İslaq duaları göylərə sərən – Ülfət Ziyafətqızı…

Müstəqil.Az  şairə ÜLFƏT ZİYAFƏTQIZININ şeirlərini təqdim edir:

Mən

Mental qanunların dustağıyam mən,
Hansı cəza məni qorxudar, hakim.
Qadınam, kiminə göz dağıyam mən, 
Kiminə anayam, kiminə məhkum.

Kimi cəhənnəmi başıma tökdü,
Kimi ayagımdan cənnəti umdu.
Qürur boğazımı sıxan hörükdü,
Gözümdən yağışlar qəlbimə damdı.

Yaşamaq çətindir ömür cəzamı,
Sonuncu dualar kəsir dilimi.
Hakim, bəsdir daha, alın yazımı
Oynatma əlində, sındır qələmi.

 

Gedər olsan

Bir gün məndən gedər olsan,
Yolunu sal içimdən keç.
Ürəyimi ayaqlayıb
Qarış-qarış ruhumu biç.

Bir gün məndən gedər olsan
Nəfəsimi ətrinlə boğ.
Yoxluğunla zəhərlənən
Ciyərimə dadınla doğ.

Bir gün məndən gedər olsan,
Qoy dünyanı başaşağı.
Qoy ağlasın yerlər göyə
Tərsə yağsın yaş aşağı.

Bir gün məndən gedər olsan
Ya qayçıla saçlarımı,
Ya kəndir et boğazıma,
Bitir canın acıların.

Bir gün məndən gedər olsan,
Edər eşqə dərd təcavüz.
Ən bakirə ölümlərə
Yolun alar çarəsiz qız.

Bir gün məndən gedər olsan
Apar məni özünlə sən…
Gücüm yetməz, yaxşı düşün…
Düşün… bəlkə getməyəsən…

 

Sınan ürəyimə sənsizlik damar

 

Pəncərə-pəncərə yumular gözü,
Gecənin yuxusu qara oyanar.
Toz basan şüşəli yanaqlarında
Barmaq uclarımla adın oynayar.

Mürgülü gözlərdə yuxu can verər,
Dişimə sıxdığım səbrim əriyər,
İslaq duaları göylərə sərər,
Bir qurtum tövbədə günah yuyunar.

Əlləri qoynunda səni gözləyən
Zülmət güzgülərdə əriyər bədən.
Qırılmış ruhumun pəncərəsindən
Sınan ürəyimə sənsizlik damar.

Share: