Elə bir dövrdür ki, indi hər kəsə “bizim” ifadəsini qoşmaq olmur. Zaman keçir konyuktura onun ziyanlı, ya da çox faydalı şəxsiyyət olduğunu qabardır. Bir çox insanın yaşına-başına baxmayaraq dəyişkən, bitkin olmayan və xüdpəsənd kkeyfiyyətləri ilə qarşılaşır və bir vaxtlar barəsində çox yüksək düşündüyün üçün peşiman olursan. Bir filmdə devlərin oxuduğu mahnıda olduğu kimi, “…adamların zayı çıxıb, adamları yemək olmur!” Amma nə edim ki, yaşımız və həyat təcrübəmiz insanlarda yalnız yaxşı keyfiyyətləri görməyə sövq edir. Barəsində söz açacağım Leyla xanım isə barəsində heç bir götür-qoy etmədən, birbaşa, yalnız xoş sözlər deməyə layiq olan xanımdır! Söhbət Leyla Məcidovadan gedir.
Ad ərəbcə “Leyl” sözündən yaranıb və “gecə,..gecə doğulan” mənasını daşıyır. Amma zaman keçdikcə bu söz və bu ad məcazi mənalar almış və “qara saçlı gözəl” kimi qəbul edilmişdir. Dahi Nizami Gəncəvi və Məhəmməd Füzuli bu sözə, bu ada yeni mənalar qazandırmışdır. Yəni Leyla adı “Leyli və Məcnun”dan irəli gələn Leyli adının türkləşmiş-azərbaycanlaşmış versiyasına çevrilmişdir. Böyük, saf, ülvi məhəbbət təcəssümü olan Leyliyə olan rəğbət bu adı çox populyarlaşdırmışdır. Buna görə də çevrəmizdə Leyla adlı xanımlar çoxdur. Amma onların arasında yalnız bir Leylaya onu tanıyanların, ünsiyyətdə olanların əksəriyyəti “Bizim Leyla” deyir. Hansı Leyla? –Bizim Leyla! Yəni hazırda LDU-nun dosenti, tarix-diyarşünaslıq muzeyinin direktoru olan, fəal ictimaiyyətçi, xalq təbibi, şair Leyla Məcidova!
Qan qohumluğumuz olmasa da biz bir-birimiz üçün “əmoğlu – əmiqızıyıq”. Bir-birimizə müraciətimiz də bu cürdür. Çünki bizi qohumlaşdıran bir çox amillər var. Ən başlıcası insanlara insani və yaradıcılıq keyfiyyətlərinə görə dəyər vermək xüsusiyyətidir.
Onu başqaları üçün də sevimli edən təkcə xarakterindəki müsbət keyfiyyətlər deyil, həm də ictimai həyatda qazandığı nüfuzudur, elmi çəkisidir, daşıdığı vəzifədir və xeyirxahlığıdır. İndi belə insanlara hər yerdə, hər vəzifədə rast gəlməzsən.
Leyla Qadir qızı Məcidova 08 avqust 1976-cı ildə Lənkəran rayonunun Səpnəkəran kəndində anadan olmuşdur. O həm də məşhur xalq təbibi Əminə xanımın qızıdır – Sınıqçı Əminənin! Bu o Əminədir ki, qəbuluna ətraf rayonlardan da hər gün onlarca xəstə gəlmiş, onun əllərindən şəfa almışdır. Heç ali tibb təhsilli bir həkimin qəbuluna gün ərzində bu qədər xəstə gəlməzdi. Onun kimi şəxslərə qarşı mübarizə aparmaq tapşırığı alsalar da, bəzi həkimlər yaxşı əlac tapa bilməyəcəklərinə əmin olub, xəstəni özləri Səpnəkəran kəndinə – Əminə xanımın qə¬buluna göndərərdilər. Bir az təşbehlə “Əllərində rentgen var” deyərdilər. Xıncım-xıncım olmuş sümüyü də zərgər dəqiqliyi ilə birləşdirərdi. 2024-cü ildə Əminə xanım barəsində “Zərban”TV olaraq “Sınıqçı Əminə” filmini çəkdik. Film qısa vaxt ərzində böyük populyarlıq qazandı. Bu, təkcə bizim filmi yüksək səviyyədə çəkməyimizlə bağlı olmadı. Digər iki daha güclü faktor vardı: Əminə xanımın öz populyarlığı və onun qızı Leyla xanımın anasının xatirəsinə verdiyi çox yüksək dəyər. Məhz Leyla xanım filmin çox güclü piarını yaratdı və qısa vaxt ərzində bu filmə 30 minə yaxın tamaşaçı baxdı. Baxdı və öz ürək sözlərini də yazdı.
Leyla Məcidovanı film üzərində işimizdən əvvəl də yaxşı tanıyırdım; fəal ictimaiyyətçi idi. Amma film bizi dostlaşdırdı. Mən bir gənc xanımda bu qədər zəhmətkeşliyə, elmi zəkaya, dərin dünyagörüşünə, türkəçarə bilgilərinə və insanpərvərliyə heyrət elədim. Heç demə anası Əminə xanım öz fitri istedadını, təbiblik duyğusunu öz qızlarına – Leyla xanıma və Mahizər müəlliməyə ötürübmüş. Bəli, “ötürübmüş”! Çünki elə şəxsi keyfiyyətlər var ki, o artıq istedad dərəcəsindən daha yüksəyə qalxır və kəramət statusu alır. Əminə xanım öz kəramətini qızlarına ötürmüş və beləcə öz ölümündən sonra da xalqın sağlamlığının keşiyində dura bilmişdir. Leyla xanımın iş qrafiki indi çox mürəkkəb və çox qarışıqdır: lap zəncinin saçları kimi. Gün ərzində tək xanım olaraq ailə qayğılarına qatlaş, bazara get, mağazaya get, xörək bişir, iki tələbə oxut, Lənkəran Dövlət Universitetində mühazirə oxu, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru kimi vəzifənin başında ol və hər gün evə gedib ən azı 5-6 xəstəyə şəfa ver. Qızlarının qayğılarını, rayonun ictimai həyatında fəal iştirakı, dostluq münasibətlərini, sosial şəbəkələrdə çıxışları, tannmış şəxslər barəsində publisistik yazıları və şairliyi də əlavə edək. Asandırmı? Bir gənc xanım olaraq özünə baxmaq da var. Gün ərzində Lənkərana yaxın-uzaq ellərdən onlarca, bəzən yüzdən çox turist gəlir. Və onlar hökmən Lənkəran Tarix-diyarşünaslıq muzeyinə də baş çəkir. Onların qarşısına çıxmaq, Lənkəran tarixi ilə tanış etmək, diyarımızı sevdirmək heç asan məsələ deyil. Bu qədər gərgin iş rejiminə dözmək üçün adamda nə qədər böyük dəyanət lazımdır?! Bu da yalnız fitri keyfiyyətdir. Belə bir xanımla qürur duymağa dəyərmi? Dəyər!
Nəfəsimizi dərib, onu özümüzə bir daha tanıdaq, bir daha təqdim edək.
Leyla Məcidova 1993-cü ildə Lənkəran rayonu Şürük kənd orta məktəbini bitirmişdir.1995-ci ildə Lənkəran Dövlət Universitetinin Tarix ixtisasına qəbul olmuşdur. LDU-da qiyabi şöbədə təhsil almaqla bərabər “Ümumi dilçilik və xarici dillər” kafedrasında laborant vəzifəsində, Oktyabr 1997-ci ildən isə “Azərbaycan və ümumi tarix kafedrasında” laborant vəzifəsində çalışmışdır. 2000-ci ildən 2002-ci ilədək LDU-nun Magistratura pilləsində “Yeni və ən yeni tarix” ixtisası üzrə əyani təhsil almış və buranı fərqlənmə diplomu ilə bitirmişdir. Avqust 2022-ci il tarixində – düz 4 il əvvəl LDU-nun Tarix kafedrasına müəllim vəzifəsinə təyin olunmuşdur. O özünün 2000 şəxsi eksponatı ilə LDU-da Tarix-Diyarşünaslıq muzeyi yaratmışdır. LDU-da müəllim işləməklə bərabər muzey işləri üzrə məsul şəxs kimi çalışmışdır. 2016-cı ildə “XIX əsrin sonu XX əsrin əvvəlləri Lənkəran qəzasının sosial iqtisadi vəziyyəti” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Maşallah!
Leyla xanım artıq 2 monoqrafiyanın, 2 Tarixi oçerkin, 2 fənn proqramının, qeyri ixtisaslarda “Azərbaycan tarixi “ və ”Arxeoloji muzeyşünaslıq” proqramlarının müəllifidir. O,50-dən çox publisist yazının, 80-dən artıq tezisin və xaricdə beynəlxalq jurnallarda çap olunan məqalələrin müəllifidir. 2019-cu ildə Bakı Dövlət Universitetinin elmlər doktoru proqramı üzrə doktoranturaya daxil olmuşdur. Hazırda “Cənub bölgəsinin arxeoloji abidələri Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.
Ay Maşallah!
Leyla Məcidova rus və türk dillərində sərbəst, ingilis və fars dillərində isə orta səviyyədə danışa bilir. Bir ziyalı xanım üçün bu heç də az üstünlük deyil. Üç Beynəlxalq jurnalın – 2 ədəd Türkiyədə “Buta”dergesi və 1 ədəd Qırgızıstanda çap olunan jurnalın şura üzvüdür.
Yenə Maşallah!
20 sentyabr 2022-ci ildən isə Lənkəran-Tarix Diyarşünaslıq muzeyinin direktorudur.
Leyla Məcidova Lənkəran Dövlət Universitetinin “Tarix və onun tədrisi metodikası” kafedrasında , dosent vəzifəsində çalışır.
Bu günlərdə Leyla Məcidovanın “Dünya niyə sevilməsin?” adlı şeirlər kitabı işıq üzü görüb. Bu da sizə şair Leyla! Bir çoxları onun ədəbi məclislərdə fəal iştirakı, ədəbiyyatşünaslıqla bağlı fikirləri, ədəbi təhlilləri ilə qarşılaşdıqda bunu ötəri həvəs və ünsiyyətcillik keyfiyyəti kimi başa düşmüşdü. Heç vaxt öz şeirlərini oxumadığı, özünü şair kimi təqdim etmədiyi halda heç demə Leyla xanım həm də gözəl şair imiş!
Poeziyamızda daha bir gülün çiçək açmasından çox məmnunuq!
Xeyirxahlıq, səmimiyyət, diqqətcillik, işinə qarşı tələbkarlıq və mütaliə vərdişi ona ana yadigarıdır. İnsanlara daim xoş sözlər yazmaq, hamıya gərəkli olmağa çalışmaq, öz diyarını, elini, xalqını, dilini, ailəsini, dostlarını, Vətənini, Dövlətini sevmək üçün yalnız böyük ürək sahibi olmaq gərəkir. Böyük ürək sahibi bizim Leylaya bu dünyada mövcud olduğuna, gördüyü işlərə, qızğın fəaliyyətdən bir gün usanmadığına və bezmədiyinə görə təşəkkür etmək borcumuz yaranır.
Sənə var olduğuna və olacağına görə təşəkkür edirik, Leyla xanım…bizim Leyla…əmiqızı!
Hafiz MİRZƏ
P.S. Avqustun 08-i bizim Leylanın doğum günüdür. Neçə yaşının tamam olduğunu özünüz hesablayın. Təkcə onu deyim ki, yubiley yaşıdır! Xoş bizim halımıza ki, onu öncədən təbrik edirik!





















