“Ölkədən 4 milyard oğurlamış Fazil xəstəliyə saldığı şairin xərclərini niyə ödəməsin ki?”

“Fazil Məmmədovu məhkəməyə verib əlli milyon təzminat tələb edəcəm”
“O, mənim ölümümə fərman vermişdisə də, mən hələ onun xəstəliyini nəzərə alıram, kəskin müsahibələr vermirəm, bilirəm ki, oxuyandan sonra onun üçün birfədəlik ola bilər…”
İki il beş ay həbsdə qaldıqdan sonra ölkə başçısının əfv fərmanı ilə azadlığa çıxan tanınmış şair Saday Şəkərli hələ də səhhətindəki problemlərlə üz-üzədir. Beş il müddətində azadlıqdan mərhum edilən şairin həm özü, həm də vəkilləri qeyd edirlər ki, o, keçmiş vergilər  naziri Fazil Məmmədovun sifarişi ilə həbs edilib. S.Şəkərli hazırda Rusiyada müalicə alır.
Sabiq vergilər naziri Fazil Məmmədovun Türkiyədə müalicə aldıqdan sonra Azərbaycana qayıtmasına S.Şəkərlinin cavabı gecikməyib.
Müstəqil. Az bildirir ki, S.Şəkərli Moderator.az-a açıqlamasında bildirib ki, sabiq nazir xəstəliyə saldığı şairin xərclərini ödəməlidir:
“Fazil Məmmədovun həbs elətdirib xəstəliklərə düçar etdiyi şair Rusiyada xəstəxanaları gəzir, əməliyyat olunmaq üçün pul tapmadığımdan vətənə qayıtmaq ərəfəsindəyəm. Fazil indi kimdir? Şair daha çox lazımdır bu millətə, yoxsa darğa? Ölkədən 4 milyard oğurlamış Fazil xəstəliyə saldığı şairin xərclərini niyə ödəməsin ki? Nə qədər ki, şairin könlünü alıb üzr istəməyib, onun sağalması müşkül məsələdir. Şairə toxunan bir kəsin cəzalandırılmadığını eşitməmişəm”.
Əməkdaşımızın “Fazil Məmmədova sözünüz varmı?” sualına isə S.Şəkərli bu cür cavab verib:
“Bəli, var. Əvvəla, onun yaşamasını istəyirəm. Yaşasın ki, xalqın ona püskürdüyü nifrətin şahidi olsun. Məhkəmədə demişdim axı, bütün nəslin, nəvə-nəticələrinədək lənətlənəcək. F.Məmmədov müsadirə etdirdiyi kitablarımı qaytarmalıdır, götürülmüş kompüterimdən silinmiş bir romanı və 500 şeiri bərpa etdirməlidir, sıradan çıxarılmış noutbukum yenilənməlidir, xəstəliklərimi müalicə etdirməlidir. Bunlara əməl etməsə, məhkəməyə müraciət etməli olacam və kompensasiya tələbi qaldıracam və əlli milyon təzminat tələb edəcəm. O, mənim ölümümə fərman vermişdisə də, mən hələ onun xəstəliyini nəzərə alıram, kəskin müsahibələr vermirəm, bilirəm ki, oxuyandan sonra onun üçün birfədəlik ola bilər. Mən isə, onun yaşamasını istədiyimi dilə gətirdim ki, əzabın nə olduğunu anlasın. Elə bilməsin ki, Azərbaycan məhkəmələri ilə işi bağlamaq olar, dünyada insan hüquqlarını təmin edən ali məhkəmələr var, bu gün yoxdursa, sabah var, qoy yaşasın”.
Müstəqil.Az
P.S
Müstəqil.Az Saday Şəkərlinin Fazil Məmmədova və onun simasında bütün korrusioner məmurlara, nazirlərə ünvanladığa “SƏN BİLMİRDİN?” şeirini yayınlayır:

Sən bilmirdin, əzəldən,
dünya ölüm-itimdi,
kim düşüncədən kasıb,
kim ağıldan yetimdi?

Nədən bitdin təzədən,
nədən bitib dirildin?
Dünya gecə-gündüzdü,
sən bilmirdin?
Bilirdin.

Sən bilmirdin, dünyanın,
tərəzisi, daşı var?
Çəkisi ölçülməyən,
bir dərya göz yaşı var?

Səndən ayrılanları,
özünə qaytarırsan,
sərnişinləri sərxoş,
bir payız qatarısan.

Sən bilmirdin, söz ömrü,
bir gündü, ya bir ildi,
buğlanır qır qazanı,
sən bilmirdin?
Bilirdin!

 

Share: