“Özünü sonuncu xatirə şəkli kimi, yataq otağımızın divarından söküb apardın…”-Seyhun Hökmdar…

Müstəqil.Az gənc yazar Seyhun Hökmdarın yeni şeirlərini təqdim edir:
                    Qadın
Buruq buruq saçlarında can verən qadın.
Gel öpüşək axsın içimə son nəfəsin.
Ahların göy qurşağıdı imdadın,
ölümün nə gözəldi göz dəyməsin.
 
Ağrı göyərir yanaqlarında,
gözlərində tabutun saralır.
Gel qucaqlayım səni,
de ki tabutum sarılır.
 
… Ağaclar küləyinə üşüyür bu gecə;
sillələyir ağacları buruq saçların.
Əllərini qaldır havaya, əllərindən as özünü.
Sonrada şahid yaz ölümünə ağacları.
Getdin
 Hər gün bir şam yandırdım
baxışlarının qaranlığına.
Kölgə düşürdü dodaqlarının arasından çıxan sözlərə.
Gözlərin lüləsi qırıq dəmlik kimi süzürdü göz yaşlarını.
Buxarlandı ağzından qaynar-qaynar əlvida sözü,
buz kimi havada.
Getdin, baxışlarım iməklədi arxanca
Getdin,
Arzularımı ovcunda büküb apardın
Sanki kirayə mənzil idi bu eşqimiz,
Özünü sonuncu xatirə şəkli kimi
Yataq otağımızın divarından söküb apardın.
 Məni dəli sanmayın!
 Görkəmindən görünür,
Gözümün önündəsən.
Sən nə zillətlər çəkib,
Nə zülümlər görmüsən.
Mən xəcalət çəkirəm,
Dərdinə yadam deyə
“Bu cür rüsvayçılığa,
Göz yumar, adam?” – deyə?!
Görənlər də qınayar,
Axı məni kənardan
“Necə sevirsən?” – deyə. amma
Soruşmazmı, bir adam?
Başaşağı dikməyin
Axı nə faydası var?
Belə də sevgi olar?
Sevginin qaydası var.
Mən heç xeyir güdmürəm,
Axı səndən, bilirsən.
Gileyim güzərandan,
Sən özün də görürsən.
Dərdlərin qarşısında
Dik dayanıb, amma ki,
İçdən çökmüş qadının,
Həyata gülməyini.
Sən asanmı bilirsən?
Dərdini bilən insan
Gülüşün üsyan sayar.
Səni anlamayanlar,
Gülüşünü görüncə,
“Nə xoşbəxt qadın.” – deyər.
Xoşbəxtmi! Gerçəkmi bu?!
Nolar, ey Allahım!
Mənə agah eylə, sən
Mənim Tanrı baxışlı –
Qadınımın dərdini.
Məni dəli sanmayın!
Sadəcə diləyim bu
Gözümün aynasında
Yaşasın, eşqim mənim.
Yaradanın izinilə,
Heç xəbərim olmadan,
Gözlərimdə qoruyum,
Həyatını sevgimin!.
Çoban qızı
Gülüşlərin qəlbimə yeriyir çoban qızı.
Göz yaşların can verir dodaqlarında.
Elə ağlama qurbanın olum
Alın yazmız hürür o işıq gələn tərəfdə
Acdı, baxışlarını at yesin,
bəxtimizin çoban iti
Götür tütəyini çal,
Ayrılığımızın şərqisi olsun “Çoban bayatısı”
Baxışlarını söküb aparıram yanaqlarından.
Ağlayıb saxlama məni, qurbanın olum.
Share: