“Atam Əjdər  Ağayevin səhhətində heç bir irəliləyiş yoxdur”-Tanınmış təhsil ekspertinin qızı…

“Atam Əjdər  Ağayevin səhhətində heç bir irəliləyiş yoxdur”
Müstəqil.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında təhsil üzrə ekspert, Azərbaycan Təhsil Şurasının sədri  Əjdər Ağayevin qızı  İlhamə Rəsulova deyib. Onun sözlərinə görə, Əjdər Ağayevin vəziyyəti stabil olaraq qalır:
“Atam çox zəifdir. Prostat problemindən əziyyət çəkir. Sadəcə, ürəyində kardiostimulyator (ürək ritmlərini tənzimləyən cihaz) olduğuna görə müalicədə çətinlik yaranır”.
Qeyd edək ki, Əjdər Ağayev 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub.  Burada kənd  yeddiilik, Salyanda orta məktəbi bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlayıb. Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olub. Burada Əhməd Seyidovun rəhbərliyi ilə “Fərhad Ağazadənin pedaqoji görüşləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək,  elmi işçi, baş elmi işçi, bölmə müdiri, şöbə rəisi, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışıb.
 “Azərbaycan ictimai  fikrində şəxsiyyətin formalaşması”  adlı doktorluq  işi müdafiə edib. “Azərbaycan məktəbi” jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olub.
Hazırda Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda pedaqogikanın nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, Lənkəran Dövlət Universitetində pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində çalışır.  Azərbaycan Təhsil Nazirliyi nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert  komissiyası sədrinin müavinidir.
Bədii yaradıcılığa keçən əsrin 50-ci illərindən başlayıb. İlk hekayəsi “İlk və son mahnı” 1956-cı ildə “Azərbaycan pioneri” qəzetində, “Bir də çal o mahnını” adlı ilk şeri isə 1957-ci ildə “Azərbaycan gəncləri” qəzetində çap olunub.  200-dək şeirə mahnı bəstələyib. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
Akademik Mehdi Mehdizadə adına mükafatın və  “Araz”  ali ədəbi mükafatın laureatıdır.

Share: