Allah, sən də bizə gəlmə…

 Pərviz CƏBRAYIL 
 
Dünya keçib məndən gedir,
Mənə sarı gələn yoxdu.
Ölüm, gəlmirsən, heç gəlmə,
Heç sənçün də ölən yoxdu.
 
Mənə sıxılan güllə də,
Eləcənə yandan gedər.
Ürəyim elə pas atıb,
Təkcə qızıl qannan gedər.
 
Allah, sən də bizə gəlmə,
Özüm özümdən getmişəm.
Mən ölüm, bir axtar məni,
Görək də harda itmişəm?
 
Vurmanı əzbər bilirsən,
Öyrən dərdi bölməyi də,
Min yol məni öldürəndə,
Bir yol mənnən ölməyi də…

Share: