Dünyadan qovulmalı olanlar… – Etibar Əbilov yazır

 

Günümüzün ağır mənzərəsini, bəşəriyyətin düşdüyü çıxılmaz vəziyyəti əks etdirən bu möhtəşəm tablonun müəllifi Xalq rəssamı Sakit Məmmədovdur. “Dünyadan qovulanlar” adlanan bu tabloda bəşəriyyətə bir mesaj var: Nə vaxta qədər ki,insanlar- bütün bəşəriyyət fəlakət gətirən müharibələrdən əziyyət çəkəcək,nə vaxta qədər ki,insan oğlu öz mənasız əməllərinin əsirinə çevriləcək,nə vaxta qədər ki,öz rifahını başqalarının əməyi üzərində quran nadan insanlar olacaq,nə vaxta qədər ki,rəyasətə,şan-şöhrətə,pula,sərvətə sitayiş ediləcək … Sakit Məmmədovun “Dünyadan qovulanlar” əsəri də aktual olaraq qalacaq.
Bu misilsiz sənət əsəri bu günümüzlə də çox səslənir.Dünya az qala üçüncü dünya müharibəsi ərəfəsindədir.Bütin müharibələr ( fərqi yoxdur,istər böyük,istər kiçik), Sakit Məmmədovun bu tabloda “dünyadan qovduğu” nəsnələr səbəbindən baş verib.Bu tabloya diqqətlə baxın,daha doğrusu dünyadan qovulmalı olan həmin nəsnələrə: ayı xislətli harın tiranların taxt-taclarına,kimlərinsə toplamaqda doymadıqları qızıllara-dollarlara,iyrənc-vəhşi ehtiraslara,içərisində bir gün də yaşanılmayan ehtişamlı villalara,ölüm saçan raketlərlə, çeşid-çeşid silahlara…Şəhərləri,kəndləri xarabazarlığa çevirənlər,günahsız insanların qanını tökənlər,anaları oğulsuz,uşaqları valideynsiz qoyanlar,təbiəti viran qoyanlar…bir sözlə,şeytan xislətlilərin törətdikləri bu çirkin əməllərin bir adı var: vəhşilik …
Xalq rəssamı Sakit Məmmədovun “Dünyadan qovulanlar” əsəri haqqındakı bu kiçik qeydlərimi,böyük hind mütəfəkkiri Rabindranat Taqorun bir sözü ilə bitirmək istəyirəm: “İnsan vəhşiləşəndə vəhşi heyvandan qorxulu olur”.

ETİBAR ƏBİLOV.
Neftçala.

Share: