İnandırıcı və təsirləndirici deyil – Hekayə müzakirəsi

Kulis.az “Hekayə müzakirəsi”ndə Zaman Piriyevin “Məhəllə” hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.


Aqşin Yenisey



Mopassansayağı hekayədir. Sosial taleyi fərqli olanları üz-üzə qoymaq və həqiqəti bu yolla bədii mətnin mərkəzinə gətirmək bu cür kiçik həcmli hekayələrdə çətin məsələdir. Çünki mövzu o qədər mürəkkəb bir prosesin nəticəsidir ki, daha böyük ölçü tələb edir. Piriyevin seçdiyi bu üsluba mən öz aləmimdə “fotoqrafik üslub” deyirəm. Bir anı yaxalayıb illərin mənzərəsini yaratmaq. Bu cür fotoqrafik mətnlərdə işin çoxu yazıçıdan çox oxucunun üzərinə düşür. Sanki oxucunun əlində dilsiz-ağızsız bir foto var, onu danışdırmaq oxucunun fantaziyasının ixtiyarındadır. Bu hekayə də oxucunu məcbur edir ki, hər iki ailə haqqında öz fantaziyasının hesabına yeni hekayələr uydursun, yəni yaradıcılıq prosesində az qala müəllif qədər iştirak etsin. Qonşu uşağın və anasının həyatdan gileylənən səslərinin eşidilməsi, əslində, bir işarədir ki, bədbəxtlik varsa, bu və ya digər formada hər kəsə yoluxacaq. Heç kim təkbaşına xoşbəxt ola bilməyəcək.

Narıngül

Tindəki şorgöz kişi udqunur - Narıngül Nadirin yeni şeirləri

Hekayənin dili, müəllifin müşahidələri, dəqiq ifadə edilmiş təsvirlər xoşuma gəldi. Təsvir olunan məhəllə hamının rastlaşdığı, hər gün ən azından şüuraltı şəklində izlədiyimiz həyat detallarıyla dolu ərazidir. Hekayənin adından və ilk abzasından müəllif artıq mətni oxucuya nişan verir. “Səssizcə dayanıb bircə saat baxmaq bəsdir ki, kimin nə işlə məşğul olduğunu, necə dolandığını, kimin xoşbəxt, kimin bədbəxt olmasını görəsən”.

Adından da göründüyü kimi “Məhəllə” də müəllif tanış və hamar səthin üstü ilə yeriyir. Mətndə müəllif manipulyasiyası hiss olunmur. Hekayəni oxuyarkən sakitlik adamı vurur. Və darıxdığın anda sonluğu gözləyirsən. Yaxşı ki, gözləyirsən… Uğurlu sonluq hekayəni xilas edir.

Deyim ki, Zaman Piriyevin “Məhəllə” hekayəsində daha çox yadımda qalan detal isə Sənəm xalanın üstünə tum düzmək üçün qarajların arxasında gizlətdiyi və qonşunun ayağı altında özünü asmaq üçün istifadə etdiyi stol oldu.

Müəllifə uğurlar arzulayıram.

İlham Əziz

Beşmərtəbəli binanın birinci mərtəbəsi - İlham Əzizdən yeni hekayə

Tarkovski deyirdi ki, hamı öz uşaqlığını çəkir. Bu mənada Zaman da öz uşaqlığını yazır. Bu o demək deyil ki, hekayədəki əhvalat onun başına gəlib, xeyir, o atmosfer ki mətndə cövlan edir, o hava, o dad uşaqlıq havası, uşaqlıq dadıdır. Mətnin harmoniyası, üstümüzə kor çən kimi düşən aurası uzaqlardan sənəti nişan verir. Bax həmin o aura bizi bir-birimizə doğmalaşdırır, ömrümüzə həyəcan qatır. Bakını bu günlərdə bürüyən, içindən qaratoyuq səsi eşidilən duman gözəlliyində hekayə oxudum. Hekayənin hər abzasında bir tale cücərir, boy atır. Texniki məsələləri bir yana qoyub, dünyanın məşhəri-hərama dönüşdüyü bir vaxtda bədii mətn yazanların hamısını qucaqlayıb bağrıma basıram. İçinizdəki nəğməniz heç susmasın…

Təvəkkül Boysunar

Dərmansız - Təvəkkül Boysunar

Müəllifin çatdırmaq istədiyi nostalji və kədər hissinin məni çox da inandırdığını və təsirləndirdiyini deyə bilmərəm. Bu nostaljini, bu kədəri çatdırmaq üçün daha böyük ilhama ehtiyac var idi. Hekayədə belə bir ilham olsaydı, oxucu üçün mətn daha maraqlı, daha zövqlü olardı. Mətnin bir-iki yerində gözümə bəzi məqamlar da dəydi ki, hekayəni növbəti dəfə dərc etmək fikrində olsa, müəllif bu məqamlar üzərində düşünüb, bəlkə, redaktə etmək istəyər.

Məsələn, mənə elə gəlir ki, bu cümlədə “amma” sözü artıqlıq yaradır:

“ümidsiz günlər bizi nə qədər yorsa da, amma bir o qədər də bir-birimizə daha sıx bağlayıb.”

Yaxud belə bir cümlə:

“Yeməyin iyi məni elə vurdu ki, acıdım, salam da yaddan çıxdı.”

Bildiyim qədəriylə, burdakı “acımaq” sözü doğru deyil. Müəllif, o sözü “acmaq” şəklində istifadə etməliydi.

Uğur arzulayıram.


Orxan Həsəni

Qırmızı ayaqqabılar - Orxan Həsəni

Bu mətn Zaman Piriyevdən oxuduğum birinci hekayədir. Hekayənin sənədli effektlərlə başlayan havası oxucunu tanış aləmin tən ortasına atır. Müəllif bu hissələri gözəl toxuyub. Məhəllə həyatı, bir-birinin içindən keçən, bir-birinə tanış dünyaların cazibəsi. Halal adamlar, balaca balıqların təhlükələrdən xilas üçün sahilə yaxın yerlərdə üzməsi, bunun şəhərin ucqarlarında yaşayan insanlara bənzədilməsi. Çox maraqlı hekayədir. Lakin xoş, insanın içinə ilıq duyğular salan hekayənin sonunun ölümlə bağlanması bir qədər uyğunsuzluğa səbəb olur. Mənə elə gəlir ölümün təsir yükü müəllifin işini asanlaşdırsa da, vəziyyəti düyünə salır. Ölüm mütləq son olması hekayənin son olması mənasına gəlmir, gəlməməlidir. Ölüm effekti olmadan da yazıçı sonu yaratmağı bacarmalıdır və əslində ustalıq özünü burada göstərir.

Share: