Dinlərin homoseksuallığa münasibəti necədir?

Homoseksuallıq eyni cinsdən olan insanların bir-birlərinə duyğusal və cinsi nöqteyi-nəzərdən yaxınlıq hiss etməsidir. Homoseksuallıqda anadagəlmə faktorların rol oynadığını söyləyənlər kimi, bunun sonradan yaranan bir xəstəlik olduğunu irəli sürənlər də var.
Amerika Birləşmiş Ştatlarında cinsi azlıqların sayı təxminən 8,8 milyondur. Eyni zamanda 1 milyon uşaq homoseksuallar tərəfindən böyüdülür. Heç bir araşdırma bunun nədən qaynaqlandığını dəqiq olaraq ortaya çıxara bilməyib. Cinsi azlıqlar dünya əhalisinin 5%-ni təşkil edir. Onların intiharları mühafizəkar cəmiyyətlərdə daha tez-tez baş verir. Belə gənclərin narkotik maddə istifadə etmə faizi digər gənclərdən daha yüksəkdir.
Dr. Rauben “Cinsi düzən” kitabında cinsi azlıqlar haqqında: “Heç kim homoseksual olmağa qərar vermir. Homoseksuallıq öz-özünə yaranır” fikrini qeyd edib.
Bəs dinlərin homoseksuallığa münasibəti necədir?
Yəhudilik dəhomoseksuallıq anlayışı “Tövrat” yaranan zamandan mövcuddur. “Tövrat” 5 kitabdan ibarətdir. Bəzən “Tövrat” dedikdə bütün yəhudi qanunu nəzərdə tutulur.
Musəvilik dinində homoseksuallıq mövzusuna“Tövrat”a daxil olan “Yaradılış” və “Levililər” kitablarında rast gəlinir. “Levililər” kitabında kişilərin bir-birləri ilə cinsi əlaqəyə girməsi qadağan edilib və bu iyrənc hərəkət olaraq dəyərləndirilir. Kişilərin bir-birləri ilə cinsi əlaqədə olmaları yəhudi qanunlarına görə edamla cəzalandırılır.
Homoseksuallıq müəyyən dövrə qədər yəhudiliyə zidd anlayış sayılırdı. Bu ziddiyyət Ortodoks yəhudilikdə hələ də davam edir. Lakin “Reconstruktionist” yəhudilik ilə “Reformist” yəhudilik məzhəbləri bu ziddiyyətə qarşı çıxaraq,  homoseksuallığa icazə verir. Homoseksuallığa icazə verilməsinə baxmayaraq, bəzi cinsi hərəkətlərin tətbiqi qadağandır.
“Tövrat”da cinsi azlıqlardan 2 dəfə bəhs edilir:
1. Qadınlarla yatdığınız kimi, kişilərlə yatmayın, bu iyrəncdir.
2. Bir kişi başqa bir kişiylə cinsi əlaqədə olarsa, ikisi də iyrənclik etmiş sayılır. Onlar qəti şəkildə öldürüləcəklər. Ölümə layiqdirlər.
Xristianlıq (Katolik və Ortodoks) dinində homoseksuallıq kəskin şəkildə rədd edilir və haramdır. Homoseksuallıq Tanrını inkar edərək ona itaətsizlik etməyin nəticəsi olaraq qiymətləndirilir. İnanca görə, Tanrı insanları qəlblərində belə istəklər olaraq yaratmayıb. Bu insanların öz seçimləridir və anadangəlmə hesab olunmur.
İsa Məsih bir ifadədə Tanrının kişi ilə qadını bir-birləri üçün yaratdığını qeyd edib:
“Yaradan insanları kişi və qadın olaraq yaratdı. Və dedi ki, kişi anasını-atasını buraxıb həyat yoldaşına bağlanacaq, ikisi bir bədən olacaqlar. Artıq onlar iki yox, bir bədən hesab olunurlar”.
Yəni münasibətin normalı qadın və kişi arasında olan əlaqələrdir.Xristianlıq inancına görə, homoseksual sayılan hər cür münasibət iyrəncdir və  bu Tanrının qəzəbinə layiq görülür.
Bəzən Avropada yayılmış homoseksuallıq Xristian dini ilə əlaqələndirilsə də, dində bunun haram sayılması Avropadakı bu vəziyyətin xristianlığın məhsulu olmadığını ortaya çıxarır.
İslam dinində homoseksuallıq barədə “Qurani-Kərim”də söhbət açılır.
“Quran”da öz cinsindən olan biri ilə əlaqəyə girdiyinə görə və müxtəlif günahlar səbəbiylə Allahın qəzəbinə tuş gəlib məhv edilən Lut qövmündən bəhs edilir.
Lut qövmünün kişinin kişiylə cinsi əlaqə qadağasına əməl etmədiyi üçün cəzalandırıldığı qeyd edilib. İslamda homoseksuallıq bidət hesab olunur. Lakin ayrı-ayrı məzhəblərdə mövzuya münasibət müxtəlifdir.
İslami təfəkkürdə “fahişəlik” anlayışı bir qadının evlilik xaricində başda pul olmaqla hər hansı bir qarşılıq gözləyərək, vücudunu bir başqa kişiyə satması mənasına gəlir. Amma bu terminin çox daha geniş mənada işləndiyi bildirilir və kişinin kişi ilə, qadının qadınla cinsi münasibətə girməsi də bu terminə daxil edilir.
“Qurani-Kərim”in “Məaric” surəsinin 29,30 və 31-ci ayələrində və “Nur” surəsinin 6 və 7-ci ayələrində evli olanların evli olduqları insan xaricində yaşadığı bütün cinsi əlaqələrin haram olduğu vurğulanır. Eyni zamanda, kişilər arası münasibətləri qınayan və qadağan edən bir çox ayə var. İslam dinində homoseksuallığın kəskin olaraq qınanıldığı və bü cür cinsi əlaqənin haram olduğu ən kəskin şəkildə “Əraf” surəsinin 80 və 81-ci ayələrində əksini tapıb.
“Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz?”
“Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!”
Buddizm təxminən 500 milyon üzvü olan din və təlimlər birliyidir. Əvvəlcə Hindistanda ortaya çıxmış, daha sonra zaman içində Cənubi, Cənub-şərqi və Şərqi Asiyada (Çin, Yaponiya, Koreya, Monqolustan, Nepal, Şri-Lanka,Tayland kimi ölkələrdə) yayılıb.
Fərqli dünyagörüşlərinə görə din və fəlsəfə olaraq təyin olunan buddizmin hədəfi, həyatdakı ağrı, iztirab və təminsizliyin qaynaqlarını açıqlamaq və bunları aradan qaldırmanın yollarını göstərməkdir.
Buddizm Allahsız dinlərdəndir. O, kainatı yaradan bir qüvvənin mövcudluğu fikrini dilə gətirmir.
Bu dində homoseksual münasibəti qadağan edən məcburi  qayda yoxdur.
Hər nə qədər buddizm cinsi münasibətlərə müsbət yanaşan bir din olsa da, bəzi cinsi əlaqələr günah olaraq qəbul edilir. Buddizmdə Qərb dünyasındakına bənzər bir cəhənnəm anlayışı var. Buddist anlayışına görə, hər insan öz  davranışlarından məsuliyyət daşıyır. Ən böyük günah isə ana ilə yaşanan cinsi əlaqə hesab olunur. Bu günahı edənin yeri cəhənnəm sayılır. Homoseksuallıq isəən yüngül günah olaraq dəyərləndirilir.
Yaponiyada yerləşən bir buddist məbədi homoseksual cütlüklərin bərabər dəfn olunmasına icazə verir. Homoseksualların evliliyi isə Yaponiyada qadağandır.
Buddizmdə hər iki tərəfin razılığı əsasında sevgi, hörmət olan münasibətlərə 3-cü şəxsin qarışması yolverilməz hesab olunur. Bu, eyni cinsin nümayəndələri arasında da keçərlidir.
Çində homoseksuallıq yavaş-yavaş cəmiyyət tərəfindən qəbul edilmə səviyyəsinə çatıb. Araşdırmaçılar Çində get-gedə artan homoseksuallığın cəmiyyət tərəfindən qəbul edilməsini Çinin “tək uşaqlı” siyasəti ilə əlaqələndirirlər. Eyni zamanda, xristian dini qəbul edilmiş  Birləşmiş Ştatlar və Avropa ölkələrindən və müsəlmanlığı qəbul etmiş Cənub Şərqi Asiya ölkələrindən fərqli olaraq,Çinin homoseksuallığa qarşı çıxan bir dini yoxdur.(modern.az)

Share: