Kökü baltalanan dərd ağacıyam, Sən mənim nəyimə asiq olmusan? – İqbal Nəhmətin şeirləri

Yazdım, nə xeyri oldu?
 Şərəfinə yüz qədəh
Süzdüm, nə xeyri oldu?
Sən olmayan dənizdə
Üzdüm, nə xeyri oldu?
 
 Uçub getdi o illər,
Güldülər bizə ellər,
Saçına gözəl güllər,
Düzdüm, nə xeyri oldu?
 
 Tək deyil, biz gedirdim,
Hamıdan tez gedirdim,
Yolumu düz gedirdim
Azdım, nə xeyri oldu?
 
 Zöhrəyə Tahir oldum,
Sözümdə mahir oldum,
Çox da ki, şair oldum
Yazdım, nə xeyri oldu?
 
QOY ELƏ BELƏCƏ YAĞSIN BU YAGIŞ
 
 Damcılar sevinclə tökülür yerə,
Şerimin misrası, sözü yuyulur.
Bu yağış bizimçün yağır deyəsən,
Getdiyin yolların tozu yuyulur.
 
 Didir yaddaşımı göy gurultusu,
Yağır, həsrətimə daş kimi yağır.
Bu yağış bir həzin nəğmə kimidir,
Gözümdən süzülən yaş kimi yağır.
 
 Buludlar yağışın əlindən tutur,
Yazır pəncərəmə sənin adını.
İsladır qurumuş dodaqlarımı,
Qaytarır sevgimin şirin dadını.
 
 Qəzəbi tükənib caxan şimşəyin,
Zamanın ağ atı mənimdir bu gün.
Yağışlar bizimçün yağacaq daha,
Göyün yeddi qatı mənimdir bu
gün.
 
 Qoy ele beləcə yağsın bu yağış,
İslanaq, yenidən qurumaq üçün.
Hələ vaxtımız var, kəsənə kimi,
Sən məni, mən səni tanımaq üçün.
 Kərəmi havası çal, darıxıram!
 
 Tərpət dodağını, danış bir ağız,
Hər sözü, kəlməsi bal, darıxıram!
Zəng elə, ümid ver ay üzü dönmüş,
Arada yadına sal darıxıram!
 
 Neçə tin dönürsən küçə də qısa,
Ömür bircə addım necə də qısa.
Hərdən gec yatıram gecə də qısa,
Yuxudan dururam kal, darıxıram!
 
 Nəfəs al küləyi, yeli danışdır,
Evindən didərgin eli danışdır.
Aşıq, köklə sazı teli danışdır,
,,Kərəmi” havası çal, darıxıram!
 
 Bahar erkən gəlib hər tərəf çiçək,
Gəlin ağacların budağı göyçək.
Görən çölə çıxsaq nə dəyişəcək?
Deyirlər ,,evdəqal” qal, darıxıram!
 
 Sən mənim nəyimə aşiq olmusan?
 
 Azdır döngələri, dolandır tini,
Get, geri baxmadan sil izlərini.
Bəsdir, canım-gözüm, aç gözlərini,
Sən mənim nəyimə aşiq olmusan?
 
 Nə qoca, nə cavan orta çağımdır,
Sən təpə sandığın uca dağımdır.
Yazdığım şeirlər olacağımdır,
Sən mənim nəyimə aşiq olmusan?
 
 Köhnə bir evim var, barısı yoxdu,
Balın pətəyində, arısı yoxdu,
Məndə sən deyənin yarısı yoxdu,
Sən mənim nəyimə aşiq olmusan?
 
 Dadım qalmayıb ki, bir az acıyam,
Mənə yük olanın ehtiyacıyam.
Kökü baltalanan dərd ağacıyam,
Sən mənim nəyimə asiq olmusan?
 
 Məndən bir xatirə qalacaq yəqin,
Yerim boşalacaq, dolacaq yəqin,
Üzülmə, yaxşısı olacaq yəqin,
Sən mənim nəyimə aşiq olmusan?
 GÖZƏLDİR…
 İçməyə dağ suyu, kəsib yeməyə,
Çəməndə otlayan quzu gözəldir.
Neynirəm özgənin qaymağını mən,
Evimin çörəyi,duzu gözəldir.
 
 
Çıxar göy qurşağı, naxışa dönər,
Gedənlər bir gözəl baxışa dönər,
Gəzər səmalarda yağışa dönər
Buludun qarası,bozu gözəldir.
 
 Əkərsən, biçərsən alıb-satarsan,
Hərdən qazanarsan,hərdən batarsan,
Vallah olmayanda rahat yatarsan,
Pulun,var-dövlətin azı gözəldir.
 
 Qıza, qoşül qaçəy,-gəlmiyəm deyən,
Sevmək nə cür oley,-bilmiyəm deyən,
Ədə ged işuə,-sevmiyəm deyən,
Bizim gözəllərin nazı gözəldir.
 
 Gülün ömrü qışa, qara kimidi,
Tamah sağalmayan yara kimidi,
Ömür nə boydadı, hara kimidi?
Əllisi yarıdı, yüzü gözəldir.
Müstəqil.Az
Share: