Moskvada Leyla Əliyevanın adından iftar verildi – “Ramazan çadırı” layihəsi

Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən iftar verilib.

 

Müstəqil.az xəbər verir ki, iftar süfrəsi Moskva Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı, Rusiya Müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyi ilə “Poklannaya qora”dakı “Ramazan çadırı”nda keçirilən “Azərbaycan axşamı” çərçivəsində baş tutub.

 

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev tədbir iştirakçılarına səfir Polad Bülbüloğlunun salamlarını çatdırıb. Diplomat iftarın təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Ramazan çadırının qurulmasına görə Moskva hökuməti və Moskva Müsəlmanlarının Ruhani İdarəsinə təşəkkürünü bildirib.

 

Moskva müsəlmanları məktəbinin direktoru Əssam Məmmədov “Ramazan çadırı”nın Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və İslam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı dostluğu möhkəmləndirmək məqsədi ilə həyata keçirilən vacib layihə olduğunu söyləyib: “Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, inanclı insanlar üçün iftar süfrəsi açır. Ötən il Azərbaycan xalqı üçün çox vacib bir il oldu. Biz işğal altındakı torpaqları azad etdik. Allah bizim dualarımızı qəbul etdi”.

 

“Ramazan çadırı”nın təşkilatçıları tədbirə təşkilati, yaradıcı və mənəvi dəstək verdiyinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı təşəkkür məktubu ilə təltif ediblər.

 

İftara qədər Azərbaycandan olan din xadimi müqəddəs Qurandan surələr oxuyub, dualar edib. Daha sonra Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub.

 

Tədbirdə Azərbaycanda multikulturalizmdən bəhs edən film də nümayiş olunub.

 

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 15 ildir ki, Moskvada təşkil olunan “Ramazan çadırı” layihəsində iştirak edir.(APA)

Share: