“Mançester Yunayted”in baş məşqçisi Ronaldunu bağışlayacaq?

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Erik ten Haq portuqaliyalı hücumçu Kriştianu Ronaldunun mübahisəli müsahibəsindən sonra onunla danışa biləcəyi ilə bağlı sualı cavablandırıb.

Xatırladaq ki, noyabrda “Mançester Yunayted” tərəflərin qarşılıqlı razılığı ilə Ronaldu ilə müqaviləyə xitam verdiyini açıqlamışdı. Hücumçu daha əvvəl britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibəsində “Yunayted”in ona xəyanət etdiyini bildirib. Portuqaliyalı klubun rəhbərliyini və məşqçilər korpusunu tənqid edərək, Erik ten Haqa hörmət etmədiyini qeyd edib.

“Bəli, gələcəkdə onunla danışardım. Amma ona görə yox ki, ondan nəsə xahiş edəcək və ya ona xüsusi bir söz deyəcəyəm. Mən hər şeyi vicdanla, açıq və şəffaf şəkildə etmişəm. Oyuna baxışımla bağlı onunla söhbətlərimiz olub, buna görə də onunla yenidən danışmaqla bağlı problem yoxdur.

Ronaldunu bağışlaya bilərəmmi? Bu suala cavab vermək istəmirəm.

Mən onunla danışmağa hazıram, niyə də olmasın? Bəli, bəlkə də, ola bilər (hörmətsizlik edib). Amma mən buna əhəmiyyət vermirəm. Biz irəli gedirik. Mən buna enerji sərf etmək istəmirəm. Bu, keçmişdə qalıb”, – baş məşqçi bildirib.

Portuqaliya millisinin Qətərdə keçirilən dünya çempionatında son oyununda Ronaldu ehtiyat oyunçular skamyasında qalıb. 37 yaşlı hücumçu İsveçrə ilə oyunda yalnız matçın 74-cü dəqiqəsində meydana çıxıb. Onu startda əvəzləyən Qonsalu Ramuş het-trik edib.

Ronaldu qrup mərhələsinin hər üç oyununda iştirak edib, amma heç birində tam oynamayıb. Bundan sonra portuqaliyalı oyun müddətindən və baş məşqçi Fernandu Santuşun seçimindən narazılığını bildirib. Bu mundialda Ronaldunun hesabında bir qol var (penaltidən).

Mənbə: Manchester Evening News

Share: