«Dəli»nin doğru xəbəri

(Yazıçı Meyxoş Abdullahın 60 illiyinə)

 

«Yalnız bir xeyir var – bu da sevgidir» duyğusallığı, inancı ilə yaşayanlardandır qələm dostumuz Meyxoş Abdullah… Sevgini ruhun şəkli kimi qəbul edənlərdəndir. «Allahı insana, insanı Allaha çevirə bilən» bir sevgi yolçusudur.

Bu bəşəri duyğunu ilahi Sözlə cilalayır, onu ilahi Sözün qüdrətilə təzələyir, Sözü sevgiyə, sevgini Sözə büta verir, dünyanın nuru, işığı kimi qəbul edir. Onun üçün Söz, ilk növbədə, insanlığa, yaranışa və inkişafa xidmət vasitəsidir. Əbədi ünsiyyətə, yeni dünyaya aparan yol bilir bu aləmi. Bilir ki, «Söz inqilabi” gücə malikdir, insana narkoz kimi təsir edir,  o, insanı həqiqətə qovuşdurur, bütün sirləri onun üzünə açır, keçici olanı əbədiləşdirir».

Ən əsası, Meyxoş Abdullah böyük həyat müstəvisində özünü tanıya, yerini-yurdunu, məqamını bilən bir qələm adamıdır. İç dünyasında hifz etdiyi ilkinliyə, gənclik romantikasına heç vaxt xəyanət etməyib. Sözü bəlli hər bir qələm adamı kimi o da bütün həyatı boyunca özünü yalqız hiss edir. Tərkidünyalığı  sevir. «Şamanam, ruh adamıyam» qənaətincə yaşayır, ruhların varlığına inanır. Bir müsahibəsində qeyd etdiyi kimi, inanclıdır ki, dünyaya yazıçı kimi gəlib. İstəyir ki, hər bir soydaşı öz ədəbi qəhrəmanları kimi cəsur olsun. Bunu dönə-dönə arzulamışdı, müsahibələri boyunca izhar etmişdi və bu xüsusda istədiklərinə 44 günlük şanlı zəfər günlərimizdə şahidlik etdi. Qələbənin sevincini bir ömür boyunca yaşayacağının şükranlığına tapındı.

Meyxoş Abdullah bənzərsiz yaradıcılığı ilə, belə demək mümkünsə, şəhər ədəbi mühitini bölgə, bölgə ədəbi mühitini şəhərə yaxınlaşdıran, «bir qazanda qaynada» bilən söz adamları sırasındadır. O adamlar sırasında ki, bu silsilənin özülündə Musa Yaqub, ədəbiyyatşünas alim İmamverdi Əbilov ənənəsi dayanır. Mən hələ rəhmətlik Altay Məmmədovu, Bahadur Fərmanlı, ustad Qərib Mehdini demirəm. Ona görə ki, gəncəli həmkarlarımız haqlı olaraq bu ədəbi mühiti Bakı ədəbi həyatının bərabərhüquqlu camisi hesab edirlər. Gəncə həqiqətən bizim mənəviyyat paytaxtlarımızdan biridir. Ancaq nisbi şəkildə demək xoşdur ki, bu gün bölgə həyatımızın ədəbi-bədii odqoruyanları Asim Yadigar, Xanəli Kərimli, Barat Vüsal, İsmayıl İmanzadə, Şöhrət Qaraoğlu, Nüşabə Məmmədli Əsəd, Xəzangül, İnqilab İsaq, Aləmzar Əlizadə, Sahib İbrahimli, Ələsgər Əlioğlu, Şahnaz Şahin, Nübar Eldarqızı, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Zabil Pərviz, Bilal Alarlı, Faiq Hüseynbəyli silsiləsini şəkilləndirən imzalardan biri də Meyxoş Abdullahdır.             Meyxoş Abdullah təkcə yaradıcılığı, təkcə ədəbi imkanları ilə yox, həm də şəxsiyyət bütövlüyü, ünsiyyət mükəmməlliyi ilə də yaşadığı bölgəyə xüsusi hörmət gətirən bir qələm sahibidi. Dost üzünə açıq olan bir şəxsiyyətdir. Yerə, görə, Tanrıya etiqadlı insandır. Dənizi xəyallarının gerçəyi hesab edir.

Təbii ki, bu qısa dost yazısında Meyxoş Abdullahnın geniş oxucu auditoriyası qazanan «Alagöz», «Qapısı gecə döyülən qadın», «Anakonda ovu», «Əsir qadın», «Didərgin ruhlar», «Şeytan gülüşü» və s. kitablarına daxil edilən əsərlər barəsində geniş şəkildə söz açmaq fikrindən uzağam. Bu kitabların bir çoxu haqqında özümün yazdığım və mətbuat səhifələrində dərc etdirdiyim məqalələr var. O məqalələri Meyxoş Abdullahnın yaradıcılığına, şəxsiyyətinə, şəxsi məziyyətlərinə dərin sayğı və maraq duyğuları ilə qələmə almışam. Haqqı çatan təqdiri etmişəm. Uzun müddət bölgədə yaşayıb-yaradan bir insan kimi, həmişə Meyxoş Abdullahı özümə bir köynək yaxın bilmişəm. İncik yerini özümünkü bilmişəm. Anlamışam. Eyni zamanda hədsiz sevinc yerim də olub ki, Meyxoş imzalar bolluğu içində itib-batanlardan olmadı. Əsərləri dünyanın bir çox dillərinə tərcümə edildi. «Alagöz» hekayəsi 2002-ci ildə AYB-nin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun milli-mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis etdiyi «Yaddaş» mükafatına layiq görüldü. Qusar Dövlət Dram Teatrında onun eyniadlı romanı əsasında Laləzar Hüseynova tərəfindən səhnələşdirilmiş «Əsir qadın» tamaşası səhnəyə qoyuldu. Bu əsər az keçməmiş Azərbaycan Kinematoqrafçılar İttifaqının da diqqətini çəkdi, Xocalı faciəsini əks etdirən film üçün maraqlı mətn olduğu gündəmə gəldi. Roman «Səsli kitab» seriyasından yenidən nəşr olundu. Eyni zamanda, yazıçının Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsər kimi mükafata layiq görülən «Alagöz» hekayəsi əsasında da film çəkiləcəyi, kinofestival üçün ekranlaşdırılan filmə rejissor Mariya İbrahimovanın quruluş verəcəyi söz konusu oldu. Təbii ki, bütün bunlar dost sevinc üçün çox böyük önəm daşıyır. Əyalət mühiti (artıq, bu, şərti mənada işlənən bir istiladı) nəfəsini Meyxoş Abdullahcasına dar çərçivədən böyük ədəbiyyat yoluna çıxarmaq, əlbəttə, təqdirəlayiq bir nəticədir.

Meyxoş Abdullah yaradıcılığı mənim üçün çox maraqlı, sirayətedici istinad mənbəyi, zəngin mövzudur. Müşahidə etdiyi hər bir predmetin zəngin iç dünyasına ustalıqla nüfuz edə bilməsi onun yaradıcılığının başlıca keyfiyyətlərindəndir. Müşahidə etdiyi aləmin gerçək obrazı və metoforası (eyni zamanda, inikası) M. Abdullahın mükəmməl xarakteri, həyata baxışı, bədii düşüncə gücü ilə cilalanır. Əsərləri ilə ilk tanışlıq anındaca əlbəəl hiss edirsən ki, müəllif, bütün həmkarları kimi, öz qüvvəsini insanın darıxmaq şissinə qarşı çevirib. Onun əsərləri oxucuya təskinlik, hüzur gətirir. Elə ilk frazadan anlayırsan ki, gələcəyini ədəbiyyatda görən bir söz adamının əsərini oxuyursan.      Meyxoşun bir yazıçı kimi istinad etdiyi, ağlın və həyatın hərəkətverici qüvvəsi olan skeptisizm ilk növbədə həqiqətə xidmət edir, sənətə aparan yola yönəldir, nəhayət, qurtuluşa xidmət edir. Böyük rus şairi A.Blokun yaradıcı insan üçün başlıca şərt hesab etdiyi istedad və şəxsiyyət bütövlüyü M.Abdullahın yaşamında sözün həqiqi mənasında bir araya gəlib. Əsərlərinin başlıca motivi, qayəsi ümiddir. Və mən hər dəfə qələm dostumun ümidə, inama hesablanmış yeni yazılarını həvəslə oxuyub başa vuranda, yadıma dünyaşöhrətli ispan şairi Xuan Ramon Ximenesin aşağıdakı misraları düşür:

 

İşıqlı daş-qaşlar kimi

çıxarıram qəlbimin

qutusundan ümidimi.

Qızım kimi,

sevdiyim bir qadın kimi,

bacım kimi

sevə-sevə

qızılgüllər arasında gəzdirirəm.

Süzürəm onu uzun-uzun,

Sonra yenə gizlədirəm…

 

«Ümid nə yaxşıdır, ümidlə bitən məhəbbət qayıdır, sevgi qayıdır» (M.Araz) çoxbilmişliyi, müdrikliyi də var söz mülkümüzün. Bütün halı ilə Meyxoş Abdullahın yaradıcılığı oxucunu o gözəl, mutlu ümidin təskinedici şəfasına təslim edir. Yönəldir. Təlqin edir ki, hər şeydən öncə öz qəlbinin səsini dinlə, ümidli və inamlı ol, iç dünyadan gələn istək və arzulara qulaq as, «unutma ki, gözləyə bilənlər üçün hər şey öz vaxtında gəlir». Bir yazıçı, qələm adamı kimi, M.Abdullahın özü də bu düşüncənin, ümidlə yaşamağın, gələcəyə inamın barını dərənlərdəndir. Ədəbiyyat bilginləri İ.Buninin yaradıcılığını bütünlüklə öz zəmanəsi, habelə, xalqının taleyi, keçmişi və gələcəyi  ilə canlı surətdə bağlı olmasına görə dəyərləndirirlər. Təbii ki, bu meyar qələm, söz adına iddialı olan hər bir yazıçı üçün qızıl qaydadır. Və M.Abdullahın yaradıcılığı da, mənim fikrimcə, ilk növbədə sözügedən dəyərlərə etinalı olması baxımından incələnməlidir.

Bu yazının lap əvvəlində qeyd etmişdim ki, təbii, qısa dost qutlamasında M.Abdullahın geniş oxucu auditoriyası qazanmış əsərləri barədə ətraflı bəhs etmək fikrində deyiləm. Ancaq «Dəli gülüş» və «Dəli Bəybala» adlı hekayələri var ki, bir oxucu olaraq şəxsən mən özümü o hekayələrin iç dünyasında hiss etmişəm. Elə bilmişəm bu hekayələr birbaşa mənim özümün həyat hekayələrimdir. O yerdə ki, «Dəli gülüş»ün Qəməri birdən-birə sazda ifa etdiyi «Ruhani»dən «Aran gözəlləməsi»nə keçir, bu məqamda anasıyla kiçik qızının qapı ağzında dayanıb, matı-mutu qurumuş halda ona baxdıqlarını görür, yuxudan qəfil ayılmış adam kimi diksinir və sazı çarpayının üstünə atıb dəli adamlar kimi qəhqəhə çəkib gülməyə başalyır – bax həmin məqam hər bir oxucunun həyatı boyu öz pünhan dünyasında hifz etdiyi daxili savaşı kimi gəlir gözləri önünə. Qəmərin bu dəli gülüşünü şəxsən özlərinin könüllərincə yaşaya bilmədikləri həyatın üzünə vurduqları tərs şillə kimi qəbul edir hər kəs.

Eləcə də, hər bir oxucu həyatın gözlənilməz bir anında Dəli Bəybalanın yerində olub, səkidən götürdüyü çaylaq daşını, qəzəb tuluğu Balaxanın arvadın şeytansifət qızını lağ yerinə çevirən məhlə uşaqlarının başına çırpa. Ya elə o biçarə, havalı oğlanın əvəzindən Balaxanım arvadın gözəlçəsi Qəmzənin yanına gələn kişilərin maşınlarının təkərləri altına  nəsə bir şey qoyub partlada… Bütün halıyla hər bir oxucunun doğması, köhnə tanışı, içinin içidi Dəli Bəybala. Ona əzab verən nə varsa hər bir oxucu üçündür. Elə bil o boyda şəhər camaatının ağrısını təkcə Dəli Bəybəla yox, hər bir oxucu çəkir. Elə bil adamların hərcayiliyi təkcə Dəli Bəybalanın yox, hər bir oxucunun ürəyini partlama halına çatdırıb… Günlər ötdükcə şahidi olduğu hadisələrə tab gətirə biləmyən, bu səbəbdən az qala başına hava gələn Dəli Bəybalada hər oxucudan nəsə bir əlamət var.         Meyxoş Abdullahın əsərləri, sözə, sözün gücünə dərin etinası ilə oxucuyla obraz arasında bu vacib doğmalığı, içbirliyini yaradan azsaylı yazıçılarımızdandır. Hər bir «dəli»nin doğru xəbəri Meyxoş üçün maraqlı süjetdi. Onun obrazları həyatın paradoksal yaşamından gəlir. Sevə bildiyi üçün sevilir. Sevdirə bilməksə yazıçının başlıca uğurudur.

 Sərvaz  Hüseynoğlu

 Şair

Share: