Şəhid atası oğlunun döyüşdüyü yüksəkliyə qalxdı: “Səidə həsəd apardım”

Vətən müharibəsinin şəhidi, baş leytenant Səid Rəşidzadənin atası Nofəl Qasımov oğlunun döyüşdüyü və həlak olduğu Hadrut rayonuna səfər edib.

Müstəqil.Az Modern.az-a istinadla xəbər verir ki, Nofəl Qasımov səfəri barədə qısa qeydində bildirib:

“Qarabağa bu səfərlə əlaqədar məni təbrik edənlərin hamısına minnətdaram… Getmişdim oğlum Səidin şəhid olduğu Şişqayaya – onun sancdığı bayrağı dəyişməyə… Hadruta getdim və gəldim! Mən ömrümdə heç kimə həsəd aparmamışam, ancaq Şişqayaya qalxanda oğlum Səidə həsəd apardım. İlahi, bunlar ora necə çıxıblar?”.

Səid Rəşidzadə 1990-cı ilin yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələri sıralarında hərbi xidmətə başlayıb.

Vətən müharibəsində Füzuli, Hadrut, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Baş leytenant 2020-ci il oktyabrın 11-də Hadrutun girişindəki Şişqaya deyilən yüksəkliyi azad edib, bayrağı sancan zaman snayper gülləsi ilə vurulub.
Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, şəhid atası Nofəl Qasımov Füzuli rayonu İcra Hakimiyyətinin keçmiş başçısıdır. O, Birinci Qarabağ savaşında Füzuli Özünümüdafiə batalyonunu komandiri kimi vuruşub.

Share:

Author: admin