“Üzülmə bir dənəm, adam ölər də”… – Bir şeirin tarixçəsi

Oxucuları maraqlandıran suallardan biri də budur ki, görəsən, şair sevilən şeirini kimə həsr edib, yaxud onu necə və harada yazıb.

Müstəqil.Az bildirir ki, Teleqraf.com-un “Bir şeirin tarixçəsi” layihəsinin budəfəki hekayәtçisi şair Əjdər Oldur.

O, cəmi bir bənddən ibarət olan məşhur “Mən gedər gəlməzdən qayıda bilsəm” şeiri haqda danışır:

“Əslində bu şeirimin əsası təxminən 20 yaşımda qoyulmuşdu. O yaşda həyatın mənası, doğuluş və ölüm haqda o qədər düşünmüşdüm ki, hətta depressiyaya da düşmüşdüm. İki ilə yaxın depressiyada oldum. Sonralar yavaş-yavaş ömrə məna kimi baxmağa başladım. Görünür, mən mənəvi ömürlə cismani ömrün fərqini ayırd edə bilmirmişəm.

Başa düşdüm ki, insanın əsas ömrü onun mənəvi ömrüdür. Cismani ömrün mənasını isə yaxınlarımı, doğmalarımı itirdikcə anladım. Hətta cismani ölümlə doğmalaşdım da.

Kitablarımdan biri “Gələcəkdə yaşayıram” adlanır. Yəni Adəmin, Həvvanın, Dədə Qorqudun gələcəyində yaşayırıq. Onların mənəvi ömrünün davamını görürük. Mənəviyyatda iz qoya biliriksə, cismani ömrümüz bitsə də, mənəvi ömrümüz davam edir. Cismani ölmək hələ son deyil.

Əvvəllər ölümə dəhşətli bir şey kimi baxırdım. Sonra gördüm ki, ölüm də bizə əzizdir. Belə bir şeir də yazmışdım ki, “Gah ölməkdən qorxuram, gah da ki, ölməməkdən”. Yəni ölməmək də dəhşətlidir. Təsəvvür elə sənin ətrafındakılar, övladların, yaxınların ölür, sən isə 500 il yaşayırsan, dünyada tək qalırsan. Bu, dəhşətlidir. Bir ömür insana bəs edir. O ömrün içində nəsə etməlisən. Bu qədər insan ömrünün həlqələri arasında sənin də ömrünün həlqəsi var. Əgər Adəmdən, Həvvadan başlayıb, Dədə Qorqudla, İmadəddin Nəsimiylə, Qara Qarayevlə, Ziya Bünyadovla davam edən bu mənəvi ömrün davamçılarına qoşula bilirsə, adam ölər də…

Mən təkcə öz ömrümə yox, Azərbaycana da, mənəvi dünyamızda olan insanların ömrünün davamına da min il sonradan baxa bilirəm. Biz keçmişə baxa bilirik. Çünki oxuyuruq, bilirik ki, nələr olub. Amma gələcəyi görə bilməsək də, gələcəkdən bu günə baxa bilirik. Bilirik ki, bir gün hər şey bitəcək. Hamımız şahid olmuşuq, bizim gözümüzün qabağında nə qədər tarixlər, tarixçələr, mədəni hadisələr, insan ömürləri başlayıb və bitib. Yaşadıqca xeyli tarixçənin başlayıb və bitməsini görürük. Bu da hər kəsə dərs olmalıdır.

Biz çiynimizi başqalarının tabutunun altına verəndə başa düşməliyik ki, adam ölər də… Burda qorxulu bir şey yoxdur, təbii haldır, mənəviyyat hadisəsidir. Bütün bunlar hamısı həyata sevgi oyadır, adamı ömrün mənasını bilməyə təlqin edir. Həmçinin insan güclü olur. İnsan öz gücünün fərqinə varanda həqiqətən də güclü olur. Bilir ki, nəyə qadirdir. Əgər bir insan gücü çatmayan yükün altına girirsə, mən bunu itirilmiş ömür adlandırıram. Çünki onun yükü qaldırmağa gücü çatmayacaq, əvəzində zamanını da itirəcək.

Həyat və həyatın gözəllikləri haqqında çox şeirlərim var. O şeirlərlə həyata bağlı olmağın vacibliyini təbliğ etmək istəmişəm. Həm də sanki öz yaşadıqlarımın mənasını işarələrə köçürtməyə çalışmışam.

Çox adam düşünür ki, bu şeirim yarımçıq şeirdir. Klassik ədəbiyyatda bir misralı şeirlər də var. Məsələn, mənim bir misra şeirim var: “Üzr istəmək də istəməkdir”.

Bu şeirim də elə bir bənd doğulub. İkinci, üçüncü bənd haqqında düşünməmişəm. Çünki adam şeir yazanda bilmir ki, şeir neçə bənd olacaq”.

Mən gedərgəlməzdən qayıda bilsəm,

dur çıx yol üstünə, gedən gələr də…

Mən gedərgəlməzdən dönməyib, ölsəm,

üzülmə birdənəm, adam ölər də…

Müəllif: Xəzər Süleymanlı

Share: