“Bölmədim, a dostlar, hecaya “dost”u…”- İlqar Türkoğlu

DOSTLARI QOYMUŞAM GÖZÜMÜN ÜSTƏ

Yaxşının yolunda daş dayanmasın,
Qurunun oduna yaş da yanmasın,
Nəyimə gərəkdi, qaş dayanmasın,
Dostları qoymuşam gözümün üstə!

 

Tən olsun cavana- qocaya dostu,
Tanrı qaldırıbdı ucaya dostu,
Bölmədim, a dostlar, hecaya “dost”u,
Dost kimi durmuşam sözümün üstə!

 

Haqqın işığına çəni qatmayın,
”Vergülü qatmayın, “və”ni qatmayın.
Heç vaxt əyri işə məni qatmayın,
Hazıram ölməyə “düz”ümün üstə!

 

Əzəldən könlümün gözləri toxdu,
Quruca daxmamın əyarı çoxdu.
Görsəniz yalandı, heç biri yoxdu,
Söyləyin günahı üzümün üstə!

 

Seçib zərrə- zərrə Yaradan, belə,
Ağı ağdan belə, qaradan, belə.
Damcı su da keçməz aradan, belə
Bir Ocaq yandırın közümün üstə!

 

Yaxşının yolunda daş dayanmasın,
Qurunun oduna yaş da yanmasın,
Nəyimə gərəkdi, qaş dayanmasın,
Dostları qoymuşam gözümün üstə!

İlqar Türkoğlu

Müstəqil.Az

Share: