“Bir gün yetişib qönçə gül oldu, Dərdi onu bir qeyrisi”- dənizçi şairin şeirləri

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin “Müstəqil.Az” saytı ilə birlikdə gerçəkləşdirdiyi lahiyələrdən biri də dənizçilərimizin istedadlarını üzə çıxarmaq, onların yaradıcılığı və alt qatda olan digər istedadları ilə oxucularımızı tanış etməkdir.  Heç kəsə sirr deyil ki, əsas peşələri dənizçilik olan onlarla həmkarımız müxtəlif sahələrdəki fəaliyyətləri ilə diqqət çəkib, tanınıblar. Biz bir neçə belə istedadlı dənizçilərimizlə müsahibələr edib, onların yaradıcılıq nümunələrini istimailəşdirmişik. Bu dəfə sizləri XDND idarəsinin gəmilərində elektrik mexaniki vəzifəsində çalışan həmkarımızla, dənizçi şair Əziz Kazımovun yaradıcılığı ilə baş-başa qoyuruq. Yaxın günlərdə isə onunla etdiyimiz müsahibəni yayınlayacağıq.
Faiq Balabəyli, 
AXDG QSC XDND idarəsində gəmi kapitanı, “DSD” İB-nin təsisçisi və İdarə heyyətinin sədri.

 Əziz KAZIMOV

(şeirlər)

Duysun bunu qəflət yuxusundan ayılanlar
Qoydum ki, əmanət bilə mömün sayılanlar
Quran ilə əhli – beytimdən sarılanlar
Bir gün qovuşarlar mənə cənnət qapısından

Yoxdur zühur üçün hələ üç yüz on üç aşiq
Əydikcə baş haqqsızlığa bilmirmi xəlaiq
Sənlə qalan həsrətdə bütün gözlərə Xaliq
Sənlə qılacaq çarəni rəhmət qapısından ?!

Vardır elə kəs eynidi rəhmətlik adamla
Haqq söylədiki var ola cənnətlik adamla
Döndü fələyin gərdişi, lənətlik adamla
Bir çıxdı həyat seyrinə lənət qapısından

Cabbar Odu, Qəhhar odu – dərk et bunu sən bil
Mən söyləyən insana açılmaz dəri – mənzil
Sorduqda ki, kimdir de əlacsiz qulun, ey dil,
Hər yol başı ehsan edə nemət qapısından

Canana yetişməkdisə qəsdin sənin əlbət
Sarsılma sən bu həyatda hicran yolu tut get
Saldıqda başa əhli – əyalı Əziz, ərz et
Vəslinə gedən yol keçir həsrət qapısından .

*****

Olduqca lətif gül toxumun qəlbimə əkdim
Qaldıqda susuz, mən ona göz yaşları tökdüm
Həsrət qataraq sevgiyə mən qayğını çəkdim
Bir gün yetişib qönçə gül oldu …
Dərdi onu bir qeyrisi, zəhmət mənə qaldı .

Əkdim elə gül, eşq əsərindir, dedi hər kəs
Baxdıqda hansı bəxtəvərindir, dedi hər kəs ?!
Gördükdə dəriblər, qədərindir dedi hər kəs
Hər kim diləyirmiş onun oldu …
Əfsus yenə əfsus ki, bu qismət mənə qaldı

Aşiqlərə üsyan özü bir eşqidir, əlbət ,
Etmək canı qurban özü bir eşqidir, əlbət
Gəl qəm yemə hicran özü bir eşqidir , əlbət
Xaliq, ey Əziz , ol dedi oldu …
Bəsdir daha sorma niyə həsrət mənə qaldı

*****
Seyr eyləsə gözlər yarı aşiq baxışıyla
Ol yarı bilər aşiqə layiq baxışıyla

Allahı görər göz təbiət seyrinə çıxsa
Bir şərt ilə , axtarsa o məntiq baxışıyla

Vardırsa bəsirət gözü gər seyr edəcəkdir
Öz Rəbbini cənnətda xəlaiq baxışıyla

Səndə o can hanı edəsən təhvili – dərgah
Viran eləyib yar onu xariq baxışıyla

Bir mənzərə görsə ona ol dəm baxacaqdır
Mömün bəsirət ilə , münafiq baxışıyla

Sorduqda ki, Rəbbin deyiləmmi, – baxıb insan
Görmüş , sora etmiş onu təsdiq baxışıyla

Arif olan insan, ey Əziz, mənzərələrdən
Etsin əsər öz qəlbinə fariq baxışıyla

*****
Düşünürsənsə əgər Məcnunu Leylasızdır
O, zaman Haqq özü cənnətdə etinasızdır

Mən baxıb görməyəcəmsə gül – üzarın yarın
Onla olmaq qapı qonşu , yenə mənasızdır

Gülməmi istəyən ol rəssam idi təkcə mənim
Pul dedi , mən düşünürdüm ki , təmənnasızdır

Mən bu taydan baxıram , sənsə o taydan vətənə
San ki , bir bülbülü – şeyda gülü – rənasızdır

Anamızdır vətən, hər cür nazı var , neməti var
Elə bir yox ana Övladına sevdasızdır

Ananın sevgisi mütləqdi öz övladlarına
Eşqi hər vəcdə qərəzsizdi və əmmasızdır

Hansı kəs tərk eləyibdirsə imamət məqamın
O, Həsənsiz, Hüseynsiz, Əli, Zəhrasızdır

Özünü dərk eləsə , dərk edər Allahı bəşər
Elə bir rəsm əsərin yoxdu ki , imzasızdır

Kim görüb qız çevirirsə başını , ya o kəsin
Gözünə şübhəsi vardır yada təqvasızdır

Cəmi insanları böl yeddiyə vur altıya sən
Yəni hər yeddi nəfərdən biri simasızdır

*****

Biridə qoy mən olum kaş şühəda əhlindən
Məni rəbbim diri qılsın füqəra əhlindən

Qadağan hər şeyə meylin özü fitrətdəndir
Biri Adəm, biri Həvvadı xəta əhlindən

Bu fəna mülkünə dair elə bir xütbə dedim
Barmağın dişlədi hər kəs ürəfa əhlindən

Həmi dünyada görəkdik həmi üqbada Onu
Yəni cənnətdə olardıq tamaşa əhlindən

Bir libas var ki , biçilmiş baha , bəylik libası
O , bulunmaz onu gəl sorma gəda əhlindən

Elə nemətdi bəla ki , gecə – gündüz dilədim
Xaliq etmiş məni öz dostu – bəla əhlindən

Ata çiynində gedərmi bəyəm evlad ? , qoy ola
Ataya evladı matəmdə əza əhlindən

Pulludur göylə uçan kəs , yerə dəymir ayağı
Çox mərifətlidi yer əhli səma əhlindən

Gözü ilə , dili ilə həmi qəlb ilə sevər
Bəşər üç görkəmə sahibdi riya əhlindən

Biri Faiq Balabəyli, biri Bəhram Şəmsi
Sayılandır , seçiləndir üdəba əhlindən

Aləmi – elmidə minlərlə qələm sahibi var
Məndə onlar kimi fövcül – füsəha əhlindən

******
Zahid üqbaya bu dünyanı satan abiddir
Məndə rind əhliyəm, əslim ürəfalardandır .

Başa əmmamə qoyub tülkü gedib həccə gəlib
İndi əllamədi güyya üləmalardandı

Özünü zənn eləyir Bəhluli – Danəndə kimi
Ya da Türkmən hocası Şeyx Ədəbalardandı

Soruşursan Samiraldo hələ Bayram kimdi ?!
Geydi, Avropalı importnı gədalardandı

Birinin şalvarı dardı, birinin yubkası dar
Bu iş ölkəmdə sulardandı, havalardandı ?!

Peysərə xeyli atıb ənsəsi gəlmir əlimə
Düşünürdüm bu əvəl yağll qidalardandı

Dedilər gənclərə öyrən gedib Avropa dilin
İndi ol dil  başa hər yerdə bəlalardandı

Həm əqidə , həmi amal həmi mental dəyəri
Yaşadan Azəridir badi – səbalardandır

 

Share: