Xosrov Barışanın yeni şeiri… – (Təbriz)

Xosrov Barışanın yeni şeiri… – (Təbriz)

Göyüzü gözlərindən bir ipucu idi
Əyər göyüzünə baxmaqdan uşaqlar qorxmasaydı
Və gözlərin bir ipucu idi
İnsana uca baxmaqdan
Əyər quşlar vərinə
Qırıcılar uçmasaydı
Kiçiklər büyüklərin kölgəsində yaşayardılar öz evlərimizdə
Əyər bir özgə kimi
Sülh
Cəng kölgəsində
Dağıntıda ölməsəydi

Qəlpələr xanım nənənin
Yəxdəninə dağlanmış
Xatirə naxışı damğalayırlar
Ay bənizli ey-vay hənizli analar göz yaşlarını
Ataların göy enginliyində
Qaranlıq arzularına ulduz edib
Dağılmış tufaqlarının ağıtlari ilə xalq mahnısı bəstələyirlər
Bombalar
İtgin balaların laylayını
Əbədi sükut notlarında ritimləndirəndə
Qanlı köynəklər
Uduş bayrağıyıq deyə
Toplu insan gorlarının sümük qalaqlarının üstündə
Yelə qarşı dəlicəsinə rəqs eləyirlər
Və biz
Yani yalnız öz canlarını qurtara bilmişlər
Tapınaqlarda
Yeldə sovrulmuş dilək küllərində
Qırılmış umud təsbehlərinin
Dənələrini axtarmaqdayıq
Hansı tanrı bu bayram bizə yaz gətirəcək?
Və biz
Yani bu insan dediyin
nəsli kəsilmiş düşüncəmizdə
Əlil kəlmələrlə
Bir savaşdan yazırıq
Bizim içimizdə çoxalan
Və biz onun içində yox olan savaşdan

Şeir: Xosrov Barışan
Obaşdan saat 6
Bombarduman səsi içində yazılan bir şeir…

Share: