“İlahi, rəhm eləmə, qoy uzansın bu ömür”

Şair, publisist, təpədən-dırnağa azərbaycanlı Faiq Balabəylinin 60 yaşına

 

Qəfil yağan yağış isladacaq

uşaqlığımın ayaqyalın keçdiyi yollarını

– deyən Faiq Balabəyli 60 yaşın ucalığına qədəm qoyur. Qədəm qoyur ki, bu ucalıqdan yaşanmış ömür taleyinin bütün nöqtələrinə yuxarıdan baxa, onları daha dərindən təhlil edə, görə, ayaqyalın, başıaçıq çağlarında daddığı atasının “siqaret qoxusu verən öpüşü”nü  nəvəsi, bapbalaca adaşı Faiqə ötürə bilsin! Ardıcıllığı pozmaq olmaz axı…

Bəlli bir zaman intervalına sığan adi insan həyatından başlamış, kitablaşmış yaradıcılıq nümunələri ilə zəngin dərsə davamiyyətin 60 illik “gündəlik”ində acılı-şirinli nələr yazılmayıb, nələr əks olunmayıb?! …20 Yanvar faciəsini bütün ağırlığı ilə yaşamaq, hələ də tamamən bitib-tükənməyən keçid dövrlərimiz, xaotik keçid dövrlərinin qanunsuzlarının “bəxş etdiyi” məhbəs həyatı, Qarabağ savaşımızın gətirdiyi üzüntülər və nəhayət Qarabağda parlaq Zəfərimiz. Şükürlər olsun ki, bu ziddiyyətli yaşantıları həyatından keçirmiş dostumuz Faiq Balabəyli sonucda qalibdi, sıralarımızdadı, yazıb-yaradır, üstəlik dünyaya bəxş etdiyi övladları ilə bərabər xalqımızın ictimai-siyasi həyatında, ədəbiyyat tarixində də öz sözünü deyə-deyə ahıllıq çağlarına doğru irəliləyir.

…60 yaş bir insanın, bir şairin özünə və xalqına hesabatı üçün gözəl fürsətdi. Yubiley günlərinin yaratdığı ab-hava sənin hesabata əliboş çatmadığının təzahürüdür həm də, əziz dostumuz.

Bilirəm darıxırsan,
Gözlərin də yol çəkir.
Dərd, sevincin üstünə
İmza atır, qol çəkir.

Poeziyanın qanadlarında yorulmadan irəliləyən Faiq Balabəylinin diqqətləri xüsusi cəlb edən bir özəlliyi də şeirlərində, publisistikasında xalq dilini məharətlə yaşatmasındadır.

Kövşən ətri gəlir, bax
Mənim şeirlərimdən.
Zülmət düşəcək sabah,
Gəl yapış əllərimdən.

Faiq xalqımızın ayrı-ayrı bölgələrdə işlətdiyi qədim, arxaik ifadələri də toplayaraq hələlik sosial şəbəkələrdə ictimailəşdirməklə onların unudulmaması üçün çabalar göstərir. İnşallah, kitab halında çap olunaraq gələcək nəsillərin yaddaş etalonuna çevriləcək bu sözləri toplamaqla da o, öz vətəndaşlıq, azərbaycançılıq borcunu yerinə yetirmiş olacaq.

…Faiqin şeirlərindəki, publisistikasındakı oxunaqlılıq, axıcılıq da xüsusi bir tədqiqatın mövzusudur. Yəqin ki, ədəbi tənqid bu barədə zaman-zaman danışmaqla onun spesifik cəhətlərini Azərbaycan oxucusunun diqqətinə çatdıracaq:

Deyin, neçə il qabaq
səni atıb-gedəndi.
Ürəyi səndə qalıb
gəzdirdiyi bədəndi.

Yaxud, tamamilə fərqli bir ampluada:

Bir bəri dur
heç nə olmayıbmış kimi
yeriyək kor taleyin üstünə,
Barmaqlarımızı batıraq qanımıza
çəkək alnımıza,
görək poza bilirikmi? –
İnanma dostum, inanma.
Hələ havaların soyuqluğu
canımızdan çıxmayıb,
gözlədiyimiz ağır xəstəliklərin virusları
qanımızdan çıxmadığı kimi…

Eləcə də:

Belə getmə, görənlər var, dur görüm,
Bir gülümsə, gözlərində nur görüm.
Günahım var, gəl boynumu vur görüm,
Müntəzirdi, qabağında baş durub!

Onun uca Yaradana xitabən yazdığı bu şeiri isə bu mövzuda çox nadir nümunələrdəndir ki, öz mahiyyətini giley-güzarsız, sadəcə Allaha səslənməklə arzu, dilək şəklində ortaya qoyur:

İlahi, rəhm eləmə, qoy uzansın bu ömür
yaş olan yanaqların tamı, duzu bilinsin.
İlahi, qələmindən boy verən alnımdakı
hər yetənə oxunan yazıların silinsin.

Qalanını “oxucuya hesabat” günündə özündən eşidərik, inşallah. Hələliksə 60-na səmimi təbriklərimi çatdırmaq ümidi ilə

Nəzirməmməd Zöhrablı,

jurnalist-publisist

 

Share: