“Heç bir beynəlxalq qurum ruslara sülhməramlı mandatı verməyib”

“Ermənilər Azərbaycanı ona təhrik edirlər ki, Azərbaycan o 44 günlük Zəfər müharibəsinin davamına başlasın. Onların bütün hərəkətləri buna istiqamətlənib. Çox yaramaz, çox ağılsız fəaliyyətlə məşğuldular. Həm İrəvandakı mitinqlər, orada səsləndirilən şüarlar, fikirlər, həm Qarabağdakı fəaliyyətləri, tabesizlik hərəkətləri Qarabağda 1991-ci ilin sentyabrından yaratdıqları seperatçı, cinayətkar, terrorçu qurumun mövcudluğunu saxlamaq, bir növ onu tanıtmaq istiqamətində çalışmalardır”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərimizdə erməni separatçılarının yeni səngərlər qazmasına münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, o səngərlər elə Rusiya hərbçilərinin başçılığı ilə qazılır:

“O səngərlər də çoxdan qazılır. Bu gün də davam edir. Təbii ki, ermənilər bu səngərləri özbaşına qazmır. O səngərlər orada mövcud olan Rusiya hərbi kontingentinin himayəsi altında, onların təlimatı, təşkilatçılığı, müdafiəsi altında qazılır.  Bu da təbii ki, yaxşı heç nə vəd etmir. Bu artıq “dəmir yumruğun” yenidən işə düşməsinə səbəb olacaq hərəkətlərdir. Yəni bunların beynəlxalq səviyyəli görüşlərdə boğazdan yuxarı yalandan hiyləgərliklə səsləndirdikləri sülh sazişi, barışıq, filan, bunlar hamısı yenidən vaxt udmaq, güclənmək, silahlanmaq və xam xəyallarında olanları həyata keçirmək üçündür. Ancaq bunların heç biri mümkün olmayacaq, həyata keçməyəcək”.

Elman Məmmədov əminliklə vurğuladı ki, Azərbaycan tezliklə ərazilərini tamamilə bərpa edəcək:

“Azərbaycan öz ərazisində olan ermənilərin nə qədər cinayətkar, tör-töküntü, zibili, seperatçıları, terrorçuları, qeyri-qanuni silahlı birləşmələri varsa, hamısını ərazimizdən təmizləyəcək. Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olunacaq. Bizə tabe olub, qanunlarımızı qəbul edib, bizim qanunlarla yaşamaq istəyənlər qalıb yaşayacaq, yaşamaq istəməyənlər ya məhv olacaq, ya da ərazimizi tərk edəcəklər. Bunların bütün hərəkəti buna yönəlib”.

Deputat qeyd etdi ki, Rusiya kontingenti özü-özünü sülhməramlı adlandırır:

“Səngər qazaraq müdafiə sistemlərini yaradırlar. Səngəri özbaşına qazmırlar ki? Onların səngər qazdıqları yerdə Rusiya sülhməramlıları dayanıb. Onları Rusiya hərbçiləri qoruyur, onlar deyir ki, burada qazın, orada qazın. Yəni onlar bu məsələlərdə tək deyillər. Axı Rusiya sülhməramlısı gəldiyi gündən sülhməramlılıq etmir. Onlar gəldiyi gündən erməniməramlılıqla məşğuldur. Gəldiyi gündən cinayətkarlarla, seperatçılarla əməkdaşlıq edir, onları müdafiə edir, onlarla birlikdə fəaliyyət göstərir. Ona sülhməramlı demirlər ki. Ona elə Rusiya dövlətinin məhdud sayda ərazimizə yerləşmiş hərbi kontingenti deyirlər. Heç onlara bu gün də heç bir beynəlxalq qurum nə sülhməramlı mandatı verməyib, nə də sülhməramlı kimi tanımırlar da. Özləri özlərini sülhməramlı adlandırıb, gəliblər”.

Müstəqil.Az

Share: