Əliyevin düşməni tir-tir titrədən Belarus səfəri: Ermənistana BÖYÜK ZƏRBƏ VƏ… – MÜSAHİBƏ

“Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanın mövqeyini müdafiə etməsi, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi analoqu olmayan siyasi mövqelərdən biridir. Bu mövqeyə görə Belarus prezidentinə təşəkkür etmək yerinə düşər”.

Bu sözləri  müsahibəsində politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Politoloq müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri və səfər çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenko ilə apardığı danışıqların əhəmiyyəti barədə danışıb. Həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş verən son hadisələrə toxunub.

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri iki ölkə arasındakı köklü diplomatik əlaqələrə nə kimi töhfələr verəcək?

– Bu səfər göstərdi ki, Belarusla Azərbaycan arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə qaldırılıb. Hətta İlham Əliyevin qeyd etdiyi kimi, belə münasibətlərin nəinki, MDB məkanında, heç dünya miqyasında da analoqu yoxdur. Hər iki ölkə rəhbərlərinin yaxın münasibətləri ölkələr arasındakı iqtisadi, siyasi, diplomatik, ticari münasibətləri daha yüksək səviyyəyə qaldıracaq. Xüsusən, Azərbaycanın hərbi sahədə Belarusla əməkdaşlığı, Belarusun çəkinmədən Azərbaycana silahlar satması bəzi ölkələrdə, ilk növbədə, düşmən Ermənistanda qıcıq reaksiyası yaradır. Bütün bunlara baxmayaraq, Belarus prezidenti Aleksandr Lukaşenko da bildirdi ki, iki ölkə arasındakı münasibətlər qardaş ölkə münasibətləri kimi durmadan inkişaf etdiriləcək. Bu yolda böyük əngəl törədəcək heç bir qüvvə ola bilməz.

Azərbaycan Belarusdan “Polonez” hava hücumundan müdafiə sistemi alıb. Onun yeni partiyasının yaxın gələcəkdə ölkəmizə gətirilməsi gözlənilir. Üstəlik Gəncədəki avtomobilqayırma zavodunda Belarus istehsalı olan avtomobillərin modifikasiyaları üzərində müxtəlif təyinatlı avtomobillər: ağır tonnajlı yük maşınları, zibilyığan maşınlar və s. istehsal olunur. Bunun nəticəsidir ki, iki ölkə arasındakı ticari əlaqələr son bir ildə 60 faizdən çox artıb.

– İlham Əliyevin Belarusa səfəri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni baş katibinin istefa verməsi və qaydalara uyğun olaraq baş katiblik postuna Belarus nümayəndəsinin təyin ediləcəyi məsələsi fonunda Ermənistanda ciddi narahatlığa səbəb olub. Bu narahatlığın əsası nədən ibarətdir?

– Ermənistanın nümayəndəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsində olarkən bir sıra təxribat xarakterli addımlar atmağa çalışdı. Rusiya qoşunlarını Azərbaycana qarşı yönləndirməyə cəhd göstərdi. Ancaq bu cəhdləri boşa çıxdı. Üstəlik də, vəzifəsindən istefa vermək məcburiyyətində oldu. Ermənistanın baş naziri Nikol Paşinyan baş katibin vəzifəsinin bitməsinə qalan son bir neçə ay üçün yeni nümayəndə təyin etmək istədi. Lakin bu niyyət təşkilatın Astana sammitində baş tutmadı. Növbəti mərhələdə bu məsələ Sankt-Peterburq şəhərində müzakirə ediləcək. Orada baş katiblik vəzifəsinə Belarus nümayəndəsinin təyin ediləcəyi gözlənilir. Belarus prezidentinin təyinat üçün üç namizədi var. Bu namizədlərdən biri də vaxtilə Bakıda hərbi təhsil alan və hazırda Belarusun Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışan Stanislav Zasdır. Ermənilər buna ciddi etiraz edirlər. Ancaq bütün hallarda, Lukaşenko ehtiyat tədbirləri görüb. Və bu məsələ Belarusun nümayəndəsinin baş katibliyə təyin edilməsi ilə başa çatacaq. Bu da Ermənistan üçün ciddi zərbədir. Birincisi, həmin yerdəki baş katib postunun erməni olması bu ölkəyə müəyyən imtiyazlar verirdi. İkincisi, erməni baş katib yerinə Belarus kimi dövlətlərarası münasibətlərə və beynəlxalq hüquqa hörmət edən dövlət gələcək. Ermənilər üçün bu əlverişsizdir. Azərbaycan üçünsə tam əksinə, olduqca əlverişli nəticədir.

– Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın küncə sıxışdırılması Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilə bilərmi?

– Sözsüz ki. Azərbaycan tərəfi bu məsələləri diqqətlə izləyirdi. Bunu prezidentimiz də söylədi. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammitini diqqətində saxlayırdı. Orada bu təşkilat üçün tərəfdaş və müşahidəçi statuslu yerlərin təsis edilməsi də Azərbaycanın mövqeyindən əhəmiyyətli sayılacaq hadisələrdəndir. Azərbaycan ola bilsin ki, müəyyən şərtlər daxilində həmin təşkilatda birbaşa yox, müşahidəçi qismində təmsil olunsun. Bu isə Ermənsitanı narahat edən faktordur.

– Bakının manevrləri və baş verənlər qarşısında əsəbləri tab gətirməyən, Nikol Paşinyan KTMT-yə görə “Nazarbayevlə Lukaşenkodan hesabat istəyəcəm” şəklində açıqlama verdi. Doğrudanmı, Paşinyan Lukaşenko və Nazarbayevdən hesabat tələb edə bilər, yoxsa bu addım daxili siyasətə hesablanıb?

– Nikol Pşainyan küçədən gəlmiş, kütlə psixologiyası ilə hərəkət edən və populizmə hesablanmış addımları ilə tanınan şəxsdir. O, çox istəyirdi ki, öz nümayəndəsini sözügedən təşkilatın baş katibliyi vəzifəsinə göndərə bilsin. Lakin istəyi həyata keçmədi və bundan sonra Lukaşenko və Nazarbayevin üzərində düşdü. Hətta belə bir iddia qaldırdı ki, bu iki şəxs Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanın lobbiçiliyini həyata keçirir. Bu iddia ilə təşkilat daxilində çaxnaşma yaratmağa çalışdı. Ancaq Lukaşenko ona layiqli şəkildə cavab verdi. Bildirdi ki, bu adam təşkilatdaxili problemlər yaratmağa çalışır. Beləlikə, Paşinyan bu polemikalardan məğlub çıxdı. Bu məğlubiyyət onun reytinqinə ciddi xələl gətirdi.

– Prezidentin Belarusa səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində qarşılıqlı Anlaşma Memorandumu imzalandı. Prezidentimiz isə bildirdi ki, bu memorandum gələcəkdə silah alış-verişinin növbəti partiyası üçün qarşılıqlı müqaviləyə çeviləcək. Ümumiyyətlə, bizim Belarusdan aldığımız silahlar ordumuza nə kimi üstünlüklər gətirir?

– Belarusdan aldığımız “Polonez” markalı havadan müdafiə sistemi Rusiyanın Ermənistana satdığı “İsgəndər” raket sistemi üçün birbaşa cavab reaksiyasıdır. Həmin raketləri yerindəcə məhv etmək potensialına malik olan “Polonez”lər Azərbaycanın havadan müdafiə olunması üçün çox əhəmiyyətlidir. Bundan başqa, Belarusdan “Smerç” markalı yaylım atəşləri almağa başlamışıq. Bu silah da çox qorxulu və döyüşlərdə düşmənin şəxsi heyəti və texnikasını məhv etmək sarıdan misilsiz imkanları olan bir silahdır. Azərbaycan “Katyuşa” tipli silahları da Belarusdan əldə edəcək. Bu da Azərbaycan Ordusunda analoqu olmayan silahların təchizatı baxımından əhəmiyyətlidir.

Share: