə tanış olur və dini maariflənmə prosesində iştirak edir. Nəticə etibarilə mərcəyi-təqlid institutu əsrlər boyu formalaşmış şiə elmi ənənəsinin ən mühüm sütunlarından biri olaraq bu gün də öz əhəmiyyətini qorumaqdadır. Dəyişən zamanın tələblərinə uyğunlaşaraq klassik elmi irsi müasir imkanlarla uzlaşdırması mərcəyi-təqlid institutunun gələcəkdə də şiə dünyasının dini, elmi və mənəvi həyatında aparıcı rolunu davam etdirəcəyini göstərir. Beləliklə, bu alimləri İslam elmlərinə verdikləri töhfələr, yetişdirdikləri alimlər və əsrlərlə yaşayacaq elmi irsləri ilə qiymətləndirmək daha doğru yanaşmadır.

 

Samid Quliyev

İlahiyyatçı-alim

Share: