Aqşin Yenisey: “Metrodakı o qızı öpürəm”

Elşad Miri: “O oğlan İrandakı əxlaq polisi kimi davranıb”

Azadlıq haqqında belə bir fikir formalaşdırıblar ki, sənin azadlığının sərhədi mənim azadlığımın sərhədində bitir. Boş söhbətdir. Sərhədi olmayan hər şey azadlıqdır! Sərhədi olan şey azad ola bilməz. Öpürəm o qızı! Lənətləyirəm bütün sərhədləri!

Müstəqil.Az bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında şair Aqşin Yenisey Bakı metrosunda gənc qızın şortik geyinməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirərkən deyib.

Onun fikrincə, insanlar diri-diri meyit kimi yaşamaqlarını heç kimə bağışlamaq istəmirlər: “Ona görə hamı yaşayanları özü kimi öldürmək istəyir”.

İlahiyyatçı Elşad Miri isə hesab edir ki, metrodakı qarşıdurma ədəbsizlikdir: “Kiminsə geyiminə bu cür etiraz edən insanlar hələ formalaşmamış, özlərini İrandakı əxlaq polisi kimi aparan gerizəkalılardır. Heç kəsin başqasının geyiminə qarışmağa haqqı yoxdur. Hətta peyğəmbərimiz ona 40 yaşında peyğəmbərlik veriləndən sonra belə paltarını, saqqalının formasını, başının sarğısını dəyişmədi. Çünki cəmiyyətin bir üzvü idi. Multikultural, tolerant dediyimiz anlayışlar budurmu? Hər kəs geyimi, davranışı, danışığı ilə öz əxlaqını göstərir. Əgər bu, kənardakıları başqa şeyə sövq etmirsə, məktəbə bu formada gəlmirsə, kimin nə ixtiyarı var ki, basqı göstərsin. Biz videoda bizə göstəriləni görürük, kameranı kimin qoşduğunu bilmirik, situasiya birtərəfli olaraq bizə təqdim edilir və buna görə fikir bildirmək də doğru deyil. Bir insan ədəbli şəkildə həmin qıza yaxınlaşıb məsləhət versəydi, daha yaxşı olardı. Bu hadisəyə etiraz olaraq bir çoxları şortik geyinəcəyini söyləyir”.

İlahiyyatçının sözlərinə görə, gənc qıza geyiminə görə təzyiq göstərənlərin dünyagörüşü kasaddır: “Kaş bu insanları kənara çıxarmaq olardı. Ölkədə xoruz olub başqa yerə gedəndə cücə kimi davranan çox insanlar görmüşəm. Onların kənara çıxanda necə danışacağını, durub-oturacağını, hərəkət edəcəyini bilmədiyinin şahidi oluruq. Metrodakı o qızın yanında yaxını olsaydı, həmin oğlan o cür hərəkət edə bilərdimi? Təbii ki, yox”.

Müəllif: Nərgiz

Share: