Sənətkarın görünməyən ağrıları – Şərafəddin İLKİN yazdı

Sənətkarın görünməyən ağrıları  – Şərafəddin İLKİN yazdı

Çox vaxt insanlar bir insan haqqında hökm verəndə onun səsini eşitsə də, qəlbini duymur. Mahnısını dinləyir, amma həyatını bilmir.

Elə buna görə də bəzi yazıları oxuyanda insanın içi sızlayır. Çünki sözün də bir vicdanı olmalıdır. İnsanı tənqid etmək olar, musiqisini bəyənməmək də olar. Amma bir insanın həyatını, taleyini, çəkdiyi ağrıları lağ obyektinə çevirmək artıq başqa məsələdir.
Son günlər Əlikram Bayramov haqqında yazılan o istehzalı fikirləri oxudum. Oxuduqca qəribə bir hiss keçirdim. Çünki hədəfə tutulan adam mənim tanıdığım Əlikram ola bilməz Mən tamam başqa Əlikram tanımışam. Səhnədə görünən adamdan daha çox, həyatda ağır yollar keçmiş, kövrək, həssas və qəlbi təmiz bir insan görmüşəm.


Mən özümə borc bildim ki, bu barədə münasibət bildirim. Çünki susmaq bəzən haqsızlıq qarşısında razılaşmaq kimi görünür.
İnsanlar çox şeyi bilmir. Bilmir ki, bəzi adamlar həyatda çox erkən sınır. Əlikram Bayramov uşaq yaşlarında atasını itirib. Ata itkisi insanın içində heç vaxt dolmayan boşluq yaradır. Həyat onu erkən böyüdür, erkən yorur. İnsan zahirən gülə bilər, amma daxilində bir uşağın ağrısını ömrü boyu daşıyar.
Mən onun uşaq kimi hönkür-hönkür ağladığını görmüşəm. Həm də saxta göz yaşı yox… İnsanın içinə işləyən, qəlbi titrədən bir ağlamaq. O an anlayırsan ki, səhnədə insanları oynadan adamın daxilində necə böyük ağrılar yaşayır. O göz yaşında şöhrət yox idi, nümayiş yox, sadəcə yorulmuş bir qəlbin səsi var…
Bəlkə də buna görə onun mahnılarında həmişə bir yanğı hiss olunur. İnsan yaşamadığı dərdi oxuya bilməz. Kimlərsə bunu bayağılıq adlandırır, amma mən o səsin içində həyat görmüşəm, həsrət görmüşəm, yarımçıq qalan uşaqlıq görmüşəm. İnsanların çoxu mahnıya qulaq asır, amma az insan mahnının içində gizlənən ağrını eşidə bilir.
Bu gün sosial şəbəkədə oturub kimisə məsxərəyə qoymaq çox asandır. Bir neçə cümlə yazıb minlərlə insanı güldürmək də asandır. Amma bir insanın qəlbini anlamaq çətindir. Çünki insan tanımadığı adamın həyatını bilmir. Bilmir hansı gecələri ağlayıb, hansı ağrıları içində susdurub, hansı yaraları gizlədib.
Əlikram Bayramov haqqında yazılan o ağır sözlər mənə ona görə təsir etdi ki, mən onun insanlığını görmüşəm. O, həddindən artıq kövrək adamdır. İnsanların dərdinə yanandır. Sadədir. Təmtəraqdan uzaqdır. Bəzi insanlar səhnədə başqa cür görünür, həyatda başqa cür olur. Amma Əlikram həyatda daha saf görünən insanlardandır.
Əlikram qədirbilən, çörəkverən adamdır. Çox sayda el şənliklərində bir yerdə olmuşuq. İnsanlarla münasibətində həmişə səmimi olub. Çətin gündə də, xoş gündə də dostunun yanında dayanmağı bacaran insanlardandır. Bu xüsusiyyət hər adamda olmur. İnsan birini yaxından tanıyanda onun səhnədən görünməyən tərəflərini daha yaxşı anlayır.
İnsanların bir çoxu sənətkarın yalnız səsini görür. Amma sənətkarın bir də görünməyən tərəfi olur. Onun gecələri, yorğunluğu, içində daşıdığı ağrılar, gizlətdiyi göz yaşları… Həqiqi insanı da məhz bunlar tanıdır.
Musiqisini bəyənməmək olar. Bu, tamamilə normaldır. Hər insanın zövqü fərqlidir. Amma zövq başqa şeydir, hörmət başqa. Bir insanın illərlə bu xalqın toyunda, sevincində, yasına yaxın kədərində iştirak etməsini yox saymaq insafsızlıqdır. Bu xalq heç vaxt saxta adamı uzun illər bağrına basmayıb. İnsanlar qəlbində istilik hiss etmədiyi adamı illərlə dinləməz.
Mən bir şeyi yaxşı bilirəm ki, saxta insanlar tək qalanda uşaq kimi ağlamır. Qəlbi daşlaşmış adamın göz yaşında o qədər səmimiyyət olmur. Mən Əlikram Bayramovun o kövrək halını görmüşəm və o gündən sonra onun haqqında yazılan istehzalı sözləri oxuyanda sadəcə susa bilmirəm.
Çünki bəzən bir insanı qorumaq yox, sadəcə haqqını vermək lazımdır.
Əlikram Bayramov haqqında nə düşünürlər düşünsünlər, mən onun həyatın içindən gələn bir insan olduğunu bilirəm. Ağrını da yaşamış bir insan. Sevinci də, ən əsası ürəyi hələ də sərtləşməyən bir insan….
Bu dünyada ən çətin şeylərdən biri qəlbi təmiz qalmaqdır. Məncə, Əlikram Bayramov bütün yaşadıqlarına baxmayaraq bunu bacaran insanlardandır

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: