“Gül ətirli şeirlər haqda bir neçə kəlmə…”-Gənc şair Elnur Uğurun fikirləri…

Gül ətirli şeirlər haqda bir neçə kəlmə

Bu gün istedadlı qələm dostumuz Neftçala rayonunda yaşayıb –yaradan, ictimaiyyətçi Gülqədəm Mirzəzadə “Səmavi” adlı şeirlər kitabını mənə yollayıb. Kitabı oxudum və məndə belə rəy formalaşdı ki,mən kitab haqqında mütləq yazmalıyam. Bu kitab haqqında yazmaq istəyim müəllifi tanıdığımdan deyil, şeirlərdəki səmimiyyətdir. Kitaba şair Zabil Pərviz “Sözün yeddinci qatı” başlıqlı ön söz yazıb.

 

Elə bu adda bir az düyünə düşdü fikirlərim. Sözün yeddinci qatına çıxmaq müasir şairlərdən kimə nəsib olub, görəsən?

Daha burda axsamayıb keçirəm kitab haqda olan fikirlərimə. Kitab heç şübhəsiz ki, şair qələminin bəhrəsidir. İçində arıtlanmalı mətnlər olsa da, ümumilikdə bədii tutumu, fikir orijinallığı olan şeirlər də az deyil. Gülqədəm Mirzəzadənin şeirlərində poetikanı bir kənara qoyuram, səmimiyyət daha çox təsiredicidir. “Xoşbəxtliyim” şeirində misra – misra pıçıldayır şairin lirik məni istəyini:

Mən səni gözlərdən varaqlayıram,

Bəlkə, baxışımda donub qalasan.

Səni könüllərdən soraqlayıram,

Ömürlük qəlbimdə qonaq olasan.

Göründüyü kimi, lirik mənin səmimiyyətinin təzahürüdür bu misralar.

Və yaxud müəlifin “ O günü ömürdən sayma” şeirində:

“Nifrətimin atəşi sən,

Söndür yanan atəşi sən.

Köksüm altında közərən,

Alovu sönməyə qoyma”

Sevgi dolu bir könül hayqırır içindəki boşluğu doldurmağa. Qeyd etdiyim bitkin hissədə birinci misra ilə sonrakı misralar arasında fikrin assosiativ çaları itir,amma səmimiyyət qeyd etdiyim nüansları arxa plana keçirir və şeirin oxunaqlılıq səviyyəsini aşağı salmır.

Gülqədəm Mirzəzadə nəğməkar şairdir. Lirika onun şeirlərinin canıdır. Musiqiyə dərindən bələdliliyi ona şeirdə lirik notlarda daha rahat gəzişməyə imkan verir. Bir də G.Mirzəzadə vətənpərvər şairdir. Bu gün çoxunun daxili məninə endiyi bir dövrdə Gülqədəm Mirzəzadə Vətən harayına hay verir, bir – birindən gözəl Vətən nəğmələri yazır. Ümumiyyətlə, Gülqədəm Mirzəzadə şairdir. Ona bu yolda axsamamağı, hədəfə düz addımlamağı arzu edirəm. Ümidvaram ki, irəlidəki kitab təqdimatlarında onunla bir cərgədə dayanıb yaradıcılığı haqqında danışacağam. Hələ ki, buradan sabahkı təqdimatı münasibətilə gözəl şairəmizi təbrik edirəm.

Uğur olsun!

 

Hörmətlə: Prezident təqaüdçüsü, Şair Elnur Uğur

Share: