Azərbaycandan Ohayo ştatına milli təbrik…

Atalar yaxşı deyib- “Niyyətin hara, mənzilin də ora.” Onu da Amerikaya niyyəti gətirib. Elə bu niyyətlə də burada yuva qurub, necə deyərlər, ev-eşik sahibi olub…

Haqqında söhbət açdığım Səbuhi Nəsibov 1992-ci ildə Mingəçevir şəhərində dünyaya gəlib. 2010-cu ildə həmin şəhərdə fəaliyyətdə olan litseyi bitirib. 2010-2011-ci illərdə Türkiyənin Sivaş Cümhuriyyət Universitetində, 2011-2014-cü illərdə isə Çin Xalq Respublikasının Şanxay Dövlət Universitetində çin dili filologiyası və biznesin idarə olunması üzrə təhsil alaraq hər iki ixtisasdan fərqlənmə diplomuna layiq görülüb…
2015-ci ildən ABŞ-da yaşayır. Buraya gələndən sonra iki il Vaşinqtondakı kolleclərdən birində oxuyaraq biznesin idarə olunması üzrə ixtisasını artırıb. 2017-ci ildən Ohayo ştatının Kolumbus şəhərində məskunlaşıb. Beş ay “Chase” bankın İT departamentində proqramçı işləyib. Hazırda “Natonwide” sığorta şirkətinin baş İT departamentində proqramlaşdırma üzrə şöbə rəisi vəzifəsində çalışır…
Deyir ki,- “ABŞ-a gəlmək istəyənlər ilk növbədə təhsil haqqında düşünməlidirlər. Sonra gərək amerika mədəniyyətinə hörmətlə yanaşmağı bacarsınlar, yerli insanlara qaynayıb qarışa bilsinlər. Əgər bu keyfiyyətlərə yiyələnə bilsələr uğur qazanacaqlarına şübhə ola bilməz…”
Səbuhi həm də bizneslə məşğul olur. Qardaşı Azərlə birlikdə üç şirkət yaradıblar. Şirkətlərdən biri ev və ofislərin təmizlik işlərinə baxırsa, ikincisi inşaatla məşğul olan təmir-tikinti şirkətidir. Üçüncü şirkət isə mebel satışını həyata keçirir.
Deməli, Malaziyanın “AVRS” mebel zavoduna xüsusi eskizlər göndərib, sifarişlər verir və oradan hazır mebel dəstlərini qəbul edirlər. Maraqlısı da odur ki, həmin dəstlərin adları Azərbaycanla bağlıdır. “Bakı”, “Qarabağ”, “Aran”, “Dərbənd”, “Cəbrayıl”, “Ağdaş”, “Naxçıvan”, “Füzuli”, “Şuşa”, “Göyçə”, “Quba” və s. mebel dəstlərinin hər biri model olaraq amerikalıların da xoşlarına gəlir…
Səbuhi bir başqa oğuldur. Özünəməxsus müsbət keyfiyyətləri var. Vətənpərvər, mübariz, zəhmətkeş və əzmkardır. Azərbaycanı çox sevir. Milli kimliyinə sədaqətlidir. Hər şeyə adi baxılan yaşadığı qərib ölkə, necə deyərlər, onu məhvərindən çıxara bilməyib. Həyatını amerikalı xanımla bağlamaq istəmədiyindən, Mingəçevirə dönərək, azərbaycanlı xanımla ailə həyatı qurub…
İbadətindən qalmır, vaxtlı vaxtında namaz qılıb, oruc tutur. Bütün əldə etdiklərini ona Allahın verdiyini dilə gətirib, şükr edir. Aprelin 22-si doğum günüdür. 31 yaşı tamam olur. Uğurları onu qane etsə də inanıram ki, daha böyük nailiyyətləri hələ irəlidədir. Çünki qarşısında əyilənləri, Allah həmişə ucaldıb…
Səbuhini ad günü münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı, işlərində uğurlar arzulayıram!
Elman Eldaroğlu
Share: