İnsanlığı itirən sivilizasiya dağılmağa məhkumdur

Soylu Atalı

Bəşəriyyətin elmlə, texnologoyaların gəlişməsi ilə öyünməsi özünü doğrultmur. Bu gün yaşanan pandemiya qorxusu bəşəriyyəti öncəki yüzillərə qaytarıb. Öncəki yüzillərdə epidemiyanın, deyək ki, 19-cu yüzildə yayılması daha gerçəkçi idi. İndiki pandemiyanın yayılması isə daha az gerçəkliyə bənzəyir.

Dünyada insanlığa qarşı tərtib olunan axmaq oyunlar insanları o qədər yorur ki, doğru bir şeyə də inanmaq çətin olur. Ancaq nə olsa da, “can şirindir” deyərlər, qorxu düşüncələrdə, gözlərdə yaşamaqda davam edir. İnsanların hər şeyə baxışlarında qorxu ilə şübhə birləşib olduqca yorucu, usandırıcı bir sürəc formalaşdırıbdır. Heç olmasa bunlardan biri (ya qorxu, ya şübhə) olsaydı, insanlar ağır durumlarda sarsıntılı yaşamazdılar. Qorxu altında dolanmaq, mövcudluqlarının tükdən asılı olması şüuru ilə üzülmək sivilizasiyanın insana qarşı olmasını görüntüləyən bir gerçəklikdir. Bəlkə də, bədənin milyardda bir parçası da olmayan, gözə görünməyən canlı (varlıqla) ilə həyatını paylaşmaq qorxusu – az qala bütün dəyərləri düşüncələrdə heçə çevirir. İnsan ömrünün heç bir dəyərinin olmaması düşüncəsi yaradır. Burada ağıla qəribə bir paralellik gəlir: Min illərdir Göyel dinlər insana buna bənzər bir qorxunu aşılayır: “Sən günahdan doğuldun, sən bir heçsən, sən qulsan, köləsən, yalnız Allah hər şeydir”.  Siyasətin yaratdığı pandemiya qorxusu, dinlərin yaratdığı Allah qorxusu qədər amansız, qəddar bir şüurdur. Allah da gözə görünmür, virus da. Ancaq bu gözə görünməz balaca “Allah” (virus) daha real qorxu kimi yeriyir (ya da sırınır). Bununla belə, bu “Allah”ın heç yerdə insanları öldürdüyünə rast gəlinmir, ancaq təbliğatlar qorxunc bir inam mənzərəsi yaradır. İnsanı qorxudurlar, cılızlaşdırırlar, öldürürlər. Başlıcası isə, biz mənəviyyatın ölümünü seyr edirik, fiziki ölümləri sadəcə eşidirik.  Eşitdiyimiz fiziki ölümlər əyridir, doğrudur, gerçəkdirmi, saxtadırmı, – bilmirik. Ancaq mənəvi ölümlərin gerçək olduğuunu gözlə görür, ağılla da dərk edirik.  Mənəvi ölümlərin çeşidləri çoxdur. İnsanların özünü tənha sayması,  bilməsi, heç kimin heç kimə gəərəyinin (faydasının) olmaması şüuru böyüdülür. Bu şüurla yüklənən insan başqasına sevgi, sayğı duyğularında yoxsullaşır, vecsizləşir. Gözündə həyatın dəyəri adiləşən insandan daha nələr gözləmək olar ki?! Uzun çağlardır hər kəsin danışmaq istədiyi  qonu gözə görünməyən mikrovarlıqdır. Ona görə çox vaxt hamı bir-biri üçün darıxdırıcı, usandırıcı olur. Çünkü heç kim bu qonuda duyğulanmır, ümid tapmır. Ona görə “dərdləşmək” anlayışı da ünsiyyətləri tərk edir. Dərdləşmək – dərdi tanımaq, dərk etmək, onun etkisindən çıxmaq anlamı daşımalıdır. Dərdləşmək – ümidsizlik yaradan anlayışa çevrilməməlidir. Çevrilirsə də, öz mənasını itirir…

İllər öncə, mən Amaldaşlarımla ünsiyyətimin adını “Ürəklərin ruhani hekayəti” qoydum. Bu ünsiyyətlər, doğrudan da, ürəkləşmə idi. Yəni dərdləşməkdən daha üstün bir ünsiyyət idi. Böyük idealları tanımaq, yaşatmaq meyli, belə bir əmələ vurulmaq, böyük arzuları ömürə gətirmək, böyük həqiqətlər sevdalısı olmaq, bir sözlə, həyatını yüksək istəklərə uyğun qurmaq – doğrudan da, “dərdləşmək” sözü ilə ifadəyə gəlməz. Bu elə ürəkləşməkdir. – ürəklərin ruhani hekayətidir!

İndi “koronavirus pandemiyası” anlayışı elə acıqlı, elə amansız təbliğ olunur ki, ürəklər sanki bütün gözəlliklərdən, hər cür nəcib duyğulardan boşalır. Boş ürəklərdə həyat haqqında olduqca qarışıq-dolaşıq duyğular toplaşır, sanki insanın qanı ilə birgə bütün vücudunun ən xırda nöqtələrinə qədər daşınıb ümidsizliyin iniltilərinə çevrilir. Bu hal ölümdən daha betər ölümdür. Bu halı yaradanlar dünyanı, həyatı insanın gözündə mənasızlaşdırmaqla israrlı görünən kabuslara çevrilməkdədir. Bundan qurtulmaq imkansız göstərilir. Həyatın İblisdən qurtula bilməməsi qədər əbədi əzablı bir yola bənzədilir. Din təbliğatı ilə doydurulmuş adamlar həyatın İblisdən heç vaxt qurtula bilməyəcəyini düşünür, buna inanır da. Əslində bu hal Allaha inamsızlıq deməkdir. Bir halda ki, “dünya belə gəlib, belə də gedəcək” – deməli, bu dünyada Allaha inanmamaq üçün heç bir səbəb qalmır. “Allah hər şeyə qadirdir” inamı – “Allah pis şeylərə qadirdir” düşüncəsi ilə əvəz olunur. Yəni “dünya ona görə uçub dağılır ki, Allah insanı pis əməllərinə görə cəzalandırır, hər şeyi alt-üst edir” deyə düşünülür.  Yenə də pis şeylər Allahın adına yazılır.

Biz “Allah anlamı”na inanırıq, yəni dünyada dünyadan artıq olan Mütləq var. Ancaq bu Anlamın dağıdıcılıqla uğraşdığı, dünyanı, insanı cəzalandırması şüuruna inanmırıq. Dünyanın mənasında müqəddəslik var, insan onu yaşam ölçüsünə gətirməlidir. Asif Atanın dediyi kimi: “İnsanlaşın – İnsanlaşdırın, Bəşərin qurtuluşu İnsanlaşmaqdadır!”.

 

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Atamız Var olsun!

 28 İşıq Ayı, 42-ci il. Saray-Soylu.

(may, 2020)

 

Share: