Çıxmışıq yoluna Xarıbülbülün… – Tamella Bağırova

***
 
 
Bu qarın dünyadan yoxdu xəbəri,
Yağır Xocalının qar həvəsinə..
Orda qar yağanda ruhlar oynayır,
..Yağsana torpağın bar həvəsinə..
 
 
Ağsaqqal oynayır,gülür,danışır..
İtmiş bədənini yapa bilməyir,..
Qarısı nə isə gəzir,karıxır..
Yoxdu , nəvəsin tapa bilməyir….
 
 
Bənövşə talası qız şəklindədi,
Hopubdu torpağa bir gözəl burda,
Bu ruhun əlində yekə əklildi,
Onu hardan tapıb,bu vurhavurda..
 
 
Nişanlı qız gəlir,çəkilin görək
Saçları bədənin bürüyüb tamam.
Oynasın ağılla,ədəblə gərək..
Deyir sağ ayağım yoxdu,tapmıram..
 
 
Dərd,dərdə qarışır,bu qar yağanda,
Dünyanın Xocalı həvəsi ölmür,
Tanrı görmürsənmi,yoxmu xəbərin,
Qatilin öldürmək həvəsi ölmür.
 
 
..Dirənib durmuşuq,dardı,bu keçid,
Qılıncla dünyanı, deyir Türklüyüm..
Nə qədər yağmısan,qardı,bu keçid..
Görəssən qarı da yeyər Türklüyüm..
 
 
..Bir azdan rəqs edər burda güllələr,
Qalar,bu dünyanın əli üzündə,
..Bu qar suya dönər,yurdum güllənər,
Bir büsat qurular yurdun düzündə…
 
 
 
 
***
 
 
Yenə sabahların ağı çıxıbdı..
Nəm çəkir güzgülər,yollar soyuyur..
Yenə bənövşənin gözü axıbdır,
Bir “qış nağılı” na nərgiz uyuyur.
 
 
Bahar nəfəsini çəkir içinə,
Xətrinə dəyməyir,o qoca qışın.
Göylər qəribsəyib durna köçünə,
Cırtlayıb yanağı bir yarımışın.
 
 
Özğə cür gələcək yurdun baharı,
Çıxmışıq yoluna Xarıbülbülün.
Keçəcək,bu qışın hər intizarı,
Güləcək yenə də yarı, bülbülün…
 
 
Cəngiyə köklənib elin həvəsi,
Qarabağ cəngidi,yallı günüdü.
Çatsın xan kəndinə qoy Xanın səsi,
Yurdu azad olub,Xanın günüdü…
 
 
..Sabah Xocalıya düşər yolumuz,
Yurdun oğulları zəncir çeynəyir.
O qanlı vadini keçər ordumuz,
Hələ sağalmayıb,yaram göynəyir!
 
 
 
 
***
 
 
Bu qədər daşlama gəl məni, dünya,
Mən də daş basaram ürəyimə haa.
Haqlı ,haqsız edib sil məni, dünya.
Ölərəm, gəlmərəm gərəyinə haa.
 
 
Kimi süsləyirsən, a zalım belə,
Gör kimin əlilə vurursan məni.
Girir ürəyimə qəm gülə-gülə,
Gözümü axıdır çörəyimə haa.
 
 
Bir sonu yoxdumu qəzəbin,kinin,
Hamı mat qalıbdı,nədi etdiyin.
Cəzası var imiş safın,düzlüyün,
O ki var yüklədin kürəyimə haa.
 
 
 
 
 
 
 
 
Tamella Bağırova
 
 
 
 
Müstəqil.Az
Share: