Qatarlar daşıdıqca qurtarmır yolçuluq – Təbrizdən şeirlər

Müstəqil az Kulis.az -ın “Sözün Güneyi” layihəsindən təbrizli şair Bəxtiyar Nizaminin şeirlərini təqdim edir.

1965-ci il Təbriz şəhərində anadan olub. Orta məktəbin III sinfində oxuyarkən atasını itirib. Ailədəki uşaqların ən böyüyü olduğundan məktəbi buraxmalı olub. İşləməyə başlayıb və yetim bacı-qardaşlarının güzəranını təmin edib. Otuz il musiqi sahəsində dinləyicilərinin ruhunu oxşayıb, eyni zamanda, ali təhsil alıb. Altı il öncə şeir aləminə qədəm qoyub və böyük coşğu ilə yazıb-yaratmağa başlayıb. “Məzarlar gecənin tərs üzüdür” adlı şeir toplusu 2018-ci ildə Təbrizdə nəşr edilib və az bir zamanda oxucular arasında geniş yayılıb.

Son müsafir

Tənhalıq tanrıdan başlayır
otağının içində bütün əşyaların
hiss edir yoxluğunu
qatarlar daşıdıqca qurtarmır sonsuz yolçuluq
dəmir yolunun ortasında
birisi qulağına pıçıldayır dünya fəlsəfəsini
şeir fəlsəfəsini,
şairlər filosofdur dəmirlər dünyasında.
şeir tanrının yuxusunu yaşayır
şairlər görür
yazdıqca
arayırsan
arayırsan
arzularını
Bethovenin üçüncü simfoniyasında gömürsən
sən kimsən?
nəçisən, ey insan?!
kitabların kolleksiyonunda varlığın danışır
tarixində qılınc çarpışmalarında,
barıt qoxusu var
azadlığın üçün
azadlığını çalanlar
çörəyini təhlükəyə sala bilər
hələ də
varlığında
məqsədsiz gedirsən
oturduğun qatar dayanır
son müsafir düşür

***

pəncərələr baxışlarında asılı qalıb
tanri gözlərini yumub
gecə qaranlığı süzür buludlara
bir ıldırım çaxsa
pəncərələr yerə gələcək
tanri bu səsə yata bilməz.

***

Dəli şair al qələmi
Yaz vaxtında yaz dərdimi
Barmağında mizrab oynar
Deşir mənim saz dərdimi

İldırımdır çaxır birdən
Yaş gözümdən axır birdən
Pəncərəmdən baxır birdən
Hey artırır naz dərdimi

Mənə hər nə olan oldu
Xoş xəbər də yalan oldu
Dərd özü kor-peşman oldu
Külüng götür qaz dərdimi

Ümid qalmayıb sabaha
Düzüm yoxdur dərdə aha
Barı siz deyən allaha
Çıxarmasın az dərdimi

***

Doyunca siqarandan bir udum çək
Özünü özündən qopar
Burax getsin
Sevgilini ayıltma
Sevdiyi mahnını səssizcə qulağına pıçılda
Bəlkə də röyasinda görür səni
Telefonunu səssizə al
Evdəki aynani ikiyə böl
Səndən iki sən qalsın
ürəyini birinə, gözlərini birinə
Bir boş məzarda uzan yat
Bir az dən səp baş daşına
Sən o biri dünyanin yolunu öyrən
qoy quşlar bu biri dünyadan xəbər gətirsinlər
ürəyini alan adam
ayaqlarını basdıqca başdaşına diksinmə
özünü unut
qoy o da bu dünyada qalsın
tapşır ondakı ürəyin ağrıdıqca səssizcə ağrısın

***

ağaclar kəsilir pozulur meşə
ağ-appaq çiçəkli çıxmır bahara
doğranıb əllərdə köçür buradan
yeri bəlli deyil bilinmir hara

günəş gizlənibdi dağ dalısında
kölgəli ağaclar şaxtadan yanır
Aynalı baltalar girib meydana
bu səfər ağaclar qana boyanır

bu qoca ormanın dərdini belə
paylaşıb biriylə bölə bilmirəm
əzraillər vardır – biri nə boyda
qorxudan uzanib ölə bilmirəm

ağaclar əl-ələ versəydi bu gün
içinin öz qurdu özün yeməzdi
aslanlar yatağı olan ormanda
baltalar kökünü qıra bilməzdi

yanıb çatacaq yerdə susuzdan
yağışın yerinə daş yağacaqdır
belə gedəcəksə bizim şəhərdə
ağac inqilabı başlanacaqdır

özgə ocağında yanib kül oldu
baltaya dəstini satanlar da var
urmu öz duzuna qovrulan kimi
bəxtiyar tək hələ yatanlarda var

***

gecədir ulduzlar düşüb dənizə
dalğalar fırlanıb başına dönür
ay da göydən atır özün dənizə
bu gecə göylərin çırağı sönür

buludlar endikcə dəniz üstünə
havada qoxuyur yağiş nəğməsi
çaxnaşır buludlar hönkürtü salır
qalır qulağıma bir ana səsi

yağişlar buludun göz yaşlarıdır
onlarda insanın dərdin duyublar
bəlkə də buludlar anaymış allah
köçüb bu dünyadan bulud olublar

uzun bir məsafə milyon illərdir
dünyada fırlanır günün başına
bu boyda yer özü dərdin içində
düşən daşlar düşür bunun başına

gecədir ulduzlar köçür göylərə
dənizin özündə dalğa boğulur
məryəm sancı çəkir hələ içində
isa anasından təzə doğulur

Share: