Ermənilər Aprel döyüşlərini “soyqırım” kimi qələmə verərək amerikanları necə aldatdı?.

Faiq Balabəyli: “Əsl həqiqətin nə olduğunu gizlədib dünya ictimaiyyətinə özlərini yazıq, soyqırıma məruz qalan əzabkeş millət olaraq…”

Ermənilər kino sahəsində elə ağılagəlməz tryüklar edirlər ki, adamın qanı quruyur. Onların uydurma mövzularda film çəkib müxtəlif kateqoriyalı beynəlxalq kino mükafatlarına təqdim etmələri, festivallara göndərmələri adi hal alıb. Təsəvvür edin ki, onlar indiyə qədər qondarma “soyqırım” barədə neçə film çəkib dünyaya yayıblar. Azərbaycana aid filmlərdə siyasi rəng  axtaranlar ermənilərin iftira, uydurma dolu filmlərinə yaşıl işıq yandırıblar.

img

Ermənilər həm Birinci, həm də İkinci Qarabağ müharibəsi, o cümlədən də Aprel döyüşləri barədə filmlər çəkib dünyanı aldatmaqla məşğuldur. Maraqlıdır ki, soyqırım törədən toplum olan ermənilər bu filmlərdə özlərini “soyqırıma” məruz qalan, “əraziləri” “işğal olunan” xalq kimi,  qələmə verirlər, Azərbaycanı “işğalçı” dövlət kimi tanıtmağa çalışırlar. Bir sözlə, öz adlarını bizə qoyurlar. Təsəvvür edin ki, haqlı tərəf olduğumuz halda bizim bu mövzuda bir filmimiz belə yoxdur, olar yalan-uydurma dolu filmlər çəkib yayırlar.

Dediyimiz kimi, ermənilər Aprel döyüşlərini də təhrif edirlər və konkert olaraq kinoda əks etdirirlər. Belə ki, erməni rejissor Roman Muşeqyan tərəfindən 2022-ci ildə “Bahar…” adlı film çəkilib və2016-cı ildə baş vermiş Aprel döyüşlərinə həsr olunub.

Azərbaycan mediasının məlumatına görə,  ermənilərin Aprel döyüşləri haqda çəkdikləri bu uydurma film ABŞ-ın nüfuzlu 19-cu “Accolade Qlobal Film Yarışması”nda əsas mükafata layiq görülüb.

Filmdə ermənilər özlərini “soyqırıma” məruz qalan tərəf kimi göstərərək, əsl həqiqətləri tamamilə uydurublar.

Filmin süjet xətti üç nəsil ata və oğul münasibətlərini əks etdirir. Baba daim uydurma “arsax” uğrunda döyüşür. Oğlu iş adamıdır və bu müharibəyə qarşıdır. Nəvə Levon isə skripka ifaçısıdır, lakin babasının təsirinə düşür və  müharibəyə gedir.

Film “Accolade Qlobal Film Yarışması”nın “Ən yaxşı şou film” kateqoriyasında qalib olub.

Qeyd edək ki, Ermənistan bu filmi dünyaya dırnaqarası erməni soyqırımı haqqında film kimi təqdim edir. Film hətta Ermənistanda “Fəxri mükafat”a layiq görülüb.

Onu da əlavə edək ki, Azərbaycan əleyhinə olan uydurma “Bahar… ” filmi ötən ay ABŞ-da “Sərhədsiz Sənədlər” Beynəlxalq Film Festivalında qalib olaraq, “Mükəmməllik Mükafatı”na layiq görülüb. Bundan əlavə, film nəticələri oktyabrın əvvəlində açıqlanacaq digər Amerika festivalı “Qlendeyl Beynəlxalq Film Festivalı”nın müsabiqə proqramına daxil edilib.

Qondarma erməni soyqırımı mövzusu dünyanın bir çox ölkəsində, o cümlədən də ABŞ-da bizə qarşı siyasi təzyiq aləti kimi istifadə edilir. Əlbəttə, bu mövzuda filmin çəkilməsi və onun ABŞ-da ödülləndirilməsində təəccüblü heç nə yoxdur. Çünki o cür filmlərə “ilham verən” elə ABŞ kimi dövlətlərdir ki, onlar həmişə ermənilərin “soyqırıma” məruz qaldığını iddia edirlər. Bu gün ermənilərin Aprel döyüşlərində “soyqırıma” məruz qalmaları barədə uydurduqları nağıllara inanların olması qəribə görsənir. Aprel döyüşləri dünyanın gözü qarşısında baş verib və burada da heç bir soyqırımdan söhbət getmir. Soyqırıma məruz qalan bizik, ermənilər deyil. Amma təəssüf ki, ermənilər dünyaya bunun tam əksini göstərir, özü də kino vasitəsilə. Kinonun da təsir gücündən geniş danışmağa ehtiyac yoxdur. Ermənilər kinodan da siyasi saxtakarlıq aləti olaraq istifadə edirlər. Biz isə hələ də kino çəkmək əvəzinə ona ayrılan pulları xımır-xımır yeyirik, pullu iş adamlarımız isə şou-biznesçilərə pul yatırırlar ki, onlar üçün rahat həyatı təmin etsinlər. Məsələ budur ki, ermənilər qara qışqırıq salıb yalanlarını eşitmək istəyənlərə yalan danışırlar.

Biz nə edək ki, heç olmasa onların səsini boğa bilək, bu halın qarşısını alaq?

“Şübhəsiz ki, burada ABŞ-dakı erməni lobbisinin təsiri var, çünki onlar festivallara, yarışlara, müsabiqələrə müdaxilə edə bilir”

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu istiqamətdə çox güclü işlər görülməlidir ki, bu saxta təbliğatın qarşısı alınsın: “Mövzu ilə bağlı düşünmək,  məkrli erməni təbliğatına qarşı nə etmək gərəkir, deyə fikirləşmək aktual olsa da çox gecdir. Bu zaman-zaman belə olub. Yadıma bir əhvalat düşdü, onu deyim, sonra münasibətini bildirərəm. 1983-cü  il idi. Qərbi Sibir hərbi dairəsibndə, Tomsk şəhərində xidmət edirdim. “Smena” jurnalında bir rəssamın əsərləri verilmişdi. Qriqoryan familiyalı rəssam haqqında Ermənistanın Qarabağ bölgəsində, Stepanakert şəhərində doğulduğu yazılırdı. Təbii mən  erməni əsgəri Potvakan Ambaryanla söhbətim zamanı o şəhərin Azərbaycana aid olduğunu dedim və o gündən də erməni zabiti Vaskanyanın qara siyahısına düşdüm, hətta qaubvaxta qədər bu davam etdi. Düzdür, buna səbəb heç də millətçilik damğası deyildi. Amma mən bilirdim ki, bu belədir. Yəni bizim yaşımızdan qabaq da erməni məkri bu qarayaxmalarla dünyaya öz çirkin varlıqlarını nümayiş etdiriblər, hətta uğur da qazanıblar. Dünyaca məşhur olan “Arşın mala alan” operasını ABŞ da öz əsərləri kimi tamaşa qoymaları və yüzlərlə bu qəbildən olan hadisələr.

Ermənilərin Aprel döyüşləri haqda çəkdikləri film haqda məlumatlıyam. Etiraf edək ki, düşmən də olsalar öz ideologiyalarına, çirkli niyyətlərinə, qarayaxmalarına görə pis də film çəkməyiblər. Deyilənə görə bizləri “qan içən” haqsız müharibə aparan kimi verə biliblər. Film vasitəsi ilə 30 illik qəsbkarlıqları, təbliğatları, siyasi danışıqları ilə əldə edə bilmədiklərinə nail ola biliblər. Əsl həqiqətin nə olduğunu gizlədib də, dünya ictimaiyyətinə özlərini yazıq, soyqırıma məruz qalan əzabkeş millət olaraq göstərə və bizə qarşı nifrət oyada bilirlər. Bəs biz nə etməliyik? Əlbəttə, məsəl var, pazı pazla çıxararlar. Nə etmişik? Hansı filmi çəkmişik? Hanı bizim elə qurd ürəkli oliqarxımız ki, xalqdan çırpışdırdığı pulun kiçik bir hissəsini bu işə sərf etsin? Əlbəttə, hər şeyin üzərində maliyənin hökmü var. Ermənilərlə biznes qurmağa üstünlük verən iş adamlarımız olmamış olmaz, əlbəttə, hansı ki, mən bunu istəmirəm, arzulamıram. Amma müsabiqə elan edə bilərdilər, ortaya ssenari, rejissor işi qoyulardı və belə bir filmdə tərəfimizdən çəkilərdi. Bizim üçün bu çətin olmazdı, həqiqəti çəkəcəkdik. Əlbəttə, ermənilərin belə təbliğatına qarşı sərgiləyəcəyimiz mövqe həm də xarakter məsələsi olmalıdır. Kosmopolitizim, xalqlar dostluğu, xalq diplomatiyası, bunlar bir pərdədir, göz önünə tutulur. Həqiqət içdə, qəlbdə olur. Ürəyimizin səsi ilə nəfsimizə qalib gəlinməlidir. Hansısa bir səhnə ulduzuna milyonlar xərcləyən oliqarxlarımız məhz həmin paraya hansısa filmin çəkilməsində mühüm iş görmüş ola bilər. Çəkilən seriallarımıza, filimlərimizə baxdıqda insanın bədəninə üşütmə gəlir: Doğurdanmı, biz belə istedadsızıq?

Konkret olaraq demək olar ki, ermənilərin kino təbliğatına, əlbəttə, elə onların dili ilə, əməli ilə uzlaşa biləcək cavab vermək lazımdır. Həqiqətlərimizi çəkib də dünyada nümayiş etdirməli, kino festivallarına çıxarmalıyıq”.

F.Balabəyli qeyd etdi ki, onsuz da qondarma erməni soyrımı barədə filmlərin çəkilməsində, təbliğində, beynəlxalq festivallara çıxarılmasında, mükafatlara təqdim edilməsində xaricdəki erməni lobbisinin böyük dəstəyi var. O, hesab edir ki, bu gün ermənilərin əlinə fürsət düşüb və istədikləri yalanı danışırlar, təqdim edirlər. Erməni yalanların ayaq verənlərin ABŞ-da, Fransa da və başqa ölkələrdə oturduğunu deyən F.Balabəylinin fikrincə, xaricdə də Ermənistanın işğalçı, ermənilərin yırtıcı olduğunu bilirlər, sadəcə bu onlara lazım olduğu üçün susurlar: “Təəssüf ki, hələ də dünyada erməni yalanlarına, saxtakarlığına qulaq asanlar tapılır, çünki bu uydurmalar siyasi təzyiq vasitəsi kimi onlara lazımdır.  Ermənilərin Aprel döyüşləri barədə çəkdikləri film yalanlar, miflər üzərində qurulub, amma məlum maraqlar naminə film ABŞ-ın nüfuzlu yarışmasında mükafat alıb. Şübhəsiz ki, burada ABŞ-dakı erməni lobbisinin təsiri var, çünki onlar festivallara, yarışlara, müsabiqələrə müdaxilə edə bilirlər”.

İradə SARIYEVA

Share: