HƏMİŞƏ SÖZÜN YANINDA… və yaxud Orda günəş başqa, gülüş başqadı…

Yəqin bir gün gələr, ağıllanaram…

– Bu onun ad günündə dostlarına yazdığı şeirin sonuncu misrasıdır. Təvəzökardı, diqqətcildi, haqqı sevəndir, yaxşı mənada dikbaşdır. Çəkinəcəyi yer yoxdur, yerini biləndir, dəvətsiz yeri dar eləmədiyinə görə də gözü kölgəli deyil, baxmayaraq ki, bəzən yuxusuzluqdan, yorğunluqdan gözlərinin altında xırda tuluqlar kölgə rəngində görünür.

Əlbəttə şair-tərcüməçi Səlim Babullaoğlundan bəhs edirəm. Ömrünün 50-ci baharını, yaşının 50-ci qış fəslində yola salan oğlanın, şairin, dostun, ədəbiyyat və söz təəssübkeşinin yaşının üstünə bir yaş da yazıldığı məqamda ondan söz açıram.
Kimdir Səlim Babullaoğlu sualı verilməsin, çünkü cavabını mən verməyəcəm, özü kimliyini çoxdan təsdiq edib və tanıdıb. Hə, yerini, yurdunu soruşmaq olar, baxmayaraq ki, hər kəs bilir, həmişə ədəbiyyatın,  sözün yanında, sözün içindədir, axtarmaq tapmaq çətin olmaz. Nə olsun ki, özü
Bir az uzaqlarda axtarın məni,
Bir az söhbət edək bu yerdən uzaq.
Bir az xəyallarda axtarın məni,
Qaçaq bu çirkabdan, qaçaq, qurtulaq, -deyir. Ətrafda baş verənlər şair müşahidəsindən, şair nəzərindən kənar qalmaz, əlbəttə. Hər şeyi adı ilə çağırmağı da bacarmaq lazımdır. Daha təmiz, daha saf, ilıq bir yerdə olmağa can atanlar məhz belə də düşünməlidir və yerini bildirməlidir:
Aydın sabahlarda axtarın məni,
Orda günəş başqa, gülüş başqadı…
Həm də onu soraqlamaq istəyənlərə, dost bildiklərinə özündən və sözündən ötrü darıxanlara ismarıcı da başqa cür olamaz:
Məni öz içimdə axtarın bir az,
Bir gün öz içimdə azacam bilin.
Onun “içi” isə şeirlərinin misralarında, oxucu diqqətindədir, qaranlıq yerdə, hansısa tində, dalanda deyil… Demək oxumaq lazımdır, mütaliə zamanı özü öz misralarının içindən boy göstərəcək, burdayam, deyəcək.
Şeirləri vasitəsi ilə “Tanrı günahları bağışlayan yer”də olduğunu bildirəcək və diqqətli oxucudan sanki aman diləyəcək, Sönük sətirlərdən sormayın məni, deyəcək şair Səlim.
…Tanışlığımızın yaşı xeylidir. İndi tarixə çevrilən bir qəzetdə işləyirdi. Qəzetin ədəbiyyat bölməsinə rəhbərlik edirdi. O zaman daha gənc idi. Qarşılaşdıq, hal-əhval tutduq, məndən qəzet üçün şeirlər istədi və bir neçə gündən sonra göndərdim. Növbəti həftədə dərc etmişdi və haqqımda xoş sözləri yazmağa da macal tapmışdı. Bundan sonra mütəmadi görüşməsək də, imzasının izləyicisi oldum və bu gün 50 yaşlı qələm dostum həyatda da dostum olaraq qalmaqdadır. Hə, yuxarıda demişdim axı, diqqətcildir. Oğlum Turalın yazılarına həssaslıqla yanaşıb, ona master-klass keçib, məsləhətlərini verib. Bir dəfə söz düşəndə, mən onu sənin oğlun kimi qəbul etdim, yazılarına baxdım və indi Turalın öz imzasına görə müraciətlərinə diqqət ayırıram, dedi.


Etiraf etməliyəm ki, Səlimin şeirlərini mənə onun özünün səsi, diksiyası, yazdığı şeiri dinləyiciyə çatdırmaq məharəti sevdirib və daimi oxucusuna çevirib. Şair yaşadığını yazanda daha uğurlu olur, deyimləri ilə razılaşmamaq olmur və bunu da əlavə etmək yerinə düşər ki, yaşantılarını, yaşadıqlarını daha gözəl ifadə etməyin bir tərəfi də obraza, şeirin iç qatına girməkdir ki, Səlim bunu çox gözəl edə bilir. O, təkcə şeirin nəqlini, poetik ifadısinin gözəlliyini deyil, həm də onun ünvana-oxucuya çatdırılmasını da çox yüksək səviyyədə bacarır.
Hər kəsin oxuduğu – yaşadığı mətnin içində olan “Həmin qadına məktub” sanki tərəfimizdən oxunmur, yazılır, etiraf edilir:
Mənə şəkil göndərdin
uzun illərdən sonra,
bəraətçün şəkillər
görən, nə deməliydi?…
Və ardınca da özü özünə təskinlik və və düşüncələrinə bəraət:
Hə, elədi, sükutda
gizlənib bütün sözlər.
Bu arada şair ürəyi, hissiyatı və qəlb qırmamaq, xəyal qırıqlığı yaratmamaq üçün edilən jest:
Gözəldi saçında ağ-
iztirabın sancağı.
Amma özünün yaşantısı ilə yuxarıda dediyim kimi, bir qisim oxucunun da durumunu əks etdirir demək yerinə düşür. Bütün anlaqlı həyatın, etirafın, ağrı-acının, yaşantının içindən bu günə qədər gəlib çatanlar:
Mənimsə köksümdədi
xəyanət qəlpələri.
Şəhvətin köynəyini
təəssüf yeli qurudub.
Birlikdə son günümüz,
yəni, o şəkil, əda,
keçmisin yaddaşında
indi çoxdan soluxub.
Bax belə…Amma düşünürəm ki, yaddaşdırsa, deyilirsə, təəssüf…və eyni zamanda bunları belə həzin sözlə (səslə) etiraf etmək mümkünsə, heç də soluxmayıb, keçmişin deyil, keçmişdən bu günə qədər gəlib çatanlardır; soluxmayıb, bütün olanları ilə sağdır, safdır, yaşanır, alın yazısıdır, taledir. Axı,
Ömür harda yaşansa
tale orda qonaqdı.
Qonağısa qovmazlar,
bir də adət var axı.
Əlbəttə belə olmasaydı “Həmin qadına məktub” yazılmazdı….
Məktub demişkən, mənim bu yazımı şair dostum Səlim Babullaoğluna 50 yaşının tamamında bir məktub kimi də başa düşmək olar, “Polkovnikə heç kəs yazmadığı” bir zamanda bir gəmi komandirinin, şair həmkarının yazdığı məktub kimi… Özü demişkən:
Şükür, hələ yaşanır
Həyat ay-ay və il-il.
Ömrümüz xırdalanır
yollarda ləpir-ləpir.
… Gerçəkdən olanlara ŞÜKÜR… Şair özü demiş, ömür ay-ay, il-il yaşanırsa, deməli hələ şükranlıqlar var. Ömür dediyin də budur… Hələ şükür zamanın darmacal vaxtında belə dostluğun var olmasına. Ona da şükür ki, bu dostluğun bir tərəfində Səlim Babullaoğlu, bir tərəfində də
Faiq BALABƏYLİ
var…

Share: