Deputatlar Tarif Şurasının qiymət artımını qınadı: “Bu artım vətəndaşların daha da yoxsullaşmasına səbəb olacaq”

Tarif Şurasının metro və marşurut avtobuslarında qiymətləri qaldırması millət vəkilləri tərəfindən də qınanılıb. Deputatlar Aqil Abbas, Fazil Mustafa və Araz Əlizadə Moderator.az-a açıqlamalarında qiyməti artımını etirazla qarşılayıblar.
Millət vəkili Aqil Abbas deyir ki, hamı kimi o, da qiymət artımının əleyhinədir:
“Tarif Şurasının qiymət artımını necə qiymətləndirə bilərəm? Siz necə qiymətləndirirsinizsə, mən də o cür qiymətləndirirəm. Metronu başa düşürəm, dotasiya ilə işləyir. Avtobuslar da da dotasiya ilə işləyir?! Marşrut avtobusları ayrı-ayrı adamlarındı. Bunlar avtobusda niyə qiymət qaldırırlar?! Əhalinin aşağı təbəqəsinin istifadə etdiyi nəqliyyat vasitəsidir. Təbii ki, hər bir qiymət artımının əleyhinəyəm, həmçinin də metro və marşrut avtobuslarındakı qiymət artımının da”.
Millət vəkili Fazil Mustafa isə bildirdi ki, asan yolla vətəndaşların hesabına müəyyən kəsirləri doldururlar:
“Fikrim odur ki, bunu başqa resurslarla çözmək olardı. Aztəminatlı ailələr və vətəndaşlar böyük sıxıntı içinə düşəcək, bu artıq əvvəlcədən bəllidir. Ölkə resurslarının daha səmərəli istifadəsi ilə nəqliyyat məsələsini çözmək olardı. Bildiyiniz kimi enerji sektorunda baş verən hadisələr onu göstərdi ki, ayrılan vəsaitlər təyinatı üzrə xərclənməyib və daha çox başqa sahələrə yönəldilib. Burda müəyyən qədər nöqsanların qarşısı alınsa, heç vətəndaşın üzərinə bu qədər yükü qoymağa da ehtiyac qalmazdı. Məncə bu asan yoldu ki, vətəndaşların hesabına müəyyən kəsirlərin doldurulması gerçəkləşdirilir. Halbuki daha aztəminatlı insanlar metrodan və avtobustan istifadə edirlər. Bu da onlar üçün böyük sıxıntı yaradacaq və vətəndaşların daha da yoxsullaşmasına səbəb olacaq. Çünki əmək haqları qalxmır və inflyasiya da sürətlə gedir və belə bir vəziyyətdə nəqliyyat daşınmalarında vətəndaş çox böyük sıxıntı yaşayacaq”.
Deputat Araz Əlizadə da qiymətlərin qaldırılmasında iqtisadi əsas görmədiyini dedi:
“Marşrut avtobuslarında və metroda qiymətlərin  artırılmasında iqtisadi əsas görmürəm. Amma yəqin ki, Tarif Şurası məndən çox bilir. Ümumiyyətlə, qiymətlərin qalxmasını həmişə mənfi qarşılamışam”.
Müstəqil.Az

Share: