Ad gününüz mübarək, Eldəniz müəllim!..v

Bir gün Əmir Teymur öz qoşunuyla Şiraza çathaçatda atını saxlayır, vəzirinə deyir ki, bu vilayətdə ən ləyaqətli adamı tapıb gətirin!

Nə isə, Hafiz Şirazini tapıb gətirirlər, böyük hörmət və ehtiramla…
Teymur atdan düşür, əl açıb ona tərəf yürüyür. Ona yaxınlaşanda Hafiz Şirazi diz üstə çökür. Teymur geri qayıdıb atına minir və əmr edir- Bu vilayətdə başıpapaqlı qalmamalıdır!..
Cəngavər kimidir, atıldığı döyüşdən geri çəkilməyi xoşlamır. Özünə güvənir, təzyiq göstərməyə meyillidir. Müstəqilliyi çox sevir, azadlıq onun ən böyük arzusudur. Onu cilovlamaq son dərəcə çətindir. “Mən də buradayam” deyən, cəsarətli bir davranışı var. Rəsmiyyətə nifrət edir, səbirsiz olduğundan bəzən uşaq saflığı ilə sərhədləri aşıb keçməyə səy göstərir və qaydaları tanımaq istəmir. Təmkinli olduğu qədər də əsəbidir. Qurub yaratdıqlarını bir anda dağıda bilər. Yalqız qalmağı xoşlayır, onda öz aləminə qapılır və problemləri unudur…
Tükənməz enerjisi var, bu enerji hisslərinə hakimlik edir. Dominant adamdır, üstünlüyü həmişə qoruyub saxlaya bilir. Hər zaman öndə olmağı sevir. Həm də özünü güclü şəkildə ifadə etməyi bacarır. Bu bəzən ona problem yaradır…
“Deyilənlərə görə, insan ömrünü qısaldan səbəblərdən ən əsasları – qorxu, bədbinlik, nifrət, bir də qətiyyətsizlikdir.”- söyləyir…
Haqqında söhbət açdığım Eldəniz Quliyev 1952-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra, Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb. “Mosfilm”, M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. “Azərbaycanfilm” kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü, “Debüt” studiyasının baş redaktoru, “Azərkinovideo” İstehsalat birliyinin baş redaktoru, ABA televiziya şirkətinin baş redaktoru vəzifələrində işləyib. 2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən “Sülh səfiri” fəxri adına layiq görülüb. Rus və Azərbaycan dilində nəşr edilən “Ziyalı-İntelligensiya” qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalı Hərəkatının sədridir. “Üçatılan”, “Tilsimli dairə”, “Təpəgöz” (Polşa Respublikasında tamaşaya qoyulub), “Mürşüd kişi niyə susur?”, “İstək” və s. dram əsərləri Azərbaycan teatrlarında tamaşaya qoyulub. “Ağ yuxu” hekayələr toplusunun, “Kölgəsiz adam” hekayə və povestlər kitabının, “Rasim Balayev” kitabının müəllifidir. Bir sıra filmlərin ssenarisi ona məxsusdur…
Deyir ki,- “Təşəbbüskar axmağın mənə yazdığı mesajdan bir neçə kəlməni sizə də söyləmək istəyirəm:
“- Adə, başınıza at təpib?! Sizə deyrlər, mumla, danışma!- danışma da! Kilitləyin də ağzınızı! Deyirlər etiraz – filan eləmiyin, olmaz – eləmiyin də bə! Eləməsəniz, ölərsiniz?! Deyirlər, biz nə deyirik onu deyin, nə istiyirik onu eləyin, bizə nə lazımdırsa, onu yazın… “Fas!”, “Aport!”, “Sidet”, “Qolos” – bitdi də, qanmırsınız?! Deyirlər, qatlq qaradı, deməli qaradı da, atmilçəyi kimi nə yapışırsız, nə dirəşirsiz, nə hoqqa çıxarırsız?!
Demakratiya nədir, azadlığ-mazadlığ nədir?.. Ölün harda ölmüsüz, orda da köpüb qalın da!!! Başınızı salın aşağı, sürünün özünüzçün!!! Sürünməyə duxunuz çatmırsa, əyilin, bükülün, büzüşün, ikiqat olun, lap belə, donbalağ aşın!
Bunlara bax eee, gül kimi hökumətnən hökumətlik eləmək istiyirlər!.. Ölmüşdü Xandadaş! Ala, uje visyo da!!!”
Bir vaxtlar Milli Şurada təmsil olunduğundan ölkədə iqtidara müxalif ziyalılardan biri kimi tanınır. Amma onun hakimiyyətdə təmsil olunmaq arzusu heç zaman olmayıb. Bu heç mümkün də deyil. Yaşının səkkizinci on illiyinə qədəm basıb. Ona sakit həyat, nəvələrilə gün keçirmək, ömrün son mərhələsini firəvan yaşamaq daha önəmlidir. Sadəcə ölkədə baş verən neqativ hallara biganə qala bilmir. Bu da onun son dərəcə çılğınlığından irəli gəlir.
“Xalqa cənnət vəd edib onu cəhənnəmə aparmağa heç kimin haqqı, hüququ və ixtiyarı yoxdur. Mən bu cür siyasi qurumda, “Milli Şura”da olmaqdan xəcalət hissi keçirirdim. Odur ki, həmin qurumu tərk elədim, peşman da deyiləm.”- söyləyir…
Məcaralara meyillidir, daim hərəkətdə olmaq istəyi, səbirsizliyi bəzən ona problem yaradır, amma təcrübəli olduğundan bu çətinlikləri dəf edə bilir. Qəzəb və nifrət hissi ona yaddır. İnsanpərvər, xalqa bağlı adamdır. Öz qabiliyyətinə o qədər əmindir ki, uğursuzluq barədə heç zaman düşünmür və müəyyən dərəcədə məhz buna görə çox vaxt müvəffəqiyyət qazanır. O, problemlərinin üzərinə elə bir enerji və qətiyyətlə atılır ki, onların çoxusu sadəcə olaraq əriyib gedir.
Xoşbəxtlikdən yaddaşı elə də güclü deyil. Bu onun qəlbinin təmizliyindən, kinli adam olmadığından irəli gəlir. Onu yalnız hal-hazırda baş verənlər maraqlandırır və əgər nə isə diqqətini cəlb edirsə, keçmiş haqqında bütün fikirləri yoxa çıxır…
Deyir ki,- “Dünyanın ən gözəl heykəltəraşı SEVGİdir. Heç bir istedadlı heykəltəraş SEVGİ qədər möhtəşəm heykəl yapmaq qüdrətində deyil. Çünki SEVGİ öz “əsərlərini” bir başa insanın qəlbinə həkk edir. Qəlbin ALLAH sevgisiylə dolu olsa, ruhun sənə xoşbəxtlik qanadları bəxş edər!..”
Bəli, o da xoşbəxt insanlardan biridir, yaratdığı ekran əsərləri onu unudulmağa qoymayacaq- adı özündən çox yaşayacaq…
Aprelin 20-si Eldəniz müəllimin doğum günüdür, 71 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, Allahdan möhkəm can sağlığı, uzun ömür və firəvan həyat diləyirəm.
Arzularınız çin olsun, USTAD!..
Elman Eldaroğlu
Share: