YARANIŞ
Bu kainat hövüşnədən yarandı!
Hövüşnə şəkk-ü şübhədəm yarandı!
Şübhə özü “niyə-nə” dən yarandı!
“Niyə-nə”yin paltarı oldu insan!
Paltarın da ilməyi oldu kəlmə!
Yan-yana ilməkləri tikdi iynə.
Da bilmirəm iynə kimin əlində,
Sənə görə şeir yazanda sevgilim,
Mən gicəlib söz cayıram nəm-niyə!
Nisgilindən göynəyirəm, neyləyim?!
Eləbil ki iynə batır beynimə,
Eləbil ki iynə batır göylümə,
Dalbadal…
Dalbadal…
Dalbadal…
***
MƏN ÖLƏNDƏ
Mən öləndə,
Dərdli ürəyimin qabarı olsun tabutum.
Uşaqlıqda çıçəklikdə
qovalayardım kəpənəkləri.
Yas çələngim o çiçəklər olsun.
Kəfənim
o kəpənəklərin baraması
Mən həssas adamam, həssas…
Qoyun, o kəpənəklər daşısın ağırlığımı.
Dəymıyin, tökülərəm qanad-qanad.
Qoyun, bu yol mən uçum,
qovalayım uşaqlığımı.
Analıq bətninə dək.
Qayıdım özümə.
Olum tək başına
Quylanım sözümə
Kainat qədər böyüyüm
Atomun çərdəyini deşim
Əbədiyyətə qədər partlayım
Tanrının şeiri olum.
Üstümə tökdüyünüz topraqdan
Göyərim vətən kimi.
***
TOZSÖZ
Məni necə yazacaqsan, tarix?
Mən çağımın ağrıdan çığıran çap xətasıyam.
Bəzən birdən birə
Duyğular qanadlanıb
Düşüncəmi daşıyırlar
gecələyin gələcəyin kitabları
Hələ düzəlməmiş
tozlu qəfəsələrdən uçub-qaçıb
Başıma balış olurlar!
Beynimin sellul-sellul qəfəslərindən
kəlmə-kəlmə məni qaşıyırlar
hələ gerçək olmayan yuxularımla dolurlar..,
daşırlar..
Məni aşırlar..,
Tozlarımı söz kimi
Tökürlər varaqlar üstünə.
Hər yatan “- yenə başladın ha..,
Bəsdir kəs bu xışıltını,
Cana gəldik.” deyir.
candan düşdüyümü görmədən!
Sübh açılanda qonşular
Əsnəməyimi dəlilik deyə tərcümə edirlər!
Bu üzdəndir mən ömür boyu
məktublaşıram qanadı tozlu quşlarla.
Quşlar elektrik tellərinə deyil,
tarix əsəblərinə qonurlar!
Hər şeiri yazdığımda
Təqvim payızlaşıb
Qopardır yapraq-yapraq geçmişdən
Yazlaşdıran gələcəyə varmaq üçün.
Vay, mən indini tələf etməkdəyəm
Toz içində
Şeir yazmayan anlarda.
İnsanlarsa sataqlarda sıralarda
Soruşurlar satılacaqların inqiza tarixini məndən
Tozunu silin baxın deyincə,
Endirir biləmi
Adətlərin asansoru
zamanın yanlış qatına!
Halbuki mən göydələn işçisi yox,
Göyül işçisiyəm
Söz içimdə,
Toz içində.
Elə buna görə bir ömürdür
Qələm deyil, şimşəklə yazılmaqdayam.
Bu səbəbdəndir yağışlarım tərsə yağmaqdadır!
Vay, məni bu quruluş mallaşdırıb sağmaqdadır!
Mənə gülürlər
Teleskopdan baxan uşaqlar kimi
Axı, artıq ay
Yerləşməyir pul kimi ciblərinə,
Və doğru bildikləri toz olub uçur söz içində.
Mənə axmaq deyirlər
Axı, Onlar sözləri toz sanıb yumurlar gözlərini
Mən isə tozları
hələ gələcəkdə açılacaq müzənin sözləri bilirəm
Açıram gözlərimi.
Xosrov Barışan
Təbriz





















