“Hərbi xidmətdə olmamışam” – Əli Həsənovun nəvəsi məhkəmədə

Baş Nazirin müavini Əli Həsənovun nəvəsi məhkəmə zalına qolu qandallı gətirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun “Gelandawagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş nəvəsi Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesə N.Allahverdiyev qolu qandallı gətirilib.

Prosesdə zərərçəkmiş Türkiyə vətəndaşları – Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişin məhkəməyə gəlmədiyi elan olunub. Daha sonra hadisə zamanı dünyasını dəyişən şəxslərin hüquqi varisləri Rauf Səmədov, Ramiz Əsədov, Adil Ocaqverdiyev və Ülviyyə Əliyevanın iclasda iştirak etdiyi açıqlanıb.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, N.Allahverdiyev 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. O bildirib ki, evlidir, ali təhsillidir, əvvəllər məhkumluq həyatı yaşamayıb, həbs olunana qədər işləməyib və hərbi xidmətdə olmayıb.

N.Allahverdiyevin vəkilləri iclasda heç bir vəsatət vermək istəmədiklərini söyləyib.
Məhkəmənin baxış iclası dekabrın 1-nə təyin edilib.

Nail Allahverdiyevin cinayət işinin istintaqı yekunlaşıb. Baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib. Hazırlıq iclası noyabrın 24-nə təyin edilib.

Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

“Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək”, – birgə rəsmi məlumatda bildirilib.

Müstəqil.Az

Share: