Muğan tarixi və tarixçiləri…

İlqar İsmayılzadə

İlahiyyat elmləri üzrə fəlsəfə doktoru

(Muğan tarixinin əhəmiyyəti və Muğan tarixini yazanlar)

Cəmiyyətdə bəzən “Tarixi tarix yazar” kimi fikirlər səsləndirilir. Yəqin ki, bu fikirin məntiqli və məqbul bir mənası var. Mənə görə, tarixi saxtalaşdırmamaq, yalnız mövcud və real faktlar əsasında, həm də obyektiv və qərəzsiz şəkildə tarixi olayları dilə gətirmək və qələmə almaq bu cümlənin məqbul mənası sayıla bilər.
Bu fikirdə məqsəd, heç də tarixçi alimlər və araşdırmaçıların bir kənara çəkilib qədim tariximizi, torpaqların üstü və altında qalmış maddi-mədəniyyət nümunələri, kitabxanalarda mövcud olan məxəzlər və eləcə də arxivlərin toz altında qalmış sənədləri əsasında araşdırmaqdan imtina etməsi anlamında deyil və ola da bilməz. Çünki onlar bu işi görməsələr, tarix büsbütün itib-batmaq və sonrakı zamanlarda təhrif olmaq və tamamilə unudulmaq təhlükəsi ilə üzləşə bilər. Təbii ki, belə olan halda cənab Tarixin özü əlinə qələm alıb bizim üçün keçmişdə olanları yazan deyil…
Muğan tarixi üzrə tanınmış arxeoloq və tarixçi-tədqiqatçı alim Ələsgər Mirzəzadənin tarixin öyrənilməsi barədə fikirləri olduqca dəyərli, həm də çox qiymətlidir. Ələsgər müəllim yazır: “Doğulduğun torpağı, boya-başa çatdığın Vətəni sevmirsənsə, sən o yurdun övladı deyilsən! “Həyatda danılmaz bir həqiqət var; millətin süqutu o zaman başlayır ki, o, öz tarixini unudur”. O millət ki, tarixi keçmişinə xor baxır, o millətin gələcəyi yoxdur! Öz tarixi keçmişinə sahib çıxıb onu qoruyan xalq, əlbəttə ki, xoşbəxt xalqdır!” (“Tarix və zaman”, Ələsgər Mirzəzadə, səh: 7. “Elm və Təhsil”, Bakı, 2017).
Həmçinin, bununla bağlı doğma diyarımızın tanınmış və peşəkar folklorşünas alimi, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlının bu sahədə qızıl hərflərlə yazılası qısa, amma dərinmənalı cümləsini xatırlamaq olduqca yerinə düşərdi. Bilal müəllimin yazdığına görə, “Öyrənilməyən tarix səhvləri ilə bir yerdə təkrarlanır”… (“Cəlilabad hadisələri” (Çağdaş Azərbaycan tarixi), Bilal Alarlı, səh: 6-7. “Adiloğlu” Nəşriyyatı, Bakı, 2008).
Bu baxımdan keçmiş və müasir tariximiz diqqət mərkəzində saxlanılmalı, yazılaraq öyrənilməlidir. Çünki yanlış, faciəli və qara günlərin yenidən təkrar olması hər bir millət üçün çox acınacaqlı və əsil bədbəxtlik sayılır.
Məlum olduğu kimi, Muğan zonasının ərazisi müasir dövrümüzdə Azərbaycan Respublikası ilə qonşu İran İslam Respublikasının müəyyən hissəsini təşkil etmişdir. Bu sirli-sehirli diyar bir çox tarixi dinlər və mədəniyyətlərin beşiyi olmuş, bir sıra tanınmış simaların ayaq basdığı tarixi məkana çevrilmiş və bir çox qanlı-qadalı hadisələrin şahidinə çevrilmişdir.


İndiyədək Muğan zonasının qədim tarixi ilə bağlı ölkə səviyyəsində aparılmış araşdırmalar və arxeoloji qazıntılara əsasən, 9 min il öncə (Eneolit-Neolit) dövrü müəyyən səviyyədə öyrənilib və bu zonaya aid maddi-mədəniyyət nümunələrinin bir hissəsi toplanaraq Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilmişdir.
Muğan tarixi Odlar Yurdu Azərbaycanın qədim tarixi ilə sıx şəkildə bağlı və əlaqədardır. Keçmiş tariximizin ilk araşdırmaçılarından sayılan mərhum Rəşid Əsgərov (1930-2011) bu barədə yazır: “Qədim tarixçilərin xəbərlərindən görünür ki, Muqlar Azərbaycanda Muğanın geniş ərazilərində yaşamışlar. Zərdüştlük bu ərazilərdə nəşət etmiş, bütün şərqə, həm də qədim dünyanın mədəniyyət mərkəzi Yunanıstana qədər gedib çıxmışdır. Ona görə də, Azərbaycanı Muqsuz, Muğansız təqdim etmək, xalqımızı qədimindən xəbər verən onun formalaşmasında mühüm rol oynayan böyük bir tarixi dövrdən məhrum etmək deməkdir…” (“Cəlilabad: Dünən və bu gün”, Rəşid Əsgərov, səh: 3. “Çaşıoğlu”, Bakı, 2000).
Ölkəmizdə XX əsrin ikinci yarısına qədər Muğanla bağlı müstəqil şəkildə heç bir tarixi əsər qələmə alınmamış və işıq üzü görməmişdir. Ərəbdilli və farsdilli qədim məxəzlərdə isə Muğan diyarı ilə bağlı ara-sıra və pərakəndə məlumatlar yer almışdır.
Xoşbəxtlikdən Odlar Yurdu Azərbaycanın ayrılmaz və qədim, həm də sirli-sehirli Muğan diyarının tarixi, xüsusilə də onun bir zamanlar ən böyük şəhəri və paytaxtı sayılmış qədim Həməşəra, sonrakı illərdə isə keçmiş Astraxanbazar və müasir Cəlilabad tarixi bir neçə tanınmış və peşəkar tədqiqatçı və tarixçi tərəfindən diqqət mərkəzində saxlanılmış, bununla bağlı bir sıra elmi əsərlər, monoqrafiya və elmi məqalələr ölkə daxili və xaricində işıq üzü görmüşdür. Bu araşdırmaların tarixi 1 əsrə çatmasa da, həmçinin, uyğun sahədə mövcud olan bir sıra çatışmamazlıqlara rəğmən önəmli, əhəmiyyətli və təqdirəlayiqdir. Çünki, yazılmayan tarix nə qədər möhtəşəm və əzəmətli olsa belə unutqanlığa, təhrifə və məhvə məhkum olur.
Qədim Muğan diyarı və doğma Həməşəra şəhəri tarixin keçmiş səhifələrində iz qoymuş və yaddaşında yaşamaqdadır. Muğan və onun ən böyük şəhəri və bir vaxtlar onun mərkəzi sayılmış stratejik liman şəhəri olan Həməşəra (indiki Cəlilabad) bütövlükdə doğma vətənimiz Odlar Yurdu Azərbaycan Respublikasının ayrıılmaz bir hissəsi olduğu üçün onun tarixini araşdırıb üzə çıxarmaqla əslində Odlar Yurdu Azərbaycanın qədim tarixinə xidmət edilir.
Heç şübhəsiz, tarixçilər öz ardıcıl zəhməti, fədakarlığı və əllərinə qələm alaraq keçmiş və müasir tariximizi qələmə almaqla bu doğma diyarın tarixini yaşatmış və beləliklə də, onu müasir və gələcək nəsillərə ötürmüş olurlar. Həmin tarixçi-tədqiqatçı alimlərin özü və eləcə də onların keçmiş və müasir tariximizlə bağlı min-bir əziyyətlə yazıb ərsəyə gətirdikləri əsərlərin təqdimatının özü də məncə bir tarixdir.
Düşünürəm ki, hər bir cəmiyyət və toplum arasında bəzi tədqiqatçı və tarixçi alimlər keçmiş tarixi araşdırıb, onu olduğu kimi (qərəzsiz və obyektiv şəkildə) qələmə alaraq müasir və gələcək nəsillərə çatdırmalı, bununla da keçmiş tarixin itib-batması və ya təhrifinə mane olmalıdırlar. Əlbəttə, heç şübhəsiz, onlar keçmiş tarixi yalnız mövcud və real faktlar əsasında, həm də obyektiv və qərəzsiz şəkildə qələmə almalıdırlar. Həmçinin, bu sahədə elm və təqdiqat sahəsinin etikasına (müxtəlif insanlar, tayfa, millət və s. barədə həqarətə yol verməmək, istifadə edilmiş məxəz və mənbələri kitab və ya məqalənin mətni və ya haşiyəsində, yaxud da son hissədə təqdim edilən ədəbiyyat bölməsində göstərmək və s.) ciddi şəkildə riayət edilməlidir. Hər bir sahənin özünəməxsus etik qayda-qanunları olduğu kimi, tarix sahəsinin də əsas və önəmli etik qayda-qanunları bunlardır…
İstənilən coğrafi məkanda olduğu kimi, burada da Muğan və Həməşəra tarixi deyəndə, onun adının mənasından tutmuş coğrafi ərazisi, etnonim və toponimləri, dili, dini və inancı, həmçinin, həmin ərazidə baş vermiş müsbət və mənfi, qanlı-qadalı hadisələr, eləcə də bu diyarda yaşamış insanların mədəniyyəti və folkloru nəzərdə tutulur.

Muğan tarixçiləri ilə tanışlıq…
İndiyədək müstəqil Azərbaycanda qədim Muğan və onun əsrarəngiz, həm də stratejik əhəmiyyətli liman şəhəri olmuş Həməşəra şəhərinin (müasir Cəlilabad şəhərinin) tarixi ilə bağlı bir neçə mühüm əsər qələmə alınmış və onlardan əsas hissəsi işıq üzü görmüşdür. Onlar aşağıdakılardan ibarətdir:
I. İlk olaraq keçmiş Astraxanbazar və indiki Cəlilabadın ilk Sovet müəlliməsi olmuş mərhum Leyla Muğanlı və eləcə də onun qızı Yelena Konstantinovna Çeburaşkina bu diyarda müşahidə etdiklərini xüsusi gündəliklərində qeyd edərək əslində qədim Həməşəra və bu günkü Cəlilabad salnaməsinin ilk müəlliflərindən birinə çevrilmişlər. Həmin gündəliklərdə indiki Cəlilabadın tarixi və adət-ənənələri ilə əlaqədar çox dəyərli qeydlər aparılmışdır.
II. Mərhum Rəşid Əsgərov (1930-2011) öz həyatında “Cəlilabad: dünən və bu gün” (2000) adlı dəyərli tədqiqat əsəri, həmçinin bir çox tarixi araşdırmalar və məqalələri ərsəyə gətirmişdir;
III. Tədqiqatçı-jurnalist Sabir Nəsiroğlu müxtəlif arxiv sənədləri, həmçinin doğma yurdumuza səfər etmiş səyyahlar və hərbiçilərin qeydləri (yaddaşları) əsasında, həm də mərhum Leyla Muğanlının gündəliklərdən yararlanaraq araşdırmalar aparmış və indiyədək bu mövzuda “Həməşərədən gələn səslər” (2002), “Sehirli diyarın sirri”, “Odnozemçi” və “Muğan salnaməsi” (2014) adlı dəyərli tədqiqat əsərləri təqdim etmişdir.
IV. Filologiya üzrə fəlsəfə doktoru, NDU-nin filologiya elmləri doktorluğu üzrə doktorantı, ADPU-nin Cəlilabad filialının müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Qızıl Qələm” Media mükafatı laureatı Bilal Alarlı doğma diyarımızıın tarixi və xüsusilə də qədim Muğan diyarı və Həməşəranın folkloru ilə bağlı çoxsaylı araşdırmalar aparmış və çağdaş tariximizi əks etdirən “Cəlilabad hadisələri”, həmçinin folklor sahəsinə aid olan “Alar və Alarlılar”, “Muğan elləri” (I, II və III), “İnsan inciləri” (I və II), habelə AMEA Folklor İnstitutu tərəfindən nəşr edilmiş “Azərbaycan folkloru antologiyası” adlı çoxsaylı əsərin XVII kitabında yer almış “Muğan folkloru” (2008) adlı qiymətli tədqiqat əsərlərini ərsəyə gətirmişdir.
V. Tədqiqatçı-toponimist alim Mahmudağa Qasımov “Cəlilabadın tarixi, etnonim və toponimləri” (2016) adlı olduqca önəmli əsəri ərsəyə gətirmişdir. Mahmudağa müəllim son olaraq müasir Cəlilabadın dilçilik şivələrinə aid olan “Cəlilabad rayonunun bəzi şivə xüsusiyyətləri” (2021) adlı əsərini qələmə almışdır.
VI. Tədqiqatçı-tarixçi alim Elşad Əmənov “Muğan: itmiş tarixin izi ilə” (2018) adlı dəyərli bir əsəri ərsəyə gətirmiş, həmin əsərdə qədim Muğan tarixi ilə bağlı olduqca dəyərli və maraqlı məqalələrini təqdim etmişdir.
VII. Tədqiqatçı-tarixçi alim Ələsgər Mirzəzadə doğma diyarımızın tarixi və maddi-mədəniyyət nümunələri ilə bağlı “Cəlilabad: Tarixi abidələr diyarı”, “Muğan: maddi-mədəniyyət abidələri” (2016) və “Tarix və Zaman” (2017) adlı üç dəyərli tarixi əsəri və monoqrafiyanı qələmə almış və hər üç əsər işıq üzü görmüşdür.
VIII. Tədqiqatçı-tarixçi alim Rza Rzayev qədim Muğan və Həməşəranın tarixi ilə bağlı çoxsaylı araşdırmalar və məqalələr ərsəyə gətirmişdir. Son günlər Rza müəllimin həmin araşdırmaları “Xanəgah və Xanəgahlılar” (Cəlilabadın sufi abidələri) adı altında işıq üzü görmüşdür.
IX. “Həməşəra” müstəqil elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanının təsisçisi və baş redaktoru olaraq (məqalənin müəllifi) isə indiyədək qədim və sirli-sehirli Muğan diyarı barədə əhatəli araşdırmalar aparmış, keçmiş və müasir dövrümüzlə bağlı bir sıra tarixi əsərlər, monoqrafiya və məqalələr təqdim etmişəm. İndiyədək bununla bağlı işıq üzü görmüş əsərlərim aşağıdakılardan ibarətdir:
1. “Yurdumun tarixi” (Doğma yurdumuzun keçmişi və müasir dövrü ilə bağlı ərsəyə gəlmiş ən geniş həcmli tarixi əsər) – (2020);
2. “Muğan tarixi” (2021);
3. “Həməşəra tarixi” (2020);
4. “Astraxanbazar tarixi” (2021);
5. “Cəlilabad tarixi” (2021)…
Qeyd etmək lazımdır ki, doğma diyarımızın tarixi (bu günü və keçmişi) ilə bağlı araşdırma aparan və müəyyən əsərlər yaratmış digər müəlliflər və araşdırmaçılar da var. Bununla bağlı Asif Həsənlinin “Cəlilabadın dünəni və bu günü” (2009) və Yaqub Abbasovun “Cəlilabad” (2014) adlı əsərlərini göstərmək olar.
Mənə görə, keçmiş və müasir tariximizi araşdıran və qələmə alan alimlər və tədqiqatçılar ilk öncə öz doğma yurdu və diyarına bağlı olan insanlardır. Çünki bu qəbil araşdırmalar bir çox hallarda hər şeydən öncə tədqiqatçının öz doğma eli, öz yurdu və vətəninə bağlılığından irəli gəlir.
Unutmayaq qədim və müasir tariximiz əslində bizim şəxsiyyət vəsiqəmiz və kimliyimiz sayılır. Qədim tarixini bilməyən insan sözün həqiqi mənasında vətəndaş və vətənpərvər ola bilməz. Bu baxımdan hər birimiz qədim və füsünkar tariximizi araşdıran və qələmə alan alimlər və tədqiqatçılar qarşısında borclu sayılırıq. Öz ləyaqəti və dəyərlərini qoruyan tarixçi alimlər və tədqiqatçıların hər birinin adı və hörmətini uca tutmaq isə borcumuz və fəxarətimiz olmalıdır…

Share: