Nəfəsi təntiyər ayaqlarının…Şeir…

Müstəqil.Az  AZAD FƏRHADOĞLUNUN  şeirlərini təqdim edir:

 

Nəfəsi təntiyər ayaqlarının,
Corabın corablıq yerindən düşər.
Geri qatlayarsan balaqlarını,
İstilər bir az da, dərindən düşər.

Uzaqlar könlünə yardı -aparar,
Yolların yağışdı , qardı aparar.
Həvəsin normaldan artıq aparar,
Dizlərin şaqqıyıb pərindən düşər.

Bir səs eşidərsən qorxunc o tuşda,
Canına vəlvələ salmaz o quş da…
Dodağın torpağa dəyər yoxuşda,
Halsızlıq canına nərindən düşər.

Buludlar havada dolaşmasa da,
Yenə çəkinərsən şimşək qəzadan.
Bir az əyləşərsən bir daş masada,
Kürəyin soyuyub ,tərindən düşər.

Əhval soruşmazsan heç əhvalından,
Fikirin hey qalar dağın yanında.
Kim isə itələr , daşın dalından,
Qədəmin dikdəki yerindən düşər.

Deyərsən -dişini dişinə sıxıb,
İblislər buraya haradan çıxıb.?
Dönərsən geriyə -gözünü sıxıb,
Düşər , zirvələr də  şeirindən düşər.

……………………………………………

Çopur qaya , bəri bax ,
Hanı burdakı daşlar ?
Yeri də , ta bilinmir ,
Yuyub sellər , yağışlar .

Əhvalın da , pərişan ,
Uçulubdur bir yanın .
Bir də , de,  o daşlara
Baş qoyan güllər hanı ?

Dayanmsan lal kimi ,
Nə var belə baxışda ?
,,Onlar da ayrıldılar ?
…Ta dinmirəm bağışla .

..Bilirəm e , bilirəm ,
Daş ! Nədən daş olmusan.
Gedənin qayıtmayıb ,
Həsrətdən daş olmusan .

..Adamlara nə var ki,
Bir az çökülü qalır .
Heç nəyi qalmasa da ,
Əlində şəkli qalır.

 

Share: