Tahir Seyidov: Bakıdan, doğma Xəzərimizdən uzaq bir rayonun kəndində yaşasam da…

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin “Müstəqil.Az” saytı ilə birlikdə gerçəkləşdirdiyi “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı AXDG QSC-nin DND idarəsinində hami mexanik və DTİX-nin rəis müavini vəzifəsində çalışan Seyidov Tahir Oruc oğludur.

-Tahir bəy, söhbətimizin oxucularımız üçün də maraqlı olması üçün istərdim ki, özünüz haqda məlumat verəsiniz.

– 1963 cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində Oruc kişinin ailəsində anadan olmuşam. Qazqumlaq kənd orta məktəbini bitirmişəm. Dənizçi olmaq istədim və arzuma çatdım.

– Tahir müəllim, sizinlə həmsöhbət olduğumuz lahiyə “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin  xüsusi lahiyəsidir.  “Dənizçi həyatı” adlanan bu lahiyədə müsahibimizin fikirlərini, dənizlə, dənizçiliklə bağlı düşüncələrini, təkliflərini sorunlayırıq. Onların dəniz və dənizçiliklə bağlı  fikirləri ilə gənc dənizçiləri tanış edirik.  Deyin, “Dənizçi həyatı” dedikdə nələri düşünürsüz?

– Əvvəlcə ondan başlayım ki, dənizçi olmaq çətin, çətin olduğu qədər də  məsuliyyətli bir peşədir. Dəniz zarafatı sevmir. Dənizçi işində daima məsuliyyətli olmalıdır. Dənizçi olmaq doğrudan da çətindir. Xüsusəndə uzaq səfərlərə üzən gəmilərdə işləyənlər üçün. Onlar evdən, ailədən aylarla uzaqda olurlar. Onun üçün gərək işlədiyin gəmidə işlərinə məsuliyyətlə yanaşasan, təhlükəsizlik qaydalarına riayət edəsən. Düşünməlisən ki, aylarla evdə ailən, qohumların sənin yolunu gözləyir. Dənizçilər gəmidə  bir ailə kimi olmalı, bir-birinə münasibətdə mehriban davranmalıdırlar. Dənizin sərt təlatümlü günləri də olur. Buraxılan bir səhv nəinki bir heyət üzvünü, bütün heyəti, hətta gəminin məhvinə səbəb ola bilər. Dənizçi hər zaman təmkinli, seçdiyi peşədə bacarıqlı və dözümlü olmalıdır.

-Həyatınız dənizə, dənizçi peşəsinə bağlıdır. Maraqlıdır, Siz dənizdən uzaq bir rayonda anadan olmusuz, bəs dənizə maraq haradan yarandı?

–  Mən orta məktəbdə oxuyanda Bakıdan, doğma Xəzərimizdən uzaq bir rayonun kəndində yaşasam da kəndimizdən məndən yaşca böyük olanların dənizlə əlaqələri var idi. Bəziləri dənizdə işləyir, bəziləri isə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində oxuyardı. Onları dənizçi geyimində görəndə məndə dənizə, dənizçi peşəsinə  maraq artırdı. Beləliklə mən də 1979-cu ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə qəbul olundum. Hələ tələbəlik illərindən kəndimizdən olan dənizçilər cox mükəmməl dənizçi kimi yetişdiyinin şahidi olmuşdum. Görürdüm ki, onlar dənizçilər arasında böyük hörmətə malik olan kapitanlar və baş mexaniklərdir. Mən hər sahədə onlar kimi olmağa can atırdım, yaxşı və savadlı bir dənizçi kimi yetişməkdə onların həyat yoluna nəzər salırdım, öyrənirdim.

– Demək təlbəlik illərindən  prisipiallıq, məqsədə çatmaq üçün bütün imkanlardan yararlanmaq əsas işlərinizdən oldu.

-Elədir. Daima öyrənmək və yaxşı cəhətlərdən bəhrələnməyə üstünlük verirdim. Beləliklə 1983-cü ildə Dəniz Yolları məktəbinin “Gəmi Güc Qurğularının istismarı” fakultəsini bitirdim. 1984-cü ilin yanvar ayından Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində matorçu kimi işə başladım. Qısa müddətdə Bərə sərnişin gəmilərində 4-cü mexanik vəzifəsinə irəli çəkildim. İşlədiyim gəmilərdən ən çox yadda qalan və hər zaman xatirələrimi bölüşdüyüm gəmi “Bəstəkar Qara Qarayev” adına olan gəmidir. 1990-cı ildən o gəmidə 2-ci mexanik və 1996-cı ildən 2007-ci ilə kimi isə Baş mexanik vəzifəsində işlədim. XDG-nin eyni tipli iki gəmisi olub. Bu gəmi bəlkə də gəmiçiliyin gəmilərinin flaqmanı olub. O gəmidə işləmək cox məsuliyyətli iş idi. Hər adam o gəmidə işləyə bilmirdi, dediklərimi köhnə dənizçilər təsdiqləyə bilər. Çox gözəl heyəti, məsuliyyətli kapitanı sayəsində gəmidə heyət arasında dürüstlük olardı. Hər kəs öz işinə can yandırardı, təhlükəsizliyə əməl edərdi. Heyətdə bir ailə mehribançılığı vardı. İşlədiyim müddətdə çalışmışam bilik və bacarığımı digər dənizçilərə öyrədim. Əsas da dənizdə yeni işə başlayanlara. Mənim fikrimcə hər bir kəs mütəxəssis olaraq bunu etməlidir. Heyət üzvləri nə qədər cox bilikli olarsa, bu bütün heyətin və gəminin təhlükəsizliyinə zəmanət verir.

2008-ci ildən “Bakı Beynəlxalq Ticarət Limanının tərkibində olan Liman yardımçı donanma terminalına rəis vəzifəsinə təyin olundum və 2016-cı ilə kimi orada işlədim.Həmin ildə Dövlət Dəniz Administrasiyasında Liman nəzarət müfəttşi, 2018-ci ildən yenidən “XDG”-QSC-nin DND-da  hamiyəçi mexanik  və hal hazırda DTİX-nin rəis müavini vəzifəsində işləyirəm.

– Ömrünüzün çox hissəsi dənizlə bağlıdır, heç olubmu bu sənəti seçməkdə peşiman olasız?

–  Dənizçi peşəsini seçməkdə peşman deyləm və heç vaxt da peşman olmamışam. Həyata yenidən gəlsəydim, yenə də bu peşəni seçərdim.

Bu  peşəni sevirəm. Düzdür, dənizçi olmaq ailədən, doğmalardan uzaq olmaq çətindir, ancaq bir dənizçi və dənizçi ailəsi bunu bilməli və bununla razılaşmalıdır.

– Tahir bəy, uzun illərin təcrübəsi, biliyi imkan verir ki, gənc dənizçilərə nümunə olasınız. Bu gün dənizə gələn gənclərin bilik səviyyəsi sizi, təcrübəli dənizçini razı salırmı?

-Bu gün həyatını dənizə bağlayan gənc dənizçilərin bilik və bacarığı məni qane edirmi? Çox gözəl sualdır. Bəli, gənc dənizçilər arasında bilikli və bacarıqlı gənclər coxdur. Ancaq onların dəniz təcürbələri yoxdur və yaxud da azdır. Biz təcürbəli dənizçilər onları düzgün istiqamətləndirməyə çalışmalıyıq. Hər kəs işinin ustası olmalıdır ki, bütün heyətin və gəminin təhlükəsiz    üzməsi təmin olunsun.

– Uzun müddət xarici sularda üzmüsüz, Qara dənizdə fəaliyyət göstərmisiz. Sizin dənizçilik həyatınızdan nələri örnək olaraq göstərmək olar?

-Bəli mən demək olarki dənizdə işlədiyim dövrün cox hissəsini xarici sularda – Qara dəniz, Baltik dənizi və Aralıq dənizi sularında üzmüşəm. Calışmışam mənə göstərilən etdimadı doğruldum. Dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmışam, Donanmanın fəxri işçisi medalı ilə təltif olunmuşam.

– Tahir müəllim, ailədə dənizçi olara tək deyilsiz. Qardaşınız Mahir də sayılan dənizçilərdəndir. Bəs övladlarınız necə, dənizçi çörəyini yeyib, dənizə meyl etmədilər ki?

-Bəli mən ailəmizdə tək dənizçi deyləm . Mənim qardaşım da dənizçidir. Bizim yolumuzu davam etdirən qardaşım oğlu da dənizçidir.

– Bəs dənizdə nələri itirdiniz. Nələrdən məhrum oldunuz?

-Dənizçi olmaqda itirdiyim təkcə ailədən, qohumlardan müvəqqəti uzaq olmaq olub.

– Maraqlıdır, bəs dənizə daha çox nəyə görə minnətdarslz?

-Dənizə minətdaram ona görə ki, mən kasıb kəndçi ailəsində doğulmuşam. Mənim digər Ali məktəblərdə təhsil almağım üçün və gündəlik təminatımı təmin etmək ailəmin güçündə olmayıb. Mən oxuduğum müddət məktəb bizi tam təmin edirdi. İşlədim bununla da digər qardaşlarımın ali təhsil almasına təkan oldum, ailəmə yardımçı oldum. Allahıma şükür ki, evim hər bir şəraitim var, övladlarım ali təhsillidir,  sadiq dostlarım var. Bunların hamısını mən dənizçi olmaqla qazanmışam.

– Sıravi dənizçidən baş mexannik olmusuz. Hazırda isə hami mexannik və DTİX-nin rəis müavini vəzifəsində işləyirsiz.

 Siz İşinizin qurulmasında, nailiyyətlərinizdə nəyə və kimə minnətdarsız?

-Sıravi dənizçidən  Baş mexanik, hal-hazırda Donanmanın Texniki İstismar Xidmətinin rəis müaviniyəm, düz qeyd etydiniz.Uğurlarıma görə ilk növbədə mənə dərs deyən müəllimlərimə, işlədiyim kolektivə və işçinin bacarığını  düzgün qiymətləndirən rəhbərliyə minətdaram.

 

-Tahir müəllim, dənizdə qarşılaşdığınız hansı olay xatirələrinizin ən şirini kimi yaddaşınızda qalıb?

-Dənizdə uzaq səfərdə  olarkən övladımın dünyaya gəlməsi barədə xəbərini almağımın xatirələrimin ən şirini kimi yaddaşımdan silinməyəcəyinə əminəm.

-AXDG QSC zaman keçdikcə daha böyük və daha işlək   bir dononmaya çevrilir. Gəmiçilikdə daha hansı uğurlara imza atmaq olar? Təcrübəli gəmi mühəndisi olaraq fikrinizi bilmək istərdim.

-“AXDG”QSC-nin cox bacarıqlı rəhbərliyi sayəsində gəmiçilik daha da inkişaf edəcək. Yeni gəmilər donanmamıza əlavə edilir. Müasir nəsil gəmilərdə işləmək üçün kadırların hazırlanması və ADDA-nı yüksək nailiyətlərlə bitrən gəncləri cəlb etmək gəmiçiliyimizin inkişafına təkan verəcək.

Həmkarlarınıza nələri arzulardız?

–  Bütün dənizçilərə arzum budur ki,  seçdikləri peşəni sevsinlər, işlərinə məsuliyətlə yanaşsınlar və hər zaman gülər üzlə ailələrinin, onları sahildə gözləyən qohumlarının yanına dönsünlər.

– Çox sağ olun ki müsahibəyə zaman ayırdınız.

 

-Siz sağ olun ki, mənim dənizlə, dənizçi peşəsi ilə bağlı fikirlərimi aldınız, məni xatirələrimə qaytardız…

Söhbətləşdi: Faiq Balabəyli

Share: