Bəzən taleyin insana bəxş etdiyi ən böyük üstünlüklərdən biri, kitablarını sonradan oxuduğun adamı əvvəlcədən tanımaq olur. Mənim üçün Salam Sarvan məhz belə bir şəxsiyyətdir; mən onu şair kimi yox, əmi kimi tanımışam. Bu haqda bir az sonra…
Azərbaycan oxucusu onu müasir poeziyanın özünəməxsus səsi, sərbəst şeirin ən güclü nümayəndələrindən biri kimi tanıyır. Onun misraları zahirən sadə görünür, amma hər misranın arxasında dərin düşüncə, həyat təcrübəsi və insan ruhunun incə qatlarına enə bilən müşahidə dayanır. Salam Sarvan Azərbaycan şeirinə yeni nəfəs gətirən, sözü bəzəkdən uzaqlaşdırıb mahiyyətə yaxınlaşdıran şairlərdəndir. Bunu, mənə qədər onun dərc olunan şeirlərindən sonra deyiblər, mənim dediklərim isə, heç də deyilənləri təkrar etmək deyil. Onu tanıdığım vaxtlar şeirin, sözün nə olduğunu dərk etsəydim, əlbəttə elə belə də deyəcəkdim.
Salam əminin “Sənə deyiləsi deyil sənə deyiləsi sözüm”, “Mən gələr olmadım, yolu qarşıla”, “Heykəl tənhalığı”, “Fikir oyunları” və digər kitabları artıq müasir Azərbaycan ədəbiyyatının yaddaşına çevrilib. Bu kitablar yalnız poeziya nümunələri deyil, həm də insanın özü ilə söhbətidir. Salam Sarvanın şeirləri oxucunu tələsdirmir; onları yaşamaq, hiss etmək və düşünmək lazımdır.

Mən isə Salam Sarvanı ilk dəfə kitab səhifələrində deyil, ailəmizin üzvü kimi tanımışam.
Atam Faiq Balabəyli ilə Salam Sarvanı uzun illərin dostluğu birləşdirir. Uşaqlıqdan atamın yaxın dostlarına “əmi” demişəm. Salam Sarvan da mənim üçün həmişə “Salam əmi” olub, həmişə də belə olacaq. Bu müraciətin arxasında sadəcə qohumluq yox, ailələr arasında yaranmış doğmalıq dayanır.
Onunla bağlı çox xatirələrim var. Hər biri ayrı-ayrılıqda bir ailə albomunun şəkilləri kimidir. Ancaq onlardan biri zaman keçdikcə daha da mənalı görünür.
Uşaq vaxtı həddindən artıq dəcəl olmuşam, deyirlər. Əlimə keçən hər şeyi eyvandan həyətə atmaq mənim üçün qəribə bir əyləncə imiş. Günlərin birində Salam əmi ailəsi ilə bizə qonaq gəlmişdi. Mən isə gözdən yayınıb qonaqların ayaqqabılarını götürüb beşinci mərtəbədən həyətə atmışam O vaxt bunun nə demək olduğunu anlamırdım. Mənim üçün bu, sadəcə uşaqlıq vaxtının əyləncəsi imiş.
İllər keçdi.
Bir məclisdə həmin hadisə yenidən yada düşdü. Salam əmi onu böyük təbəssümlə danışdı. Hamı güldü. Sonra üzünü mənə tutaraq dedi:
“Gün o gün olsun, evdən çölə yox, çöldən evə daşıyasan.”
İllərdir bu cümlə mənim yaddaşımdadır.
Bu, zahirən zarafat olsada, əslində isə bir şairin dilindən çıxan həyat fəlsəfəsi idi. O cümlədə ailə vardı, ev vardı, məsuliyyət vardı, ömür yolu vardı. Uşaqlığın dəcəlliyini böyüklüyün müdrikliyi ilə əvəz edən bir arzu vardı.
Bəlkə də şairləri fərqləndirən elə budur. Onlar gündəlik hadisələrdə belə adi insanların görmədiyi mənaları tapırlar. Bir cümlə ilə həm güldürür, həm düşündürür, həm də illərlə unudulmayan bir xatirə yaradırlar.
Bu gün Salam Sarvanın şeirlərini oxuyanda həmin məclis yadıma düşür. Misralardakı səmimiyyətlə gündəlik həyatda gördüyüm insan arasında heç bir fərq görmürəm. Yazdıqları ilə yaşadıqları bir-birini tamamlayan sənətkarlar həmişə az olur. Salam Sarvan həmin azlıqda yer alan şairlərdəndir.
Həyatımızdan yüzlərlə insan keçir. Bəziləri yalnız adı ilə, bəziləri isə qoyduğu izlə yadda qalır. Salam Sarvan mənim yaddaşımda təkcə tanınmış şair kimi deyil, atamın etibarlı dostu, uşaqlığımın doğması, qayğı çəkəni və bir cümlə ilə ömürlük xatirə yaradan insan kimi yaşayır.
Çünki bəzi insanlar şeirlərini kitablarda yazırlar, bəziləri isə insanların yaddaşında.
Salam Sarvan hər ikisini bacaran söz adamlarındandır.

Tural BALABƏYLİ





















