Avropa Komissiyasının  layihə rəhbəri  Lənkəran Dövlət Universitetində olub.

 

Müstəqil.Az bildirir ki,Avropa Komissiyasının  layihə rəhbəri  LDU-da olub.

Avropa Komissiyasının “Azərbaycanın ali təhsil sistemində tədqiqat,ixtira və   innovasiyanın gücləndirilməsi üçün Texniki Yardım Dəstəyi “ layihəsinin rəhbəri Gulda Krzysztof və ekspert Jacek Gajevski   bu gün Lənkəran Dövlət  Universitetində  (LDU) olublar.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən  professor Natiq İbrahimov  qonaqlara universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, müasir maddi-texniki bazaya və kadr potensialına  malik olan universitet bir çox beynəlxalq layihələrdə iştirak edir.Son illərdə LDU-nun Avropa universitetləri ilə  əməkdaşlıq etdiyini, elmi  əlaqələrin yaradıldığını deyən professor N.İbrahimov əsas hədəflərinin birgə əməkdaşlıq çərçivəsində yeni elmi uğurların əldə olunması,aparılan elmi  tədqiqatların səmərəliliyinin artırılması  olduğunu qeyd edib, bu istiqamətdəki  fəaliyyətləri  barədə  qonaqlara umumi məlumat verib.

Tədbirdə iştirak edən LDU-nun prorektorları, kafedra müdirləri, ixtisaslı müəllimlər, gənc tədqiqatçılar avropalı ekspertləri universitetdə aparılan  elmi tədqiqatlar , ixtira və innovasiyalar, əldə olunan nəticələr  barədə ətraflı məlumatlandırıblar.Son illərdə  yenilənən  elmi-təcrübi  bazanın , modern laboratoriyaların bu işə müsbət təsiri xüsusi vurğulanıb.

Rəbbəri olduğu layihə haqqında məlumat verən Gulda Krzysztof qeyd edib ki, əsas məqsədləri  ali təhsil sistemində tədqiqatların inkişafı və innovasiya siyasətinin gücləndirilməsinə dəstək göstərmək, yardımçı olmaqdır.

Təhsil və Layihələrin İdarə edilməsi üzrə ekspert,  doktor Jacek Gayevski çıxışında  dünya və Avropa təhsilində elmi tədqiqatlarlara marağın artdığını, təmsil etdiyi qurumun  Azərbaycanda bu sahəyə diqqət yetirdiyini,  LDU ilə əməkdaşlığa maraqlı olduqlarını , perspektivli elmi layihələrin qurum tərəfindən dəstəklənəcəyini deyib.

Diskussiya şəraitində  keçən görüşdə müvafiq layihə çərçivəsində birgə əməkdaşlıq istiqamətləri  geniş müzakirə edilib, təklif və rəylər dinlənilib.

Qeyd edək ki, sözügedən layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir, Azərbaycan Respublikası Təhsil İnstitutu və Azərbaycan Ali Məktəbləri tərəfindən dəstəklənir.

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Share: